STM Türk Dövlətləri ilə bağlı yeni sorğu keçirdi/ İNFOQRAFİKA

Türk Dövlətləri Təşkilatının yüksələn nüfuzu onun yeni regional nizamın nüvəsi rolunda çıxış imkanlarını, türk dövlətlərinin rifahının və təhlükəsizliyinin bir-birindən asılı və kəsişən xüsusiyyətlərə malik olduğunu göstərir. Regionda formalaşan yeni geosiyasi arxitekturanın Türk dünyasının yüksəlişi yönündə olduğunu nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan cəmiyyətinin türk dövlətləri arasında əməkdaşlıq çərçivəsi barədə fikirlərini öyrənmək məqsədilə ictimai rəy sorğusu keçirib.

Nəticələrə əsasən, respondentlərin 6.0%-i türk dövlətləri arasında əməkdaşlığın yalnız tarixi-mədəni əlaqələr çərçivəsində, 6.2%-i tarixi-mədəni və iqtisadi əməkdaşlıq çərçivəsində, 84.2%-i iqtisadi və mədəni əlaqələrlə yanaşı, hərbi-siyasi əməkdaşlıq formatında qurulmasını istədiyini bildirib. Respondentlərin 3.6%-i cavab verməkdə çətinlik çəkib.

İctimai rəy sorğusunun nəticələri göstərir ki, Azərbaycan ictimaiyyəti Türk dünyası ölkələri arasında əməkdaşlıq vizyonunu türk mədəni irsinin qorunmasından enerji-nəqliyyat layihələri əsasında iqtisadi inteqrasiyanın təmin olunmasına, birgə siyasi-diplomatik fəaliyyətin təşkilindən regional təhlükəsizlik üçün vahid hərbi-təhlükəsizlik təsisatı kimi formalaşmağa qədər geniş müstəvidə dəyərləndirir.

Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, yaşı 18 və ondan yuxarı olan 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Daha ətraflı: https://stm.az/az/news/1371/stm-turk-dovletleri-ile-bagli-yeni-sorgu-kecirdi-infoqrafika