Azərbaycan davamlı iqtisadi artım yolunda konkret nəticələr əldə edilməsinə hesablanmış strategiyasını böyük uğurla həyata keçirməkdədir. Bunu şərtləndirən başlıca səbəblərdən biri odur ki, ölkənin iqtisadi inkişafı üçün həyata keçirilən bütün layihələr və təşəbbüslər, müvafiq proqramlar dəqiq hesablamalara və araşdırmalara əsaslanır. Ümumiyyətlə, iqtisadiyyatda ən müxtəlif sahələrində sistemli iş bütün məsələlərin effektiv həllinə imkan verir, Azərbaycanın nailiyyətlərini artırır.
Ölkəmizdə belə bir yanaşma da hakimdir ki, hər bir vətəndaş mütərəqqi iqtisadi inkişafın bəhrələrini öz həyatında hiss etməlidir. Vətəndaşların mənafeyinin qorunması və ehtiyaclarının qarşılanması dövlətin iqtisadi siyasətinin prioritetləri sırasında yer alır. Ədalətli və firavan cəmiyyət yolunda siyasi modernləşməyə əsaslanan iqtisadi transformasiyalar cəmiyyətin həyat keyfiyyətinə mühüm təsir göstərir.
Bütün bunlar o fonda baş verir ki, dünya miqyasında yaşanan gərginliklər qlobal iqtisadiyyata da öz mənfi təsirini göstərir. Beynəlxalq hərbi münaqişələr, resurslar üçün güclənən qlobal rəqabət, iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi problemləri bu gün dünyanın bir çox ölkələrini ciddi çətinliklər qarşısında qoyub.
Belə şəraitdə Azərbaycanın həyata keçirdiyi sosial-iqtisadi kurs ölkəyə çoxsaylı uğurlar qazandırır. Bunu təsdiqləyən məqamlar sırasında makroiqtisadi göstəricilərlə yanaşı, xarici ticarətdə Azərbaycanın əldə etdiyi nailiyyətlərdir.
Artıq uzun illərdir ki, Azərbaycan xarici ticarətində müsbət saldo qeydə alınır və cari ilin ilk yarısında da tendensiya dəyişməyib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin ilk altı ayında ölkənin xarici ticarət dövriyyəsi 22 milyard 169,2 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 13 milyard 302 milyon dolları ixracın, 8 milyard 867,2 milyon dolları isə idxalın payına düşüb. Özü də idxalda 6.7 faiz azalma qeydə alınıb. Araşdırmalar göstərir ki, hesabat dövrü ərzində Azərbaycan dünyanın 168 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış məlumatların təhlili cari ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsində 4 milyard 434,8 milyon ABŞ dollar məbləğində müsbət saldo yarandığını göstərir.
Azərbaycanı ixracında karbohidrogen resursları əsas yer tutsa da, digər məhsulların da xüsusi çəkisi artmaqda davam edir. Hesablamalara əsasən, bu ilin ilk yeddi ayı ərzində ölkədə təbii qaz hasilatı 5 faiz artaraq 29,5 milyard kubmetr olub. Həmin dövrdə xaricə qaz satışı 14,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 5,7 faiz çoxdur. Azərbaycan qazının idxalında ən böyük pay sahibi Avropa ölkələridir. Cari ilin yanvar-iyul aylarında Avropaya təqribən 7,5 milyard kubmetr, Türkiyəyə 5,8 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Digər ölkələrə qaz satışı sabit qalsa da, Avropaya ixrac olunan qazın həcmi 13,6 faiz artıb.
Hesabat dövründə kondensatla birlikdə Azərbaycanda 16,9 milyon ton neft hasil edilib. Həmin dövrdə kondensatla birlikdə 14,1 milyon ton neft ixraca yönləndirilib. Yaxın tezlikdə Azərbaycan “yaşıl enerji”nin də ixracına start verəcək. Belə ki, Azərbaycanın təşəbbüskarı olduğu Qara dənizin dibi ilə keçən “yaşıl enerji” kabelinin tikintisi layihəsinin iqtisadi və texniki cəhətdən səmərəliliyi artıq təsdiqlənib. Təbii ki, “yaşıl enerji”nin də ixracına başlanılacağı və müvafiq həcmlərin artacağı da nəzərə alınarsa, bu, perspektivdə Azərbaycanın xarici ticarətdə daha güclü mövqe sahibi olmasına əlavə töhfə olacaq.
Enerji sektoru ilə yanaşı, qeyri-neft/qaz sahəsində də Azərbaycanda istehsal və ixrac həcmi artır. Qeyd edilməlidir ki, cari ilin yanvar-iyul aylarında ölkədə 70 milyard 544 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. Hazırda Azərbaycan üçün əsas məsələ qeyri-neft/qaz sahəsində istehsal və ixrac həcmini artırmağa nail olmaqdır. Bu istiqamətdə atılan müvafiq addımlar Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində mövqeyini daha da gücləndirməyə xidmət edir. Eyni zamanda bu hal Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsində də özünəməxsus rol oynayır.