Rusiyanın Qarabağdan çıxması Azərbaycana türk dünyası ilə əlaqələrini gücləndirməyə imkan verəcək

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Rusiyanın Qarabağdan çıxması Azərbaycana türk dünyası ilə əlaqələrini gücləndirməyə imkan verəcək” başlıqlı məqaləsi “commonspace.eu” saytında dərc edilib.

Vasif Hüseynov məqaləsində Cənubi Qafqazda yaranmış geosiyasi vəziyyəti təhlil edərək bildirir ki, skeptiklərin düşüncələrinin əksinə, Rusiya sülhməramlıları təyin edilən vaxtdan öncə Qarabağı tərk etdilər.

“Bakı Moskva ilə hər hansı qarşıdurmaya getmədən sülhməramlı kontingentin çıxarılmasını təmin etdi. Rusiyanın ardıcıl geosiyasi hədəflərini nəzərə alaraq müşahidəçilər Moskvanın Bakı ilə gərginlik və qarşıdurma bahasına olsa belə, Qarabağdakı hərbi mövcudluğunu qoruyub saxlamaqda israr edəcəyini gözləyirdilər. Lakin gözləntilərin əksinə, tamam əks ssenari  baş verdi. Ən vacibi odur ki, 19-cu əsrdən etibarən, ilk dəfə Bakı ərazisində tam suverenliyə malikdir. Bu, Azərbaycan hökuməti üçün tarixi nailiyyətdir. Bu nailiyyətin memarı isə Prezident İlham Əliyevdir”.

Məqalədə qeyd edilir ki, xarici qoşunların ərazimizdən çıxarılması Azərbaycanın geosiyasi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi və Bakıya xarici siyasi hədəflərində daha inamlı və qətiyyəli olmağa imkan verir.

“Sülhməramlıların çıxarılması Qarabağ münaqişəsinin tamamilə həll olunduğunu təsdiqlədi. Ermənistan daxil olmaqla, beynəlxalq ictimaiyyətin bütün nümayəndələrinin bu həqiqəti qəbul etməsi  vacibdir”.

V. Hüseynovun sözlərinə görə, bəzi analitiklər hesab edir ki, sülhməramlılarının heç bir qarşıdurma olmadan çıxarılmasının səbəblərindən biri Azərbaycanın Avrasiya İqtisadi Birliyinə mümkün üzvlüyü məsələsidir. Lakin Prezident İlham Əliyev aprelin 23-də aydın şəkildə bildirdi ki, hazırda Bakının belə planları yoxdur.

“Bu, onu göstərir ki, Azərbaycanın sülhməramlıların Qarabağdan çıxarılması qarşılığında xarici siyasətində hər hansı radikal dəyişiklik etməyi  planlaşdırmır. Qoşulmama statusu prioritet olaraq qalacaq və digər regional təşkilatlar çərçivəsində əlaqələr inkişaf etdiriləcək. Prezident İlham Əliyev fevraldakı andiçmə mərasimində Bakının regional inteqrasiya ilə bağlı seçimi müəyyənləşdirmişdi. “Türk Dövlətləri Təşkilatı… bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”, deyə o bildirmişdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir