AZƏRBAYCAN BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNDƏ DAHA GÜCLÜ MÖVQE SAHİBİNƏ ÇEVRİLİR

Bəşəriyyət bu gün öz tarixinin son dərəcə çətin bir dövrünü yaşayır. Buna səbəb qlobal miqyasda artan təhdidlər,  müxtəlif qüvvələr arasında şiddətlənən qarşıdurma və münaqişələr, resurslar uğrunda amansız mübarizə, həmçinin bu qəbildən olan  digər hallardır. Mövcud vəziyyətdə qlobal və regional miqyasda sülhün,  təhlükəsizliyin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi zərurətdir və bu, həm də dünya ölkələrinin, beynəlxalq, regional qurumların konkret addımları ilə mümkündür. Eyni zamanda real durum bütün dünya üçün aktual əhəmiyyət kəsb edən problemlərin çözümündə konkret ölkələrin lider qismində çıxış etməsini tələb edir. Belə ölkələrdən biri də Azərbaycandır.

Hazırda beynəlxalq münasibətlər sistemində olduqca güclü subyektlərdən birinə çevrilməkdə olan Azərbaycan qlobal xarakterli problemlərin həllində lider mövqe nümayiş etdirir. Məsələn, iqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycan dünya dövlətlərinin səylərinin bir araya gəlməsində hazırda həlledici rola malikdir. COP29 prosesinə liderlik edən ölkə kimi Azərbaycan qarşıya ambisiyaslı vəzifələr qoyub. Artıq dünya miqyasında gözləntilər bundan ibarətdir ki, Azərbaycanın  ev sahibliyi edəcəyi COP29 iqlim dəyişikliyinə qarşı mübarizədə yeni yanaşmalara və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək. İqlim dəyişikliyi ilə bağlı ortaya çıxan mənfi təsirlərin azaldılması baxımından bu. olduqca vacibdir.

Azərbaycanın yanaşması həm də ondan ibarətdir ki, iqlim dəyişmələri ilə bağlı yaranan problemlərin həlli üçün beynəlxalq əməkdaşlıq və həmrəylik vacibdir. İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan dövlətlərə maliyyə və texniki dəstək verməklə bağlı öhdəliklərini yerinə yetirməlidirlər. Bu müstəvidə də Azərbaycan ortaya nümunələr qoyur. Məsələn, ölkəmiz iqlim məsələsində hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal iş aparır.

Azərbaycan dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən proseslərdə, layihələrdə də fəal iştirakçılardan biri, eyni zamanda çoxsaylı təşəbbüslərin müəllifidir. Məsələn, Azərbaycanın təşəbbüskarı və ya fəal iştirakçısı olduğu nəqliyyat layihələri artıq Avrasiya məkanında böyük önəm kəsb edir. İki qitənin qovşağında yerləşən və bütün nəqliyyat növlərinin inkişafı üçün böyük potensiala malik ölkə olan Azərbaycanın tranzit imkanlarına artıq beynəlxlaq miqyasda böyük maraq var. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verib və verməkdə davam edir. Şərq-Qərb marşrutunun tərkib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropa, Mərkəzi Asiya dövlətləri və Çin üçün həyati əhəmiyyət kəsb edir. Şimal-Cənub  dəhlizi Hindistandan, Fars Körfəzindən Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə, həmçinin əksinə çatdırılmasına hesablanıb. Məsafə və tranzit vaxtı baxımından alternativləri ilə müqayisədə çox sərfəlidir. Eyni zamanda Azərbaycan yeni nəqliyyat təşəbbüsləri ilə də çıxış edir. Ölkəmizin təşəbbüskarı olduğu Zəngəzur dəhlizi bunun real nümunələrindən biridir. Bu dəhliz regionda yeni nəqliyyat imkanları yaradacaq, Avropa ilə Asiyanın əlaqələrinin inkişafına yeni təkan verəcək. Artıq sözügedən dəhlizlə bağlı Azərbaycanın mövqeyi dünya miqyasında dəstəklənir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Avropa ilə Asiyanın daha sıx birləşməsinə təkan verəcək.

Bu gün Azərbaycanı indi öz sıralarında görmək istəyən, ölkəmizlə əməkdaşlığını genişləndirən regional, beynəlxalq təşkilatların sayı kifayət qədərdir.  Prezident İlham Əliyevin müxtəlif qurumların zirvə görüşlərinə fəxri qonaq qismində tez-tez dəvət olunması da ölkəmizə yüksək diqqətin göstəricisdir. Azərbaycan təmsil olunduğu bir çox təşkilatların daha da güclənməsinə mühüm töhfələr verir. Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı buna konkret misal kimi göstərilə bilər. 21-ci yüzillikdə ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olan Azərbaycanın bu səpkidə möhtəşəm uğuru dünyada nümunə kimi qəbul edilir. Eyni zamanda o da beynəlxalq miqyasda xüsusi olaraq vurğulanır ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaradıb. Bu reallıqlar regionun geosiyasi mənzərəsəini dəyişib, həmçinin Azərbaycanı Cənubİ Qafqazda daha güclü mövqe sahibinə çevirib. Hətta bu fonda  İkinci Qarabağ müharibəsindən sonra  Azərbaycan dünyada Cənubi Qafqazın taleyinə görə əsas məsuliyyət daşıyan ölkə qismində qəbul edilir.  Azərbaycan bu gün müstəmləkəçiliyə qarşı ən fəal mübarizə aparan ölkələrdən biridir. Ölkəmzi eyni zamanda bütün dünya ölkələrini bu məsələdə qətiyyətli mövqe sərgiləməyə çağırır. Bununla bağlı Prezident İlham Əliyev qeyd edir: “Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır”. Bu yanaşma Azərbayacanın beynəlxalq nüfuzunu daha da gücləndirir. Bu və digər hallar Azərbaycanın beynəlxalq münasibətlər sistemində aparıcı aktorlardan biri olduğunu nümayiş etdirir. Ölkəmizin sülh təşəbbüsləri, dünyanın bütün regionlarındakı tərəfdaşları ilə qarşılıqlı faydalı və çoxşaxəli əlaqələrini genişləndirilməsi qarşıdakı dövr ərzində də Azərbaycanın beynəlxalq məsələlərdə də mühüm rol oynamaqda davam edəcəyini göstərir.

Daha ətraflı: https://mtm.az/x%c9%99b%c9%99rl%c9%99r/az%c9%99rbaycan-beyn%c9%99lxalq-munasib%c9%99tl%c9%99r-sistemind%c9%99-daha-guclu-movqe-sahibin%c9%99-cevrilir/