Bu ilin başlanğıcında Tayvanın prezidenti seçilən Lai Çinq-Tenin andiçmə mərasimi Pekində narazılıqla qarşılanıb. Adanın hazırki prezidenti və onun lideri olduğu partiya müstəqilliyin tərəfdarıdır. Lai Çinq-Te Pekinlə dialoq tərəfdarı olsa da, Çin hakimiyyəti onunla müzakirəni hələ məqbul saymır. Pekin hesab edir ki, Tayvanın prezidenti adada Çinlə yaxınlaşmaq istəyən vətəndaşlara və siyasi partiyalara təzyiq edir. Bu gərginlik Çinlə Tayvanın sülh yolu ilə birləşməsi imkanlarını azaldır.
Tayvanda müxalif partiyaların nümayəndələri prezidentə Pekinlə münasibətlərdə gərglik yaratmamağı tövsiyyə ediblər. Mövcud vəziyyətə Çin-ABŞ münasibətləri də təsir edir. Pekin Tayvanda separatçı fəaliyyətləri məhdudlaşdırmağa çalışarkən, Vaşinqton əksinə ada rəhbərliyinə dəstəyini davam etdirir. Ağ Ev administrasiyası eyni zamanda Ukrayna və Qəzzada müharibə davam edərkən Asiya və Sakit Okean bölgəsində yeni münaqişədə maraqlı deyil. Vaşinqton Tayvanla Çin arasında qarşıdurma istəmir, ancaq eyni zamanda Pekinin adaya qarşı hərbi təzyiqini artırmasının əleyhinədir. Buna görə də Pentaqon Tayvanı silahlandırmaqda davam edir. Bu isə öz növbəsində Çinlə ABŞ arasında münasibətləri gərginləşdirir.
“The New York Times” qəzetində yayımlanan məqalədə bildirilib ki, Tayvan prezidenti Vaşinqtona Pekinlə qarşıdurmaya getməyəcəyini vəd verib. Ancaq buna riayət etmək çətindir. Çünki Tayvan prezidenti adanın Çinə birləşməsinin əleyhinədir. Tayvan prezidenti Pekinlə dialoqun əvəzinə ABŞ-ın adaya hərbi dəstəyinin artırmasını istəyir.
Bu arada, Çin lideri Si Cinpin hədəfə çatmağı arzulayır. O hakimiyyətdə olduğu dövrdə Tayvanı Çinə birləşdirməyə çalışacaq və bunu çıxışlarda da bildirib. ABŞ-da noyabr ayında prezident seçkisi keçiriləcək. Noyabra qədər ABŞ-da siyasi hərarət və rəqabət artacaq. Pekin bu vəziyyətdən istifadə edərək Tayvana təzyiqi artıracaq. “Al Jazeera” televiziya kanalının xəbərinə görə, Çin hərbi gəmilərinin Tayvan ətrafında sayı artıb. Çin bununla Tayvan limanlarına yaxınlaşan ticarət gəmilərini nəzarətə götürmək imkanı qazanır.
Daha ətraflı: https://atlassam.org/tayvan-yen%c9%99-gund%c9%99md%c9%99dir/