Son iki əsrdə böyük transformasiyaların baş verdiyi Avropada və Asiyada mühüm dəyişikliklər qeydə alınır. Qloballaşan dünyada bu qitələrdə yerləşən dövlətlərin ümumi maraqlar ətrafında daha intensiv şəkildə birləşməsi müşahidə olunur. Dünya dövlətlərin əhalisinin beşdə üçündən çoxu bu regionlarda yaşayır və burada ən çoxsaylı xalqlardan biri də türklərdir. Ötən əsrin 90-cı illərindən etibarən Avrasiyanın türk qövmlərinin həyatında yeni bir mərhələ başlayıb. Bu mərhələdə türk ölkələrinin beynəlxalq miqyasda təsir dairəsi genişlənir.
Türk dünyasının güclənməsi üçün inteqrasiya və işbirliyi mühüm şərtdir. Son illərdə bu istiqamətdə genişmiqyaslı fəaliyyətlər görülür. Prosesdə ən aktiv rol oynayan ölkələrdən biri Azərbaycandır və Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü bunun təzahürüdür. Prezident İlham Əliyev Zirvə görüşündə bildirib ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Türk dünyası arasında əməkdaşlıq tarixi və geosiyasi reallıqların tələb etdiyi şərtdir. Bu ölkələrin fərqli iqtisadi resursları var, lakin onların bir araya gəlməsi həm bu ölkələrin, həm də ümumən türk dünyasının güclənməsinə səbəb olur. Şuşa Zirvə görüşü və Qarabağ Bəyannaməsi türk dünyasının fəaliyyəti üçün “yol xəritəsi” hesab olunur. Türk ölkələrinin iqtisadi inteqrasiya prosesində nəliyyat-logistika, tranzit daşımaları mühüm rol oynamağa başlayır.
Türk dövlətləri nəqliyyat dəhlizləri vasitəsilə regiondaxili əlaqələri gücləndirməyə çalışırlar. Daşıma prosedurlarının sadələşdirilməsi, avtomobil, dəmir yolu və dəniz nəqliyyatı ilə yükdaşımaların artırılması məqsədilə addımlar atılır. Ticarət-iqtisadi əlaqələrin inkişafına hesablanan bu addımlar regional və qlobal iqtisadi sabitliyi təşviq edir. Prosesdə Azərbaycan mühüm rol oynayır. Prezident İlham Əliyev qeyd edib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi prioritet məsələlərdəndir.
Nəqliyyat dəhlizləri ilə bağlı vacib məqam təhlükəsizlik faktorudur. Rusiya-Ukrayna müharibəsi və digər hadisələr bir çox nəqliyyat dəhlizlərinə təsir edib. Alternativ marşrutlara maraq artıb. Orta Dəhliz Avrasiya və qlobal miqyasda xüsusi diqqət mərkəzindədir. Bu dəhliz Çinin, Mərkəzi Asiya ölkələrinin, Cənubi Qafqaz dövlətlərinin, Türkiyənin və Avropanın iqtisadiyyatında mühüm rol oynayır. Təhlükəsizlik, səmərəlik və gömrük prosedurlarının sadələşdirilməsi bu marşrutla daşımaları artırır. Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılması Orta Dəhliz istifadəçiləri üçün üstünlüklər vəd edir. Bu marşrut beynəlxalq ticarətin həcminin artmasında böyük rol oynayır. Nəqliyyat əməliyyatlarının optimallaşdırılması, rəqəmsallaşma və digər tədbirlər türk dünyasının güclənməsini təmin edəcək. Bütün bu faktorlar Avrasiya regionunda türk dünyasının daha güclü mövqe sahibinə çevrilməsini şərtləndirir.