Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin şərtlərinin razılaşdırılması məqsədilə aparılan danışıqlar getdikcə daha nəticəyönümlü xarakter daşımağa başlayır. Proseslərin gedişi göstərir ki, tərəflər konkret məsələlər üzrə ziddiyyətli yanaşmaların aradan qaldırlmasında ikitərəfli danışıqlar əsasında daha tez ortaq məxrəcə gələ bilirlər. Bütün bunların nəticəsidir ki, sülh sazişinin mətnin böyük hissəsi razılaşdırılıb. Lakin yekun nəticə üçün bəzi məsələlər də həllini tapmalıdır və onların həlli məqsədilə Ermənistan qətiyyət nümayiş etdirməlidir.
Sözügedən ölkə bəzi məqamlar üzrə hüquqazidd davranış sərgilədiyindən sülh müqaviləsinin imzalanması gecikir. Ötən zaman isə göstərir ki, belə davranış daha çox Ermənistanın özünə zərər vurur. Elə bu səbəbdən rəsmi İrəvan sülh mətnində əvvəllər qəbul etmədiyi məqamların bir çoxu ilə bağlı vaxt ötdükcə mövqeyini dəyişib.
Hazırda sülh mətninin razılaşdırılmasında iki başlıca maneə mövcuddur. Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda ona ünvanlanan sualları cavablandırarkən həmin məqamlara bir daha aydınlıq gətirib. Dövlət başçısı qeyd edib ki, burada hazırda iki məsələ var: “Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin… Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir…Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil”.
Azərbaycan Ermənistan konstitusiyasında dəyişikliklər məsələsini qaldırmaqla heç də bu ölkənin daxili işlərinə müdaxilə etmək niyyətində olmadığını ən yüksək səviyyədə bəyan edib. Lakin bu ölkənin ən ali qanununda Azərbaycana qarşı ərazi iddiasının yer alması ilə ölkəmiz barışa bilməz. Minsk qrupunun ləğvinə gəlincə, Azərbaycanın yenə bu məsələdə haqlı olduğunu Ermənistanda qəbul edənlərin sayı kifayət qədərdir. Ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra Minsk qrupunun fəaliyyətini davam etdirməsi üçün heç bir səbəb qalmayıb. Bu səbəbdən Azərbaycanın onun ləğvini tələb etməsi tamamilə haqlı və məntiqli tələbdir.
Qeyd olunmalıdır ki, ATƏT daxilində qərarlar konsensus şəklində qəbul olunduğundan Minsk qrupunun ləğvi məqsədilə Ermənistanın da müvafiq mövqe sərgiləməsi vacibdir.
Proseslərin gedişi göstərir ki, Azərbaycanın haqlı yanaşmasını nəzərə alaraq, Ermənistanın yaxın günlərdə Minsk qrupunun ləğvi üçün ölkəmizlə birlikdə ATƏT-ə birgə müraciət etməsi istisnalıq təşkil etmir. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin açıqlaması da təsdiq edir. Qurum bildirir ki, Ermənistan tərəfi Minsk prosesinin davam etdirilməsi məsələsinə münasibətlərin hərtərəfli nizamlanması və hər şeydən əvvəl sülh müqaviləsinin bağlanması kontekstində baxa bilər. Bu da o deməkdir ki, Minsk qrupunun ləğvi məsləsində Ermənistan Azərbaycanın yanaşmasını qəbul etməyə meyllidir.
İrəvan nəzərə almalıdır ki, bu qrupun fəaliyyəti daha mümkün deyil. Əvvəla, Azərbaycan nə vaxtsa həmin qrupun fəaliyyətini bərpa etməsinə imkan verməz. İkincisi də, Minsk qrupunda təmsil olunan ölkələr arasında münasibətlər düşmənçilik həddinə çatıb. Bu kontekstdə sözügedən üç ölkənin yaxın perspektivdə birgə fəaliyyəti ümumiyyətlə, mümkün görünmür. Bu da Minsk qrupunun ləğvinin tezləşdirilməsini diqtə edən əsas məqamlardan biridir.