05.06.2024-cü il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Prezident İlham Əliyevin xarici siyasət uğurları 2003-2023” mövzusunda yazılmış broşürün təqdimatı keçirilib.
Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, broşürdə 2003-2023-cü illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan xarici siyasət, səfərlər, görüşlər, reallaşdırılan beynəlxalq layihələr və bir sıra məsələlər sistemli formada əksini tapıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
“İkinci Qarabağ müharibəsinin nəticələri və 20 il ərzində ordu quruculuğu, xarici siyasət istiqamətində atılan addımlar broşürdə qeyd edilib. Bəli, biz Qarabağ məsələsini döyüş meydanında həll etmişik. Amma qeyd etmək lazımdır ki, müharibə zamanı beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana hər hansı irad irəli sürülməmişdi. Müharibənin dayandırılması ilə bağlı çağırışlar səsləndirilsə də, ölkəmizə qarşı ciddi təzyiqlər baş vermədi. Bunun səbəbləri 90-cı illərdə qəbul edilmiş qətnamələr, həmçinin 2003-cü ildən indiyədək diplomatik müstəvidə atılan ardıcıl addımlar oldu. Azərbaycan bu müstəvidə çox fəal iş aparıb”.
Broşür barədə məlumat verən BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədli “Tarixi zəfərə gedən yol – Azərbaycan xarici siyasətinin ən böyük uğuru” mövzusunda çıxış edib.
O bildirdi ki, İkinci Qarabağ müharibəsinə aparan səbəblər, beynəlxalq vasitəçilərin yarıtmaz fəaliyyəti, 2010-cu illərdən etibarən, Ermənistanla aparılan danışıqlar, hərbi-siyasi balansın Azərbaycanın xeyrinə dəyişməsi broşürdə ətraflı qeyd edilib. M. Məmmədli qeyd etdi ki, 2018-ci ildən sonra Ermənistan hakimiyyətinin atdığı addımlar və verdiyi bəyanatlar göstərdi ki, münaqişənin sülh yolu ilə həlli mümkün deyil.
“44 gün ərzində Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi. Bu müddət ərzində Azərbaycan Ermənistanla yalnız hərbi cəbhədə deyil, həm də informasiya, siyasi-diplomatik müstəvidə mübarizə aparıb. Bu cəbhələrin hər birində Azərbaycan həm haqlı olduğuna, həm də güclü olduğuna tarixi zəfərini əldə etdi. 2023-cü ilin sentyabrındakı uğurlu antiterror tədbirləri ilə ərazilərimiz üzərində tam suverenliyimiz bərqərar oldu. Azərbaycan bu gün postsovet məkanında oxşar problemlərlə üzləşən dövlətlər arasında ilk dövlətdir ki, öz ərazi münaqişəsini həll edib”.
Daha sonra BMTM-in şöbə müdiri Vasif Hüseynov “Azərbaycanın çoxvektorlu xarici siyasəti və beynəlxalq münasibətlər sisteminə uğurlu inteqrasiyası” mövzusunda təqdimatla çıxış edib.
O qeyd edib ki, Azərbaycan balanslı, çoxvektorlu xarici siyasəti uğurla icra edir və beynəlxalq analitiklərin də şərhləri bu istiqamətdədir.
“Xarici siyasətimizdə neytrallıq və qoşulmama prinsipləri təməl prinsiplər kimi nəzərdə tutulub. Ümumi geosiyasət alimləri, diplomatlar “Böyük güc”lərin arasında yerləşən Şərqi Avropa və Cənubi Qafqazdakı postsovet dövlətləri üçün bunu ən optimal strategiya kimi tövsiyə ediblər. Azərbaycan çoxvektorlu və balanslı xarici siyasəti nəticəsində Şərq və Qərb arasında körpü olmağı bacarıb. Bu, çoxlarının xəyal etdiyi, lakin nail ola bilmədiyi uğurdur”.
BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev “Azərbaycanın uğurlu enerji strategiyası və yaşıl iqtisadiyyata keçid” mövzusunda təqdimatla çıxış etdi.
Ş. Hacıyev bildirdi ki, 2024-cü ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət və imzalanan enerji müqavilələri enerji siyasətində yeni mərhələdən xəbər verir.
“Bu da bərpaolunan enerjiyə sürətli keçid, bərpaolunan enerji mənbələrinin inkişafı və iqtisadiyyatda onun payının daha da artıtrılmasını nəzərdə tutur. COP29, müvafiq sazişlərin imzalanması Azərbaycanı artıq regionda lider dövlətə çevirib və gələcəkdə Azərbaycan öz imkanlarından yararlanaraq yaşıl enerji mənbələrini Avropa bazarlarına ixrac edəcəkdir. COP 29 platforması Azərbaycan üçün həm iqtisadi, həm enerji, həm də sülh platformasıdır”, deyə Ş. Hacıyev çıxışının sonunda bildirib.
Qeyd edək ki, BMTM heyəti tərəfindən hazırlanan broşür 2003-2023-cü illər ərzində Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, regional və qlobal təşəbbüslər və donor ictimaiyyətinin üzvü kimi rolu, enerji strategiyası, nəqliyyat layihələri, İkinci Qarabağ müharibəsi və Azərbaycanın sülh təşəbbüsləri istiqamətləri üzrə sistemli məlumatları özündə birləşdirir.