Texnoloji cəhətdən bəşəriyyət çoxsaylı nailiyyətlərə imza atsa da, müasir dövrdə enerji təhlükəsizliyinin etibarlı təminatı məsələsini tam həll etmək mümkün olmayıb. Bunu şərtləndirən səbəblər enerjiyə artan qlobal tələbat, geosiyasi gərginliklər, iqlim dəyişikliyi və bərpa olunan enerji mənbələrinə keçiddir.
Əhali artımı, urbanizasiya və iqtisadi inkişaf səbəbindən enerjiyə tələbat bundan sonra da yüksələcək. İnkişaf etməkdə olan iqtisadiyyatlar, xüsusən də Asiya və Afrikada sürətli sənayeləşmə və urbanizasiya enerji istehlakının artmasına səbəb olur. Amma inkişaf etmiş ölkələrin də təchizat sarıdan heç də bütün problemləri həll etdiyini söyləmək mümkün deyil. Son illərin hadisələri geosiyasi faktorların da enerji təminatına əsaslı surətdə təsir etdiyini göstərdi. Rusiya-Ukrayna arasında hərbi əməliyyatlar dünyanın, xüsusən də Avrasiyanın enerji xəritəsində yaratdığı dəyişikliklər bunun real təzahürlərindən biridir. Bu kontekstdə enerji təhlükəsizliyinin təmin edilməsi hər hansı bir ölkədən və ya regiondan asılılığı azaltmaq üçün idxal mənbələrinin və təchizatçılarının şaxələndirilməsini tələb edir. Eyni zamanda mənbənin etibarlı, dayanıqlı olması da artıq əsas şərtlərdən biri hesab olunur. Bu fonda Azərbaycana artan diqqət, qurulan yeni əməkdaşlıqlar tamamilə təbii xarakter daşıyır.
Azərbaycan bir sıra Avropa ölkələrinin, bəzi digər dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayır. Hətta bəzi ölkələr üçün Azərbaycanın rolu həlledici xarakter daşıyır. Hazırda təbii qazla bağlı tələbinin təmin olunmasında Avropa Azərbaycanın resurslarına böyük ümidlər bəsləyir. Azərbaycan əldə edilmiş razılaşmalara uyğun olaraq, Avropaya “mavi yanacaq” nəqlini artırır. Bu xüsusda Prezident İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı qeyd edib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Cari ilin sonuna kimi Azərbaycanın təbii qaz ixracı 25 milyard kubmetr təşkil edəcək ki, onun da yarıdan çoxunu məhz Avropa ölkələri alacaqlar.
Azərbaycan qazı ilə enerji tələbatını ödəyəcək Avropa ölkələrinin sayında qarşıdakı dövr ərzində ciddi artım gözlənilir. Müvafiq infrastruktur yaradıldıqdan sonra Slovakiya, Rumıniya, Şimali Makedoniya, Xorvatiya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina, həmçinin bəzi digər ölkələr də Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz almaq niyyətlərini ifadə ediblər.
Təbii qazla yanaşı, Avropa Azərbaycanda istehsal edilən elektrik enerjisinin də əsas istehlakçılarından birinə çevriləcək. Azərbaycanın Avropada, eləcə də ondan kənarda yerləşən bir sıra ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfələr digər parametrlər baxımından da böyük önəm kəsb edir. Məsələn, iqlim dəyişikliyinə qarşı mübarizədə ölkəmizdən ixrac ediləcək “yaşıl enerji” zəruri rol oyanayacaq. İdxalçı ölkələr bunun sayəsində iqlim dəyişikliyinə qarşı daha səmərəli mübarizə üçün əlavə imkanlar əldə edəcəklər. Enerji sferasında qurulan münasibətlər beynəlxalq əməkdaşlığın da çox vacib tərkib hissələrindən biridir. Belə əməkdaşlıq qlobal enerji təhlükəsizliyi problemlərinin həllinə də mühüm töhfələr verir.