AZƏRBAYCANIN DAHA BİR AFRİKA ÖLKƏSİ İLƏ MÜNASİBƏTLƏRİ DİNAMİK İNKİŞAF MƏRHƏSLƏSİNƏ DAXİL OLUR

Azərbaycanla müxtəlif Afrika dövlətləri arasında dinamik şəkildə inkişaf edən münasibətlər bütün iştirakçı tərəflərin maraqlarına cavab verməklə yanaşı, qlobal miqyasda da mühüm təsirlərə malikdir. İlk növbədə o baxımdan ki, qurulan sıx əlaqələr strateji tərəfdaşlıq şəbəkələri yaratmağa və mövcud mürəkkəb geosiyasi şəraitdə qarşılıqlı faydalı münasibətləri qorumağa imkan verir. Bu, həm də çoxqütblü dünya nizamının formalaşmasına ciddi şəkildə təsir edir.
Afrika dövlətlərinin çətin beynəlxalq vəziyyətdə Azərbaycanla fəal əməkdaşlıq etmək istəyini şərtləndirən digər çoxsaylı səbəblər də mövcuddur. Məsələn, Azərbaycan və Afrika arasındakı əməkdaşlığa rəvac verən məqamlardan biri rəsmi Bakının bu qitədə yer alan dövlətlərin bir çoxunun səsini dünya ictimaiyyətinə çatdırmasıdır.
Eyni zamanda Azərbaycanın cəsarətli addımları, haqsız mövqedə dayanan ölkələri statusundan asılı olmayaraq, davamlı şəkildə ifşa etməsi də Afrikada rəğbət və alqışla qarşılanır. Fransanın Afrikanı da əhatə edən müstəmləkəçilik siyasətinə qarşı sərgilənən mövqe qeyd edilənlərə əyani misal kimi göstərilə bilər. Sözgüdən məsələyə Prezident İlham Əliyev Burkina Fasonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin etimadnaməsini qəbul edərkən toxunub. Dövlət başçısı Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğulayaraq, ölkəmizin bu dövrdə xüsusi diqqət yetirdiyi mövzulardan birinin də müstəmləkəçilik, neomüstəmləkəçilik və bununla mübarizə məsələsinin olduğunu bildirib. Bu xüsusda Fransanın həyata keçirdiyi neomüstəmləkəçilik siyasətinin ikrah hissi doğurduğunu qeyd edən dövlət başçısı Azərbaycanın bu siyasətə qarşı öz səsini ucaltdığını və qanlı müstəmləkəçilik tarixi olan Fransanın bu gün də əsarət altında saxladığı xalqlara müstəqillik, azadlıq tələb etdiyini vurğulayıb.
Burkina Faso da uzun illər ərzində Fransanın kolonializm siyasətindən əziyyət çəkən ölkələr sırasında yer alıb. Lakin 2022-ci ildə Burkina Fasoda hakimiyyət dəyişikliyindən sonra Fransa müstəmləkəçiliyinə son qoyulması üçün qətiyyətli addımlar atılıb və buradakı fransız qoşunlarının ölkədən çıxarılması təmin olunub. Şübhəsiz ki, bu prosesə Azərbaycanın liderliyi ilə Fransa müstəmləkəçiliyinə qarşı aparılan mübarizə də təsirsiz ötüşməyib. Ən azı o baxımdan ki, Fransanın müstəmləkəsi olmuş Burkina Fasonun da neokolonializm şəraitində yaşaması, üzləşdiyi problemlər Qoşulmama Hərəkatı və digər tribunalarda Azərbaycan tərəfindən dünyanın diqqət mərkəzinə gətirilib. Elə səfir Vinta Some də ölkəsinin Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizədə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb.
Fransanın əsarətindən xilas olması Burkina Fasonun xarici siyasətinə də əhəmiyyətli təsir edib və bu ölkənin qurduğu beynəlxalq münasibətlərdə Azərbaycana da xüsusi yer verilməsi müşahidə olunur. Bunu səfir Vinta Somenin açıqlamalarından da görmək mümkündür. O, Azərbaycan ilə ölkəsinin strateji səviyyədə hərtərəfli əməkdaşlığa hazır olduğunu, yaxın vaxtlarda geniş tərkibli Azərbaycan nümayəndə heyətinin Burkina Fasoya səfər edəcəyini bildirib. Bundan əlavə, səfir ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, təlim, təhsil, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib.
Güclənən əlaqələr tərəflərin beynəlxalq müstəvidə biri-birlərinin mövqeyinə dəstək göstərməsinə də əlverişli zəmin yaradır. Azərbaycanı Afrikada xüsusi diqqət mərkəzinə gətirən əsas məqamlardan biri cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29-dur. Burada iqlim dəyişikliklərinə qarşı mübarizədə Azərbaycan inkişaf etməkdə olan ölkələrə maliyyə yardımlarının göstərilməsi, texnoloji mübadilələrin reallaşdırlması kimi məsələlər üzrə konkret təşəbbüslərin irəli sürülməsi, reallaşdırlması, müvafiq qərarların qəbul olunmasına nail olmaq niyyətindədir. Bütün bunlardan ən çox fayda görəcək tərəflərdən biri məhz Afrika ölkələri olacaq.