Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən çoxəsrlik tarixi və mədəni əlaqələr Türk Dövlətləri Təşkilatının yaradılması ilə intensiv xarakter alıb. Ortaq dəyərlərə və adət-ənənələrə malik Azərbaycan və Tacikistan ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində, xüsusilə, Orta Dəhliz çərçivəsində ticarət və tranzit əlaqələrinin qurulmasında maraqlıdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Tacikistan prezidentinin Azərbaycana rəsmi səfərinin əsas mahiyyətini şərh edib. O bildirib ki, səfər zamanı imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi iki ölkə arasında münasibətləri yeni mərhələyə qaldırır. Səfərdən öncə baş tutan Azərbaycan-Tacikistan biznes forumu, Azərbaycanda Tacikistan Mədəniyyət Günlərinin keçirilməsi əlaqələrin miqyasını genişləndirməyə xidmət edir. İqtisadi sahəyə aid sənədlərin imzalanması isə Tacikistan və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlığın artırılmasına hesablanıb. Transxəzər nəqliyyat dəhlizinin Avropa və Mərkəzi Asiya regionu üçün əhəmiyyəti və Azərbaycanın birləşdirici ölkə kimi strateji mövqeyi nəqliyyat infrastrukturunun yeni inkişaf səviyyəsinə yüksəldilməsi zərurətini yaradır.
V.Cəfərovanın sözlərinə görə, Strateji Tərəfdaşlıq Bəyannaməsi və ümumilikdə iki ölkə arasında imzalanan 14 sənəd münasibətlərin müqavilə-hüquq bazasını möhkəmləndirir. Tacikistan prezidentinin səfəri ərəfəsində keçirilən biznes forumunda imzalanan bir sıra sənədlər və qarşılıqlı anlaşma memorandumları ticarətin həcmini xeyli artırmağa imkan verəcək. Forum çərçivəsində imzalanmış kommersiya müqavilələrinin və sazişlərin ümumi məbləği bütövlükdə 700 milyon ABŞ dollarından artıqdır. Dövlət başçıları arasında əldə olunan razılığa əsasən, müvafiq nazirliklərə və idarələrə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə qarşılıqlı tədarük olunan malların nomenklaturasının genişləndirilməsinə yeni yanaşmaların hazırlanması tapşırıqları verilib.
Azərbaycanı etibarlı dost və tərəfdaş hesab edən Tacikistan sənaye kooperasiyası ilə bir çox layihənin reallaşdırılmasında maraqlıdır. Azərbaycan Tacikistanda alüminium zavodunun yenidən qurulmasına investisiya qoymaq niyyətindədir və yeni imzalanan müqaviləyə uyğun olaraq, Azərbaycan Tacikistan Alüminium Şirkətinin (TALCO) əsaslı təmiri üçün maliyyə cəlb edilməsinə yardım edilməsi nəzərdə tutulub. Razılaşmaya əsasən, Tacikistan Azərbaycandan alüminium və kimya məhsulları idxal edəcək.
TDAM rəhbəri bir sıra statistik məqamlara diqqət çəkib. Qeyd edib ki, iki ölkə arasında metallurgiya, kənd təsərrüfatı, energetika, yüngül sənaye, nəqliyyat, telekommunikasiya və maliyyə kimi sahələri əhatə edən çoxsaylı iqtisadi layihələr icra olunur. Lakin ticarət sahəsində əməkdaşlıq çərçivəsində hələ də istifadə olunmamış potensial mövcuddur. Belə ki, 2023-cü ildə Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi 6,1 milyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün (5,9 milyon dollar) göstəricisindən 2,98 faiz çoxdur.
2024-cü ilin yanvar-mart aylarında isə iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyon dolları ötüb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40 faiz (1,03 milyon dollar) çoxdur. Ötən dövr ərzində Azərbaycandan Tacikistana əsasən ağ şəkər (saxaroza), reaktiv mühərriklər və digərləri üçün kerosin yanacağı, şokolad və ondan hazırlanan məmulatlar, şəkər və ya aromatik maddələr əlavə edilmiş sular, sürtgü yağları, pambıq yağı və onun fraksiyaları ixrac edilib. Azərbaycana Tacikistandan əsasən bir sıra əlvan metal məhsulları idxal olunub.
V.Cəfərova prezidentlərin ticarət əlaqələrinin səviyyəsinin artırılması üçün bir sıra sahələrə dair önəmli razılıqlar əldə etməsini də əməkdaşlıq baxımından vacib hesab edir. O deyir ki, nəqliyyat və kommunikasiya sahəsində Tacikistanın dövlət və kommersiya strukturlarının Azərbaycan ərazisindən yük daşımalarının həcminin artması tendensiyası müşahidə olunur. Azərbaycanın Tacikistanın yük daşıyıcılarına məqbul tranzit tarifləri təqdim etməsi daşımaların həcmini daha da artıracaq. Rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması bu məqsədə xidmət edir.
Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması COP29 sahəsində gələcək birgə planların icrasını təmin etməyə hesablanıb. BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının – SPECA-nın Sammiti çərçivəsində əməkdaşlıq davam etdirilir. Ümumiyyətlə, ikitərəfli münasibətlərin əsasını qarşılıqlı fəaliyyətin müxtəlif sahələrini tənzimləyən 80-ə yaxın saziş təşkil edir.
Şübhəsiz ki, iki ölkə arasında potensial əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat sektorudur. Yüksək səviyyəli danışıqlarda tez-tez logistika əlaqələrinin təkmilləşdirilməsi və Tacikistanın dəmir yolları və avtomobil yollarının Orta Dəhliz nəqliyyat şəbəkəsinə inteqrasiyasının vacibliyi vurğulanır. Tacikistan rəhbərliyi bildirib ki, Düşənbə Azərbaycanın səmərəli tranzit infrastrukturundan istifadə etməyə və daşınan yüklərin həcmini artırmağa çalışır.
Turizm sahəsində də əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin imzalanması ilə paytaxtlar arasında birbaşa aviareyslərin bərpası üçün tədbirlərin görülməsi tapşırılıb. Azərbaycan Tacikistandan gələn turistlər üçün xüsusilə cəlbedici ölkədir. 2023-cü il mayın 30-da Bakı və Düşənbə arasında müntəzəm aviareys açılıb və cari ildə əlavə aviareysin açılacağı gözlənilir ki, bu da ticarət, investisiya, turizm, mədəni-humanitar əlaqələrin daha da inkişafına və genişlənməsinə mühüm təkan verəcək.
Qeyd olunanlar fonunda Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək. Prezident İlham Əliyevin regionda güclü tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və bu əlaqələri qarşılıqlı faydalar əsasında inkişaf etdirilməsinə olan əzmi həm Mərkəzi Asiya, həm də dünya miqyasında Azərbaycanı etibarlı tərəfdaşa çevirir.
Daha ətraflı: https://ereforms.gov.az/az/media/xeberler/azerbaycan-ve-tacikistan-arasinda-iqtisadi-ticaret-elaqelerinin-perspektivleri-1070