Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Avropaya 9,4 milyard kubmetr təbii qaz ixrac edib.
2023-cü ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz satışı 0,8 milyard kubmetr və ya 9,3 % artıb.
Azərbaycandan xaricə qaz satışı ümumilikdə 18,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 4,2 % çoxdur.
Azərbaycandan Türkiyəyə qaz ixracı 0,2 milyard kubmetr (2,7 %) azalaraq 7,3 milyard kubmetrə enib, Gürcüstana isə eyni həcmdə yəni 1,7 milyard kubmetr qaz satılıb.
Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 4,2 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 2,33 % azdır.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Cari ildə Azərbaycan Avropaya qaz ixracını 9 %-dən çox artırıb