RUSİYA VƏ AZƏRBAYCAN MARAQLAR BALANSINI HƏR ZAMAN TAPIR

Rusiya Prezidenti Vladimir Putin 2018-ci ilin sentyabrında Bakıya etdiyi səfərdən sonra yenidən Azərbaycana gəlib. Hazırki gəliş dövlət səfəri formatındadır və bu, dövlətlərarası münasibətlərin mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulduğunu, tərəflərin hər zaman maraqlar balansı axtardığını və onu tapdığını göstərir. Bu səfər Rusiya-Azərbaycan əlaqələrinin əhəmiyyətini bir daha vurğulayır və ölkələrimizin  iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirməyə çalışdığını göstərir.

Uzunəsrlik tarixi əlaqələr ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə ardıcıl inkişafına töhfə verir. Rusiya və Azərbaycan əlaqələrin inkişafından çox razıdır və 2022-ci ilin fevralında Kremldə imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ölkələrimiz arasında əsas siyasi sənəddir və ikitərəfli münasibətlərin ardıcıl inkişafını müəyyən etməyə imkan verir.

Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksək səviyyəsi ilə seçilib. Müstəqillik dövründə ölkələrimiz arasında müşahidə edilən bəzi gərginliklər əsasən dövlət başçılarının müdrik qərarları sayəsində həll olunub. Yüksək siyasi əlaqələr iqtisadi müstəvidə əməkdaşlığın inkişafına geniş imkanlar yaradıb. Əmtəə dövriyyəsi artıb və artıq 4 milyard dollardan çoxdur. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası isə 6 milyard dollar təşkil edir. Hökumətlərarası komissiya fəal işləyir, iqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqamətləri var.

Azərbaycanla-Rusiya arasında nəqliyyat komponenti önəmli rola malikdir. Ölkələrimizin xüsusi diqqət göstərdiyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. Bundan başqa, Rusiya Orta dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizinin də açılmasına ciddi maraq göstərir. Lakin Ermənistanın qeyri-kostruktiv yanaşması ucbatından dəhliz hələ də fəaliyyətə başlamayıb. Ermənistan Rusiyanın dəhlizin təhlükəsizliyini təmin etməsinə icazə vermir.

Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri Ukrayna ilə müharibənin ən qızğın fazasına təsadüf edir. Bu baxımdan səfər çərçivəsində qlobal və regional təhlükəsizlik məsələlərinin də müzakirə olunacağı gözləniləndir. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkə kimi qalmaq istəyir. Bu baxımdan onun tərəfdaşlara ehtiyacı var. Azərbaycan isə qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, anlaşmanın möhkəmləndirilməsinə etiraz etmir.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Moskva Qərbin geniş sanksiyaları ilə üzləşib. Öz növbəsində Rusiya Avropaya qaz ixracını dayandırıb. Bu hadisədən sonra Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı razılaşmaya əsasən Avropa ölkələrinə daha çox qazın nəql edilməsinə qərar verilib. Vladimir Putinin Azərbaycana hazırkı səfəri enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi ehtimalını gündəmə gətirir. Belə ki, Rusiya qazının Azərbaycana nəqli, əvəzində Avropaya nəql olunan Azərbaycan qazının həcminin artırılması əsas müzakirə mövzularından biri ola bilər.

Rusiya Azərbaycan-Ermənistan sülh prosesində mövqeyini möhkəmləndirməyə çalışır. Moskva bu prosesin yalnız Qərbin monopoliyasına keçməsini istəmir. Kreml Ermənistan hakimiyyətinin anti-Rusiya siyasətindən narazıdır və İrəvan adminstrasiyasının bir çox bəhanələr gətirərək Qərbə üz tutmasını, NATO ölkələrini Ermənistana gətirməsini xoş qarşılamır. Digər tərəfdən Rusiya Prezidenti Vladimir Putin bu ölkəyə getmir, çünki Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını yerinə yetirmək barədə razılaşmaların üzvüdür və məhkəmə ötən il Rusiya prezidentinin həbsinə order verib. Bu baxımdan hazırki səfər Rusiyanın regiona olan marağını təsdiqləmək məqsədi daşıdığını deməyə əsas verir.