907-ci düzəlişin tarixçəsi: qəbulu və dondurulması
6 avqust 1992-ci ildə ABŞ Konqresi SSRİ-in dağılmasından sonra Rusiya və yeni müstəqil digər dövlətlərdə demokratik idarəetmə və azad bazar iqtisadiyyatına keçidi sürətləndirmək məqsədilə Azadlığa Dəstək Aktı (Freedom Support Act) sənəd qəbul etdi. Sonradan sənədə humanitar, təhlükəsizlik və terrorizmlə mübarizə kimi əlavə istiqamətlər də daxil edilmişdir.
Maraqlıdır ki, elə həmin il bir neçə ay sonra – oktyabrın 24-də Konqres bu qanuna düzəliş edərək ABŞ-ın hər hansı formada Azərbaycan hökumətinə birbaşa yardımını qadağan edib. 907-ci düzəliş (Section 907) kimi tanınan bu müddəa Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistana və Dağlıq Qarabağa qarşı iqtisadi blokada tətbiq etməsini əsas gətirərək ABŞ-dakı erməni diasporu və onların təsirli lobbi təşkilatlarının təşəbbüsü ilə qəbul edilmiş, bunun sayəsində Azərbaycan ABŞ-nin post-sovet məkanında yardım və dəstəyini birbaşa qəbul edə bilməyən yeganə dövlətə çevrilmişdir.
Doğrudur, zaman-zaman ABŞ rəhbərliyi öz xarici siyasi maraqları naminə bu müddəanın tətbiqində dəyişikliklər etmişdir. Xüsusilə 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Vaşinqtonun terrora qarşı qlobal müharibəsində, xüsusilə Əfqanıstandakı hərbi əməliyyatları çərçivəsində ABŞ-nin strateji əhəmiyyəti artan Azərbaycana ehtiyacının artması ilə 907-ci düzəliş ilk dəfə 2002-ci ildə donduruldu. Daha sonrakı illərdə Corc Buş, Barak Obama, Donald Tramp və Cozef Bayden administrasiyaları hər il bu düzəlişi dondurmağa davam etdiriblər. Heç vaxt ləğv edilməmiş bu maddə həmin dövrdən etibarən hər il dondurulmuş, bu da ABŞ administrasiyalarının Azərbaycanla hərtərəfli, əsasən də hərbi sahədə əməkdaşlıq etməsində maneələri müvəqqəti olaraq sıradan çıxarmışdır.
2023-cü ilin payızında ABŞ Konqresinin yuxarı palatasında “Erməniləri Müdafiə Aktı” (Armenian Protection Act) adı ilə qəbul edilmiş sənəd də 2024-2025-ci illər üçün Azərbaycana ABŞ yardımını və hətta onun Prezident tərəfindən yuxarıda təsvir olunduğu qaydada dondurulmasını qadağan edir.
907-ci düzəliş hələ də aktualdırmı?
907-ci düzəliş ABŞ-Azərbaycan əlaqələrində və onların daha da yüksək səviyyəyə qaldırılmasında ən problemli məsələlərdən biri olub. Son 2 onillikdə karbohidrogen gəlirləri sayəsində iqtisadiyyatını inkişaf etdirmiş Azərbaycanın maddi olaraq yuxarıda adı çəkilən akta və ABŞ-nin birbaşa maliyyə yardımlarına ehtiyacı xeyli azalıb. Bununla belə, müddəanın Damokl qılınc kimi bu əlaqələrin üzərində asılı qalması həm simvolik, həm də praktik baxımından maneələr yaradır və ümumiyyətlə Azərbaycan cəmiyyətində çox ədalətsiz və ikili standartların bir nümunəsi hesab edilir.
Nəzərə almaq lazımdır ki, düzəlişin qəbul edilməsindən artıq 30 ildən çox vaxt keçib və vaxtilə onun qəbul olunduğu kontekst – Qarabağ münaqişəsi tarixin yaddaşına qovuşaraq, bu müddəanı anaxronizmə çevirib; başqa sözlə 907-ci düzəliş öz aktuallığını itirmiş sayılmalıdır. Bununla belə, onun saxlanılması Azərbaycana qarşı təzyiq vasitəsi olmaqla yanaşı Bakıda da Vaşinqtona qarşı etimadsızlığı gücləndirir və erməni lobbisinin ABŞ-nin xarici siyasəti üzərindəki təsirini göstərir. Bu cür yanaşma sanki Cənubi Qafqazı ABŞ prizmasından “özününkülər” və “digərləri” olmaqla 2 yerə bölür və Azərbaycanı düzgün kateqoriyalaşdırmamaqla Vaşinqtonun öz milli maraqlarına zərbə vurur. Eyni zamanda hər il bu ədalətsiz düzəlişi müzakirə etmək və dondurulmasını təmin etmək üçün Bakının əlavə resurs və enerji xərcləməsinə səbəb olur.
Azərbaycan-Ermənistan sülh prosesi və 907-ci düzəlişin ləğvi
ABŞ qanunvericiliyi çərçivəsində bir müddəaya xitam verilməsi bir çox hallarda onun qəbulundan daha mürəkkəb olsa da, 907-ci düzəlişin yenidən dondurulması və ya tamamilə ləğvi ilə bağlı yeni addımlar atıla bilər.
Bu istiqamətdə ən effektiv addımlardan biri 907-ci düzəlişin ləğvi ilə bağlı ortaq səylərin Azərbaycan-Ermənistan sülh danışıqlarına və hətta sülh müqaviləsinin mətnin daxil edilməsi ola bilər. Yuxarıda da qeyd olunduğu kimi, vaxtilə sözügedən müddət məhz Ermənistana qarşı Azərbaycanın addımlarını (blokada) əsas gətirərək qəbul edilmişdi. Sülh prosesi zamanı dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və barışığı sürətləndirmək məqsədilə İrəvan təkcə və ya Bakı ilə birlikdə həm ABŞ rəhbərliyinə, həm də ABŞ-da effektiv olan erməni lobbi təşkilatlarına 907-ci düzəlişin aradan götürülməsi ilə bağlı müraciət edə bilər. Rəsmi İrəvanın bu qurumlara effektiv təsiri çox olmasa da, belə bir addım həm böyük rəmzi məna daşıyar, həm də ABŞ-dakı ermənipərəst qüvvələrin Azərbaycan əleyhinə yaydıqları arqument və təbliğatları zəiflədə bilər.
Qeyd etmək lazımdır ki, son 1-2 ildə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan və Ermənistan artıq əməkdaşlıq etmiş və bu əməkdaşlıq müsbət nəticələr vermişdir: 2023-cü ilin sonlarında Ermənistanın COP29 beynəlxalq tədbirinə ev sahibliyi etmək ilə bağlı namizədliyi geri götürərək Azərbaycanın namizədliyini dəstəkləməsi xatırlana bilər. Sözügedən proses iki dövlət arasında əsirlərin mübadiləsi ilə müşayiət olunmuşdu.
Bundan başqa, Azərbaycan Ermənistana ATƏT-in Minsk Qrupunun da ləğv edilməsi üçün birgə müraciətə dəvət edib. Bu xüsusi orqan 1990-cı illərdə Azərbaycan və Ermənistan arasında danışıqlara vasitəçilik səyləri və Qarabağ münaqişəsinin həlli istiqamətində təkliflər təqdim etmək məqsədilə yaradılmışdı. Son bir neçə ildə, xüsusilə 2020-ci il müharibəsindən sonra Minsk Qrupu faktiki fəaliyyət göstərmir və Cənubi Qafqazın geosiyasi mənzərəsində heç bir aktuallığa malik deyil.
Eynilə, 907-ci düzəliş də artıq aktual deyil və Azərbaycan ilə Ermənistan arasında düşmənçiliyin bitməsi naminə onun ləğvi məntiqli addım olardı. Rəsmi İrəvan da bu maddənin ləğvinə dəstək verməklə xoş niyyətini göstərə və regionda uzunmüddətli sülhün və sabitliyin güclənməsinə yardım edə bilər.