5 aprel Brüssel görüşü bir daha onu göstərdi ki, Paşinyan Qərbin Ermənistana dəstəyindən istifadə edərək Rusiyanın son 30 ildə oynadığı rolu Aİ və ABŞ-a ötürməyə, Moskvanı Paris, Brüssel və Vaşinqtonla əvəz etməyə çalışır. Öz, növbəsində, Qərb də bu funksiyaya həvəslə yanaşaraq Ermənistana hərtərəfli dəstəyini artırır.
Hərçənd, Aİ və ABŞ rəsmiləri tez-tez “Ermənistanın gücləndirilməsi Azərbaycana qarşı deyil” tezisini təkrarlasalar da, Bakının bu bəyanatlara inanmamaq üçün ciddi əsasları var. Belə ki, tarixi reallıq Azərbaycan üçün Ermənistanla münasibətlər baxımından Qərblə Rusiya arasında elə də ciddi fərqlərin olmadığını göstərir.
Gəlin Rusiya və Qərbin Bakı-İrəvan münasibətlərinə yanaşmasını fərqli mövzular üzrə nəzərdən keçirək.
– Son 30 ildə Ermənistana dəstək: Bu mövzuda hər zaman Rusiya və Qərb arasında konsensus mövcud olub. Məhz bunun sayəsində BMT-nin 4 qətnaməsi icra edilməyib, ATƏT-in Minks qrupunun işi səmərəsiz olub, Ermənistan işğalçı dövlət kimi tanınmayıb, İrəvanın təcavüzünə siyasi qiymət verilməyib. Əvəzində isə təcavüzə məruz qalmış Azərbaycana qarşı 907-ci düzəliş kimi absurd məhdudiyyətlər tətbiq edilib.
– 2020/23-cü illərdə “Dağlıq Qarabağ” mövzusu: Ötən 3 il ərzində istər Rusiya, istərsə də Qərb rəsmiləri hər fürsətdə separatçı qurumu dəstəkləyib, “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin” vacibliyini bəyan edib, bu mövzunu daim gündəmdə saxlamağa çalışıb. Hər iki tərəf məsələyə əsasən ermənimərkəzli mövqedən yanaşaraq bölgədəki azərbaycanlı əhalinin də eyni haqlara sahib olmasına məhəl qoymayıb. Qərb rəsmiləri Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini mücərrəd bir məfhum kimi bəyan edib, bu anlayışların məhz Azərbaycanın ərazi bütövlüyü və qanunvericiliyi çərçivəsində təmin olunmasını açıq şəkildə dilə gətirməyiblər.
– Hazırda “Dağlıq Qarabağ” mövzusu: Günümüzdə Rusiyada müəyyən dairələr bir sıra şərtlərlə bağlı (Qarabağ ermənilərinin qayıdışı, sülhməramlı kontingentin fəaliyyət müddəti) bu mövzunu yada salır. Qərbdə isə əsasən Fransa hakimiyyəti və ABŞ-dakı erməni diasporuna yaxın şəxslər məsələni gündəmdə saxlamağa çalışırlar.
– Azərbaycanın ərazi bütövlüyü: ABŞ və Aİ rəsmiləri hələ də Qarabağın Azərbaycana məxsus olması ilə bağlı birmənalı bəyanatlar vermir, bu ölkələrin diplomatları bölgəyə səfərlərdən imtina edirlər. Rusiya isə yalnız 2023-cü ilin iyulundan sonra Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində gördüyünü aydın şəkildə bəyan edib.
– Qarabağın bərpasına yardım: Nə Rusiya, nə də ki Qərb Qarabağ daxil olmaqla, ermənilərin xarabalığa çevirdikləri Azərbaycanın 20% ərazisinin bərpasına yardım etməyib. Tərəflər yalnız işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi işində müəyyən köməklik göstərib. Halbuki, Aİ və ABŞ işğalçı Ermənistana yüz milyonlarla vəsait ayırmaqda davam edir.
– Regiondakı geosiyasi maraqlar: Cənubi Qafqazda həm Rusiya, həm də Qərbin kifayət qədər maraqları mövcuddur. Moskva bölgəyə Şimal-Cənub verktoru üzrə yanaşır, Brüssel və Vaşinqton isə Şərq-Qərb vektoru prizmasından baxır.
– Ermənistan-Azərbaycan şərti sərhədi: Hazırda həm Rusiya, həm də Qərb Ermənistan tərəfdən şərti sərhəddə təmsil olunur. 2021-ci ildən etibarən Paşinyanın təşəbbüsü ilə Rusiya sərhədçiləri ərazidə bir sıra məntəqələr yaradıb. 2022-ci ildən isə Aİ missiyası Ermənistanda fəaliyyətə başlayıb. Paşinyan hələ ki, tərəflərdən heç birinin xidmətlərindən imtina etməyib.
– Ermənistanın silahlandırılması: Uzun illər ərzində İrəvanın hərbi təchizatını üzərinə götürən Kreml bu gün də mövcud ikitərəfli müqavilələr əsasında Ermənistana silah tədarükünü davam etdirir. Artıq bu prosesə Qərb də qoşulub. Xüsusilə, İrəvan hakimiyyətinin silahlandırılmasında canfəşanlıq edən Fransa bu işə digər ölkələri də cəlb edib.
– Zəngəzur dəhlizi: Rusiya Zəngəzur dəhlizinin öz nəzarətində olacağından çıxış edərək, Ermənistanda əlavə funksiya qazanmaq baxımından layihənin reallaşdırılmasının tərəfdarıdır. Qərb, xüsusilə ABŞ İrandan keçəcək Zəngəzur dəhlizinə qəti qarşı çıxır. Dəhlizin Ermənistandan keçəcəyi təqdirdə isə kommunikasiyalara özünün də nəzarət edə biləcəyi mexanizmin tərəfdarıdır.
– Ermənistan-Azərbaycan nizamlanması: Hazırda Qərb ölkələri Rusiyanın bölgədəki təsirini zəiflətmək məqsədilə Bakı və İrəvan arasında münasibətlərin nizamlanmasına çalışır, hətta sülh müqaviləsinin imzalanmasını tələsdirmək üçün tərəflərə təzyiqlər göstərirlər. Lakin Qərbin öz yanaşmasında Azərbaycanın maraqlarını və haqlı tələblərini nəzərə almaması prosesi yubadır. Rusiyaya gəlincə, Kreml mümkün sülh sazişini regional mövqelərinə təhdid kimi qiymətləndirir və nizamlanma prosesinin uzanmasının tərəfdarıdır.
Beləliklə də, göründüyü kimi Azərbaycan üçün Ermənistanla münasibətlər məsələsində Rusiya və Qərbin yanaşması arasında bəzi istisnalar olmaqla, elə də ciddi fərq yoxdur. Əvvəllər Rusiyanın oynadığı ermənilərin himayədarı rolunu indi Qərb öz üzərinə götürməyə çalışır.
Qərb bütün səviyyələrdə sülh müqaviləsini Azərbaycanın qarşısında qoyduğu əsas şərt kimi irəli sürür. Burada Qərbin marağı anlaşılandır. Ermənistan-Azərbaycan sülhündən sonra Ermənistan-Türkiyə normallaşması olacaq və bu, Rusiyanı bölgədən sıxışdıracaq. Yəni məqsəd geosiyasidir və bu, təbii olduğu üçün anlaşılandır. Lakin ABŞ və Aİ bu məqsədə çatmaq üçün Azərbaycanın maraqlarına məhəl qoymamağa davam etmək əvəzinə, Paşinyana Azərbaycanın ədalətli şərtlərini yerinə yetirməkdə köməklik etməlidir.
Bakı bu mərhələdə bütün danışıqlar meydançaları üçün aydın və ədalətli şərtlərini ifadə edib:
- Nəqliyyat sahəsində – Naxçıvana maneəsiz çıxış və bu xüsusi əlaqə üçün beynəlxalq təhlükəsizlik mexanizmləri;
- Sərhəd boyu – 4 sərhəd kəndinin qeyd-şərtsiz azad edilməsi, anklavların isə delimitasiya prosesinin predmeti olması;
- Sülh müqaviləsi üzrə – Ermənistan Konstitusiyanın dəyişdirilməsi və “Dağlıq Qarabağ” adı keçən bütün sənədlərin ləğvi;
- Qarabağın bərpası üçün təzminatlar.
Qərb və Ermənistan Azərbaycanın ədalətli tələblərindən xəbərdardır və sülhə nail olmaq, kommunikasiyaları açmaq, sərhədləri müəyyən etmək üçün nə etmək lazım olduğunu bilir. Belə şəraitdə, əgər Qərb əvvəlki kimi Paşinyanın bütün iddialarını dəstəkləsə, o zaman Bakının Ermənistan rəhbərliyi ilə bağlı mövqeyi dəyişə bilər. Əgər Bakının gözləntiləri özünü doğrultmursa, Azərbaycana Ermənistanla yarımçıq, revanş üçün yer saxlayan sülh müqaviləsi nəyə lazımdır?!
Bəziləri belə düşünürsə ki, Paşinyan hələ də Bakı üçün Ermənistanın əlverişli lideridir, bu, artıq belə deyil. Fransanın iddiaları əsasında Cənubi Qafqazda geosiyasi ayırıcı xətlər çəkməyə başlayan Qərbin hazırki dəstəyilə Paşinyan artıq Azərbaycanın maraqlarına uyğun gəlmir. Belə ki, Qərbin Rusiyanı əvəzləməklə Ermənistanda patron roluna yiyələnməsi prosesi Bakının maraqlarının nəzərə alınmaması ilə müşayət olunur.
Ermənistanda hakimiyyətə rusiyapərəst revanşist qüvvələr gələrsə, o zaman:
- Ermənilər onsuz da qeyd-şərtsiz Qarabağa qayıda bilməyəcəklər;
- Sülh müqaviləsi mövzusu qeyri-müəyyən dövrə ertələnəcək;
- Ermənistan-Azərbaycan şərti sərhədində hal-hazırdakı kimi Rusiya sərhədçiləri qalacaq və onların sayı artacaq;
- Rusiyanın nəzarətində olan Zəngəzur dəhlizinin reallaşması şansı yüksələcək;
- Regionda Qərbin keçmişdə olduğu kimi ancaq Bakı və Tbilisiyə ehtiyacı artacaq.
Qeyd olunanları Paşinyanın hakimiyyəti dövrü ilə müqayisə edək:
- Ermənilər yenə də qeyd-şərtsiz Qarabağa qayıda bilmirlər, bu mövzu üzrə cari vəziyyət dəyişməz olaraq qalır;
- Paşinyan sülh müqaviləsi üzrə Azərbaycanın şərtləri barədə tam xəbərdardır və bunu səsləndirir, lakin heç nə etmir. Bu səbəbdən, sülh müqaviləsi də, yuxarıda olduğu kimi, eynilə qeyri-müəyyən dövrə təxirə salınır;
- Ermənistan-Azərbaycan şərti sərhədində hazırda da Rusiya sərhədçiləri və Avropa missiyası var;
- Zəngəzur dəhlizi məsələsində hazırki İrəvan administrasiyası Ermənistandan maneəsiz keçidə qarşı olduğu üçün bu istiqamətdə heç bir irəliləyiş yoxdur;
- Hal-hazırda geosiyasi rəqabət kontekstində Qərb Fransanın təşəbbüsü və Paşinyanın vasitəsilə Gürcüstan-Ermənistan xəttini formalaşdırmağa və bununla da Azərbaycanı şantaj etməyə cəhd edir.
Beləliklə də, əgər Ermənistanda Rusiyayönümlü hakimiyyət olarsa, Azərbaycanın şərtlərinin İrəvan tərəfindən qəbulu qeyri-mümkün olacaq. Lakin onsuz da Paşinyan dövründə də məhz bizim tələblərimiz yerinə yetrilmədiyi üçün bir çox məsələlər üzrə məqbul nəticəyə çatmaq mümkün olmayıb.
Odur ki, Qarabağ erməniləri və sülh sazişi, eləcə də şərti sərhəddəki xarici qüvvələr mövzularında Azərbaycan üçün Qərbpərəst və ya Rusiyapərəst Ermənistan hökuməti arasında heç bir fərq yoxdur. Hətta bəzi məqamlar nəzərə alınarsa, xüsusən də Zəngəzur dəhlizi və Qərbin Bakıya ehtiyacı məsələsində İrəvan administrasiyasının Rusiyapərəstliyi Azərbaycanın maraqları baxımından daha əlverişlidir. Ona görə də Paşinyan Azərbaycana qarşı təhdidlərini dayandırmalı, onun yeni himayədarları isə başa düşməlidirlər ki, Bakının maraqlarına məhəl qoymamaq Qərbin regionda bütün oyununu poza bilər.
Daha ətraflı: https://cssc.az/az/view/2/52/azerbaycanin_tercihi:_ermenistanda_rusiyayonumlu_yoxsa_qerbyonumlu_hakimiyyet?