BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədlinin Fransa-Ermənistan hərbi əməkdaşlığı: Cənubi Qafqaz üçün “iki tərəfi kəskin qılınc ssenarisi”? başlıqlı məqaləsi “Eurasia Review” nəşrində dərc edilib.
Məqalədə Ermənistan və Fransa arasında, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra artan hərbi-siyasi müttəfiqlik və onun Cənubi Qafqazdakı təhlükəsizlik mühitinə təsirləri təhlil edilir.
Qeyd olunur ki, ənənəvi olaraq hərbi-təhlükəsizlik məsələlərində Rusiyadan asılı olan Ermənistan indi Qərbə, əsasən də Fransaya doğru kəskin dönüş edir.
“Ermənistan və Fransa arasında hərbi əlaqələrin gücləndirilməsini adətən müttəfiqlik əlaqələrinin diversifikasiyası və gələcəkdəki qeyri-müəyyənliklərə qarşı müdafiə qabiliyyətliliyinin artırılmasına yönəlik strateji addım kimi şərh edirlər. Lakin Ermənistan və Fransa arasında hərbi-siyasi əlaqələrin dərinləşdirilməsinin səbəbləri daha genişdir. Misal üçün, Fransa öz geosiyasi nüfuz dairəsini ənənəvi sferasından kənara yaymağa çalışır, Ermənistana strateji cəhətdən həssas regionda əsas müttəfiq kimi baxır. Bu tərəfdaşlıq təkcə hərbi məsələləri yox, həm də dərin siyasi dialoq və iqtisadi razılaşmaları ehtiva edir”.
M. Məmmədli qeyd edir ki, yeni tərəfdaşlıqlara baxmayaraq, Ermənistanın Rusiya ilə bağları güclü olaraq qalır, Ermənistan ərazisində hələ də Rusiya hərbi bazaları mövcudluğunu davam etdirir.
“Ermənistan Rusiya ilə ticarət dövriyyəsini artırıb. Beynəlxalq ekspertlərin qənaətincə, bu, sanksiya tətbiq edilmiş məhsulların təkrar ixracı sayəsində baş verib”.
Müəllif bildirir ki, Azərbaycana qarşı 30 il müddətində təcavüzkar siyasət aparmış Ermənistanın silahlandırılması onun siyasi elitası və cəmiyyətində revanşist tendensiyaların artmasına xidmət edəcək.
“Nəticə etibarilə, Fransanın Ermənistanı silahlarla təchiz etməsi Ermənistan və Azərbaycan arasında sülh perspektivlərinin yüksək olduğu məqamda hərbi-siyasi gərginliyi artırır. Hadisələrin bu cür inkişafı davam etməkdə olan sülh danışıqlarını zəiflədə və düşmənçilik hallarının daha da artmasına səbəb ola bilər”.
Sonda M. Məmmədli Ermənistan-Fransa hərbi əməkdaşlığının regional təhlükəsizlik dinamikaları nöqteyi-nəzərindən araşdırılmasının zəruriliyini diqqətə çatdırır.