Bu günlərdə Amerikadan Ermənistana gələn hərbi təyyarələr bu ilin aprelində Brüsseldə keçirilən Avropa İttifaqı-Ermənistan-Amerika üçlüyünün imzaladığı yardım sazişinin məxfi əlavəsinin də olduğunu təsdiqlədi. ABŞ adminstrasiyası bu hadisəyə heç bir açıqlama vermədi, lakin aydındır ki, ABŞ da Ermənistanın silahlandırılmasına başlayıb. Bütün bunlar bir daha Qərbin, həmçinin Birləşmiş Ştatların ölkəmizə münasibətdə səmimi olmadığını göstərir. Elə bu yaxınlarda Şuşada keçirilən ikinci Qlobal Media Forumunda Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasına toxunaraq bildirdi ki, Azərbaycan onlara lazım olanda “yaxşı adam, yaxşı ölkə” olur. Lakin “onların sizə ehtiyacı olmayanda nəinki sizə biganə yanaşırlar, hətta sanksiyalar tətbiq edirlər”.
Dövlət başçısı bu sözləri deyərkən 2001-ci ildə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasında Azərbaycanın iştirakını nəzərdə tuturdu. Həmin il sentyabrın 11-də Osama Bin Ladenin tərəfdarları sərnişin təyyarələrini qaçırıb Nyu-Yorku və Vaşinqtonu döyüş meydanına çevirəndə təkcə Amerikanın yox, həm də bütün dünyanın taleyi dəyişmişdi. Həmin vaxtlar bütün dünyanı ancaq bu suala cavab maraqlandırırdı. Terrorizmdən necə qorunmalı? Dəhşətli terror hadisəsindən sonra formalaşan yeni Amerika maraqları sırasında Azərbaycan öncül yerlərdə idi. Əfqanıstanla Yaxın Şərq arasında strateji məntəqədə yerləşən Azərbaycan bu bölgədə terrorizmə qarşı müharibədə əsas funksiyanı yerinə yetirə bilərdi və beləcə, Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ın əsas müttəfiqlərindən birinə çevrildi. 2001-ci il hadisələri Amerika üçün sınaq dövrü oldu. Dostları tanımaq üçün yaxşı fürsət yaranmışdı.
Elə həmin dövrdə çoxdandır ikitərəfli münasibətlərdə böyük maneəyə çevrilən 907-ci düzəliş yenidən gündəmə gəldi. 1992-ci ildə birinci Qarabağ müharibəsinin ən kəskin fazasında, Azərbaycan torpaqları işğal ediləndə, 1 milyona yaxın insan öz ev-eşiyindən didərgin düşəndə erməni lobbisinin təhriki ilə Amerika Konqresində qəbul edilən bədnam 907-ci düzəliş Birləşmiş Ştatların terororizmə qarşı mübarizədə Azərbaycanın imkanlarından istifadə etməsinə əngəl yaradırdı. Çünki həmin düzəliş ABŞ-ın Azərbaycana bütün yardımlarını qadağan edirdi və buna səbəb olan amil guya Azərbaycanın Ermənistanı blokadaya salması idi. Əlbəttə ki, erməni lobbisi bu saxtarkarlığa amerikalı konqresmenləri inandıra bilmişdi. Əslində isə blokadaya salınan, soyqırıma məruz qalan Azərbaycan xalqı idi və bütün bunlar Ermənistanın hərbi cinayətləri sayəsində mümkün olmuşdu. Ona görə də çox keçmədi ki, bu qanunvericilik sənədi Azərbaycanda “Azadlığı İnkar Aktı” kimi tanındı. O vaxtlar Azərbaycan hakimiyyəti düzəlişin aradan qaldırılması xahişi ilə Ağ Evdə, Milli Təhlükəsizlik Şurasında, Senatda, Konqresdə müxtəlif qapıları döyürdü. Lakin onlar Azərbaycanın səsini eşitmək istəmirdilər və onlar hesab edirdilər ki, Azərbaycan ermənilərlə daha nəzakətli davranmalıdır.
Amma 2001-ci ildə beynəlxalq münasibətlərdə yaranmış yeni reallıq mühüm bir məsələyə təcili münasibət bildirməyi tələb edirdi. Azadlığı Müdafiə Aktının 907-ci Bölməsinin Birləşmiş Ştatların milli təhlükəsizlik maraqlarına zidd olduğuna şübhə yox idi. Dövlət Departamentinin səyləri ilə Konqres yeni akt qəbul etdi. Prezidentə hər il 907-ci Bölmənin qüvvəsini dondurmaq hüququ verildi. Lakin ona qədər 907-ci düzəliş Amerika siyasətini ermənilərin xeyrinə yönəltmişdi. Təsadüfi deyil ki, 907-ci düzəlişin müəllifi Con Kerri də Ermənistanla dostluq qrupunun əsas ideoloqlarından idi və o, sonralar ABŞ-ın dövlət katibi səviyyəsinə qədər yüksəldi. Düzəlişin müəlliflərindən biri də senator Dennis De-Konsini idi. Arizonalı demokrat 1994-ci ildə istefa verdi və istefasından dərhal sonra ictimai şəkildə etiraf etdi ki, “907” yanlış addım olub, “daha ağıllı və ədalətli hərəkət” Azərbaycana heç olmasa humanitar yardıma yol vermək olardı. Ancaq ermənipərəst konqresmenlər Nənsi Pelozi, Con Porter, Co Nollenberq, Frənk Vulf bu cür bəyanatları kəskin tənqid edir, hətta idianalı demokrat Piter Viskloski deyirdi ki, “Hər gün çörək aldığım adam ermənidir. Süd aldığım qadın ermənidir. Hətta bərbərim belə ermənidir”.
Üstündən illər keçəndən sonra Amerikanın başçılıq etdiyi NATO koalisiyasının Əfqanıstanı biabırcasına tərk etməsi, yalnız Azərbaycan və Türkiyə sülhməramlılarının son qədər öz xidməti vəzifələrini layiqincə yerinə yetirməsi tərəfdaşlıq məsələsində ölkəmizin ləyaqətini ortaya qoydu. Ona qədər vaxtaşırı Bakıya gələn yüksək rütbəli Amerika məmurları, nəqliyyat komandanlığı, Müdafiə Nazirliyinin rəsmiləri Azərbaycana minnətdarlıq ifadə edən bəyanatlar verirdilər. Ancaq Əfqanıstanda missiya başa çatdıqdan sonra 907-ci düzəliş yenidən bərpa olundu. Üzərindən 31 il keçəndən sonra ABŞ Senatı yenə köhnə missiyasına qayıtdı. Prezident Co Bayden “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum olundu. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur. Bu sənəd Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına da icazə verir. Lakin onlar unudur ki, ermənilərin Qarabağda başlatdığı qanlı müharibənin gedişində qəbul olunan 907-ci düzəlişi Azərbaycanda indi heç kim xatırlamır. Ona görə ki, artıq Azərbaycanın hər hansı xarici yardıma ehtiyacı yoxdur. Əgər Azərbaycan 90-cı illərin əvvəlindəki çətin vaxtlarda bu yardım olmadan ayaqda dura bilmişdisə indi bu cür sanksiyalar heç bir işə yaramır.