COP29 – QLOBAL İQLİM DƏYİŞİKLİYİNƏ QARŞI SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ PLATFORMASI

Son onilliklərdə planetimizdə müşahidə edilən iqlim dəyişiklikləri milli sərhədləri aşan qlobal problemə çevrilib. Problemin mənfi fəsadlarının səmərəli şəkildə aradan qaldırılması zərurəti isə beynəlxalq əməkdaşlığı zəruri edir. Koordinasiya edilmiş qlobal səylər, ilk növbədə, iqlim dəyişikliyinin yaratdığı fəsadları azaltmaq, onun nəticələrinə uyğunlaşmaq və ekoloji təmiz gələcəyi təmin etmək baxımından vacibdir.

İqlim dəyişikliyinin həllində beynəlxalq əməkdaşlığın vacib əhəmiyyət daşımasının əsas səbəblərindən biri də istixana qazları emissiyalarının yalnız kollektiv şəkildə azaldılması mümkünlüyüdür. Xatırlatmaq lazımdır ki, dünya ölkələri Paris İqlim Sazişi və digər beynəlxalq razılaşmalar vasitəsilə emissiyaları azaltmaq və aşağı karbonlu iqtisadiyyatlara keçid siyasətini həyata keçirmək öhdəliyi götürüblər.

2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan iqlim dəyişikliyi probleminin həllində beynəlxalq həmrəyliyi təşviq edir. Tədbir çərçivəsində respublikamız qlobal iqlim dəyişiklikləri, onun fəsadlarının müzakirəsi ilə yanaşı, bir çox önəmli qərarların qəbuluna da nail olmağı hədəfləyir. COP29 çərçivəsində iqlim dəyişikliyi ilə əlaqədar maliyyə, şəffaflıq hesabatlarının təqdim olunması və digər parametrlər nöqteyi-nəzərindən çox ciddi və önəmli qərarların qəbulu gözlənilir.

Tədbirə hazırlığı qısa müddətdə yüksək təşkilatçılıq və dinamizmlə həyata keçirən respublikamızın əsas məqsədlərindən biri COP29-un sədri olaraq dünya ölkələri arasında körpülərin, etimadın və həmrəyliyin qurulmasına nail olmaqdır. Prezident cənab İlham Əliyev bununla əlaqədar bildirib ki, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatının sədri olan və Avropa İttifaqı ölkələri ilə yaxşı əlaqələrə malik Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında iqlim dəyişikliyi mövzusunda həmrəyliyin gücləndirilməsi prosesinə sanballı töhfəsini verəcəkdir.

Qlobal iqlim dəyişiklikləri və ətraf mühitin deqradasiyası fonunda “yaşıl enerji”yə keçid imperativi dünya ölkələri üçün heç vaxt bu qədər aktual olmayıb. İlk növbədə ona görə ki, “yaşıl enerji” ətraf mühitə zərər verməyən resurslar hesabına təmin edilir, bununla da ekoloji cəhətdən təmiz hesab olunur. Dünya ölkələri üçün bərpa olunan enerji mənbələrinə keçid təkcə iqlim deyil, həm də milli təhlükəsizlik məsələsidir. Rusiya-Ukrayna müharibəsi kontekstində Avropa ölkələrinin təbii qaz və neftlə təminat baxımından üzləşdikləri problemlər bunu bir daha təsdiqləyib. Davam edən müharibə Avropanı alternativ mənbələrdən enerji idxalına daha çox diqqət yetirməyə sövq edir və Azərbaycan bu sırada Qərb üçün ilk yerlərdə mövqe tutan dövlətlər sırasındadır.

Ölkəmiz mineral mənşəli təbii ehtiyatların müxtəlifliyinə və kəmiyyətinə görə hazırda dünya liderləri cərgəsində yer alır. Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 QVt həcmindədir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt, o cümlədən külək enerjisi üzrə 3000, günəş enerjisi üzrə 23000, bioenerji potensialı 380, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bu kontekstdə respublikamız “yaşıl enerji” istehsalını artırmaq, ondan istifadə miqyasını genişləndirmək, eyni zamanda bu enerji növünün əsas ixracatçılarından birinə çevrilməyi hədəfləyir. 2023-cü ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanan Saziş bunun real göstəricisidir. Paralel olaraq hazırda elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, buradan isə Avropaya ixracı təşəbbüsləri müzakirə olunur.

Zəngin neft, qaz ehtiyatlarına malik olmasına rəğmən, Azərbaycan alternativ enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir. Bunun səbəblərindən biri də odur ki, ölkənin davamlı inkişafının ekoloji komponenti mühüm prioritet olaraq qalır. Azərbaycanın “yaşıl enerji”yə, “yaşıl iqtisadiyyat”a keçidi təkcə təbiəti xilas etmir, həm də təbii ehtiyatların istifadəsindən yaranan iqtisadi xərcləri azaldır. Bu isə öz növbəsində əhalinin həyat keyfiyyətini yüksəldən amillərdən biri hesab olunur.

Beləliklə, Azərbaycanın enerji müstəqilliyi təkcə ölkənin malik olduğu karbohidrogen ehtiyatları hesabına yoх, həm də qabaqcıl teхnologiyaya əsaslanan yeni mənbələr hesabına təmin olunur. Bu da enerji müstəqilliyi ilə bağlı həyata keçirilən siyasətin nə qədər dəqiq və əhatəli düşünüldüyünü, kompleks хarakter daşıdığını bir daha təsdiq edir.