RƏSMİ BAKININ MÖVQEYİ ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI İLƏ BAĞLI PROSESİ SÜRƏTLƏNDİRƏ BİLƏR

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə birgə komissiyanın əsasnaməsi hələ də tərəflər arasında razılaşdırılmayıb. Bu barədə yazan erməni mediası hesab edir ki, iyulun 1-də təsdiq edilməli olan əsasnamə ilə bağlı danışıqlar konstruktiv məcraya daxil olmayıb. Əgər vəziyyət belədirsə o zaman erməni mediası bunun səbəblərini də yazmalı idi. Görünür, vəziyyətin nə üçün bu cür hal alması ilə bağlı erməni mediasının öz mənbələrinə çıxış imkanları məhdudlaşdırılıb, yaxud da bu barədə Ermənistanın rəsmi qurumları məlumat vermək istəmir. Lakin bir müddət bundan əvvəl baş nazirin müavini Şahin Mustafayevin ofisinin yaydığı məlumatda qeyd edilirdi ki, Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə komissiyaları birgə fəaliyyət haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyir. O da bildirilmişdi ki, iyulun 1-də komissiyalar əsasnamə layihələrinin mübadiləsini həyata keçirib və bir sıra müzakirələr aparıblar.

Məsələyə Prezident İlham Əliyev də münasibət bildirmişdi. Dövlət başçısı Kanada səfirinin etimadnaməsini qəbul edərkən söhbət zamanı demişdi ki, “hazırda biz ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük. Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik”. Prezident onu da vurğulamışdı ki, sülh müqaviləsi imzalanmasa belə artıq sərhədlərin delimitasiyasına nail olunub.

Erməni mediasının yazdığına görə rəsmi İrəvan sərhədin Almatı Bəyannaməsi əsasında delimitasiyasına çalışır, Azərbaycan isə bununla razılaşmır. Ermənistan daha çox Cermuk istiqamətində delimitasiya və demarkasiyanın aparılmasını istəyir. Azərbaycan isə Qərbi Zəngəzur-Naxçıvan istiqamətində delimitasiyanın tərəfdarıdır. Rəsmi Bakı proses çərçivəsində Kərki kəndinin də Azərbaycana qaytarılmasını tələb edir.

Bakı haqlıdır. Çünki Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqların intensivləşdiyi, beynəlxalq qüvvələrin layihəyə marağının artdığı bir dövrdə növbəti delimitasiya və demarkasiya işlərinin məhz Naxçıvan istiqamətində aparılması tamamilə məqsədəuyğundur. Bu istiqamətdə sərhədin dəqiqləşdirilməsi işlərinin başa çatdırılması Zəngəzur dəhlizinin də açılacağı təqdirdə maneəsiz və heç bir problem olmadan çalışması deməkdir ki, bu, təkcə Azərbaycana deyil, həm də Ermənistanın işinə yarayar. Bütün hallarda Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin aparılması çətin olacaq. Çox güman ki, tərəflər bir çox nöqtələrdə fikir ayrılığı yaşayacaq. Lakin mövqelərin yaxınlaşdırılması həlli mürəkkəb məsələ deyil. Əsas odur ki, bu prosesi tərəflər özü başladıb və özləri də başa çatdırmalıdır.

Daha ətraflı: https://mtm.az/x%c9%99b%c9%99rl%c9%99r/r%c9%99smi-bakinin-movqeyi-z%c9%99ng%c9%99zur-d%c9%99hlizinin-acilmasi-il%c9%99-bagli-prosesi-sur%c9%99tl%c9%99ndir%c9%99-bil%c9%99r/