Ermənistan Parlamentinin sədri Alen Simonyan son müsahibələrinin birində bir neçə etiraf edib. Onun birinci etirafı odur ki, Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda hərbi əməliyyat keçirib. Bu həm də onun etirafıdır ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq bütün dövlətlər üçün keçərli olan BMT qətnamələrinin yerinə yetirilməsini – ərazi bütövlüyünü təmin edib. Simonyan məhz bu səbəbdən dünyanın Ermənistana dəstək vermədiyini bildirib. Onun ikinci etirafı isə odur ki, Ermənistana və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər. Simonyanın fikrincə, Ermənistana və Azərbaycana düşmən münasibət bəsləyən dövlətlər bölgədə sülh istəmirlər.
Alen Simonyan “düşmən münasibət bəsləyən dövlətlər” cümləsini cəm şəklində işlədib, yəni söhbət sanki bir neçə dövlətdən gedir. Bir dövlətin adı Azərbaycana bəllidir – Fransa. Bu ölkə Ermənistanı silahlandırmaqla, eyni zamanda anti-Azərbaycan siyasətini davam etdirməklə sülh prosesini əngəlləməyə çalışır. Çünki sülh əldə olunarsa Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma prosesi başlayacaq. Bu isə Parisin maraqlarına cavab vermir. Ancaq Simonyan “düşmən ölkələr” dedikdə hər halda Fransanı nəzərdə tutmayıb. Fransa Ermənistanın strateji müttəfiqidir. Simonyan “düşmən ölkələr” deyərkən nə Fransa, nə ABŞ, nə də ki, İranı nəzərdə tutub. Ermənistanın bu 3 ölkə ilə sıx tərəfdaşlıq münasibətləri var. Ermənistan parlamentinin sədri Rusiyaya eyham vurub. O əvvəllər də Rusiyanı sərt tənqid edən fikirlər söyləyib. Simonyanın 3+3 platformasıyla bağlı səsləndirdiyi digər cümləsində də Rusiyaya eyham var: “Mən, açıq desəm, nə üçün mövcud olmuş və ya mövcud olandan başqa başqa formata ehtiyacımız olduğunu başa düşmürəm” – deyən Simonyan 3+3 platformasının əleyhinə olduğunu işarə vurub. Simonyan demək istəyib ki, Rusiyanın iştirak etdiyi format Ermənistanın maraqlarına cavab vermir.
Buna baxmayaraq, İrəvan istəsə belə Tbilisi kimi 3+3 formatından imtina etməyəcək. Çünki, bu İrəvanın açıq-aşkar qonşu dövlətlər olan Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda təhlükəsizlik sistemində yer almasının əleyhinə mövqeyi kimi qiymətləndiriləcək. İrəvan formatdan imtina etməklə riskə getməz. Orası da var ki, Alen Simonyan baş nazir Nikol Paşinyanın danışan dilidir. Paşinyan birbaşa söyləyə bilmədiklərini Simonyanın vasitəsilə səsləndirir. Demək, Paşinyanın da 3+3 formatına baxışı eynidir, prinsip belədir “formatın gələcəyinə inanmırıq, ancaq iştirak imtina etməyəcəyik”.