Türkiyə Qərb və qeyri-Qərb arasında

Son illərdə Türkiyənin beynəlxalq nüfuzunun artması göz önündədir. Dünya miqyasında gərginliyin yüksəlməsi fonunda istər Qərb, istərsə də qeyri-Qərb ölkələrinin Ankaraya olan ehtiyacı artır. Belə ki, Türkiyə geosiyasi baxımdan unikal mövqeyi və getdikcə ağırlaşan beynəlxalq çəkisilə fərqli tərəflər arasında ortaq məxrəc rolunu oynaya biləcək azsaylı dövlətlərdəndir.

Qərb – Türkiyə yaxınlaşması

Ukraynada fəal hərbi əməliyyatların başlanmasından sonra Qərbin Türkiyənin maraqlarını inkar etməsi artıq mümkünsüz hala gəldi. Xüsusilə də, NATO-nun genişlənməsi məsələsində istər ABŞ, istərsə də Aİ Ankaranın müəyyən şərtlərilə razılaşmalı oldu.

Ağ Ev üçün bu həssas dövrdə – qarşıdangələn prezident seçkilərilə əlaqədar Vaşinqton administrasiyasının daha çox daxili gündəmə fokuslandığı bir zamanda Türkiyənin yerlərdə dəstəyinə arxalana bilmək olduqca vacibdir. Son aylarda ABŞ-ın Türkiyənin marağı olduğu regionlarda öz siyasətini Ankara ilə koordinasiya etməsi, Türkiyə şirkətlərilə hərbi-texnoloji və silah istehsalında əməkdaşlığı genişləndirməsi, habelə bugünlərdə F-16-larla bağlı sazişin imzalanması Vaşinqtonun öz müttəfiqinə artan ehtiyacından xəbər verir.

Aİ ölkələrindən Fransa Türkiyənin artan nüfuzu ilə barışmaq istəməsə də, onun qonşuları – İspaniya və İtaliya mövcud reallığa daha adekvat reaksiya verir. Yaxın Şərqdə vəziyyətin kəskinləşməsindən sonra Madridin Fələstin məsələsindəki mövqeyi Ankara ilə üst-üstə düşür. Belə ki, İspaniya Fələstin dövlətini tanıdı və CAR-ın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddiaya qoşulmaq niyyətini bəyan etdi.

Türkiyənin əsas ticarət tərəfdaşlarından olan İtaliyaya gəlincə, baş nazir Meloni Ərdoğanı “fərqli yanaşmaları səsləndirmək üçün” G7 Sammitinə dəvət etdi. Hazırda Aralıq dənizi və Şimali Afrikadakı ortaq maraqlar, miqrasiyanın qarşısını alınması və enerji təhlükəsizliyi iki ölkə liderlərini daha da yaxınlaşdırır.

Ankaranın Asiya prioritetləri

Qərblə yanaşı, Türkiyə qeyri-Qərb ölkələri, xüsusilə də Asiya dövlətlərilə əlaqələrini genişləndirməyə çalışır. ŞƏT-də müşahidəçi statusa malik ölkə artıq tamhüquqlu üzvlükdə maraqlı olduğunu bəyan edir. Ankara həmçinin BRİKS klubunun daimi iştirakçısı olmaq istəyir. Lakin Türkiyənin Çin və Rusiyanın dominant olduqları platformalara marağı Qərbdə birmənalı qarşılanmır.

Ankara ŞƏT-i NATO-ya, BRİKS-i Aİ-yə alternativ hesab etmədiyini bildirir. Eyni zamanda, Türkiyə bəyan edir ki, müttəfiqlərinin onun təhlükəsizlik problemlərinə məhəl qoymaması, Aİ-yə üzvlük məsələsinin dalana dirənməsi Ankaranı digər meydançalara üz tutmağa vadar edir.

Günümüzdə Türkiyə TDT çərçivəsində də Asiya ölkələrilə əməkdaşlıq edir. Təşkilat daxilində Ankara üçün əsas gündəm mövzularından biri Orta Dəhlizin inkişafı, Türkiyənin mühüm tranzit qovşağı kimi beynəlxalq əhəmiyyətinin daha da artırılmasıdır.

Nəticə

Beləliklə də, hərbi-sənaye kompleksinin inkişafı sayəsində artıq Türkiyə təhlükəsizliyin istehlakçısından onun təminatçısına çevrilib. Bu, Ankaranın xarici siyasətində də öz əksini tapır. Məsələn, Ukrayna münaqişəsində Türkiyə Kiyevə ciddi hərbi-texniki dəstək göstərsə də, bu, Ankaranın Rusiya ilə ikitərəfli münasibətləri inkişaf etdirməsinə və tərəflər arasında uğurlu vasitəçilik səylərinə mane olmur. Müasir Türkiyə 360 dərəcəli diplomatiya üstünlük verərək həm Qərb, həm də qeyri-Qərb düşərgəsilə qarşılıqlı faydalı münasibətlər qurmağa səy göstərir.

Əlbəttə ki, Türkiyənin ŞƏT və BRİKS-ə marağı Ankaranın Qərbdən üz çevirməsi kimi qəbul edilə bilməz. Belə ki, ölkə rəhbərliyi mövcud siyasi və iqtisadi çağırışların öhdəsindən gəlmək üçün qlobal əlaqələr şəbəkəsini inkişaf etdirmək istəyir. Ankara Asiyanın artan iqtisadi imkanlarından maksimum faydalanmağa çalışır.

Türkiyə BMT, Ümumdünya Ticarət Təşkilatı kimi ənənəvi qlobal təsisatları artıq köhnəlmiş qurumlar sayır. Ankara getdikcə dünya iqtisadiyyatında dominant gücə çevrilən və G7-ni üstələyən BRİKS kimi perspektivli formatlarda iştirakı daha əlverişli hesab edir.