Multikulturalizm Mərkəzi treninq keçirib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi istiqamətində bir sıra layihələri uğurla həyata keçirməyə davam edir.  Bu kontekstdə  Quba Soyqırımı Memorial Kompleksi və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun müraciətinə əsasən, həmin qurumların əməkdaşları üçün treninq keçirilib.
Onlayn qaydada təşkil olunan treninq 7-11 oktyabr tarixlərini əhatə edib. Treninq çərçivəsində  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, BBMM-in İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri  Yadigar Məmmədli,  Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Azərbaycan Tarix Muzeyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Əli Fərhadov, Azərbaycan Dillər Universitetinin Fəlsəfə və  ictimai elmlər kafedrasını müəllimi Leyla Hacıyeva, Mərkəzin baş məsləhətçisi Araz Qurbanov, aparıcı məsləhətçi Billurə Aslanova, məsləhətçi Tahirə Ələsgərova mühazirə oxuyublar. İştirakçılara “Azərbaycan multikulturalizmi fənninin predimeti və əhəmiyyəti”, “Dünya ölkələrində multikulturalizm modelləri”, “Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları”, “Çoxkonfessiyalıq və Azərbaycan Respublikasının multikulturalizm siyasəti”, “Azərbaycançılıq və multikulturalizm”, “Müasir dövrdə Azərbaycanda multikulturalizm” və digər mövzularda mühazirələr təqdim edilib.
Treninq zamanı geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda treninqi uğurla başa vuran iştirakçılara  sertifikatlar təqdim olunub.

http://multikulturalizm.gov.az/az/post/2833/multikulturalizm-merkezi-treninq-kecirib.html