BMTM: Ermənistan və Azərbaycan sülh sazişi üzərində işi intensivləşdirir

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Ermənistan və Azərbaycan sülh sazişi üzərində işi intensivləşdirir” sərlövhəli məqaləsi Ceymstaun Fondunun “Eurasia Daily Monitor” nəşrində dərc edilib.

Məqalədə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin cari ilin mayında Almatı, daha əvvəl isə fevralda Berlində apardığı danışıqların əsas istiqamətləri, regionda baş verən son proseslərlə bağlı qısa məlumat verilir. Qeyd edilir ki, bu hadisələr Ermənistan-Azərbaycan sülh prosesində irəliləyiş olması və hər iki tərəfin münasibətləri inkişaf etdirmək istəyindən xəbər verir.

“Görüşdən sonra hər iki xarici işlər naziri mətbuata eyni açıqlamanı verdi. Vacib məqam isə delimitasiya prosesi üçün hansı xəritələrdən istifadə olunacağı ilə bağlı  razılaşma oldu. Daha əvvəl tərəflər bu məsələ ilə bağlı əks fikirlərdə idilər. Ermənistan 1975-ci il xəritəsinin əsas götürülməsini təklif etsə də, Azərbaycan yeni sərhədlərin yalnız bir xəritə əsasında müəyyənləşdirilməməsində israr etmişdi”.

V. Hüseynov qeyd edir ki, bununla belə, mətbuat üçün olan açıqlamada tərəflər fikir ayrılıqlarının hələ də qaldığını etiraf etmişdilər.

“Daha əvvəlki açıqlamalara nəzər salsaq, bu məsələlərdən bəzilərinin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu və regional tranzit marşrutlarının yenidən açılması ilə bağlı  olmasını ehtimal etmək olar. Sonuncu məsələ ilə bağlı vəziyyət daha mürəkkəb xarakter daşıyır”.

Yekunda müəllif bildirir ki, sözügedən çağırışlar fonunda iki  ölkənin yaxın aylarda hərtərəfli sülh sazişinin imzalaması çətin görünür.

“Lakin ilin sonuna qədər Bakı və İrəvanın fundamental prinsiplər üzrə razılığa gəlməsi mümkündür”,-deyə V. Hüseynov diqqətə çatdırır.

*Aşağıdakı linkə keçid edərək məqalə ilə ətraflı tanış olmaq mümkündür.

https://jamestown.org/program/armenia-and-azerbaijan-step-up-work-on-peace-deal/