“Məkkə sazişi”: Qərbi Asiya və Cənubi Asiyanın kəsişməsində yeni güc mərkəzi

Yaxın Şərqdə eskalasiyanın davam etdiyi və Fars körfəzində qeyri-sabitliyin artdığı bir şəraitdə regionun ağır çəkili aktorları öz təhlükəsizliklərini təmin etmək üçün yeni addımlar atır. Prosesin ən uğurlu nümunəsi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan “Məkkə sazişi”dir. ABŞ-İran qarşıdurmasının davam etdiyi şəraitdə bu üç ölkənin birgə hərəkəti “kollektiv təhdidlərə cavab mexanizmi” funksiyasına çevrilir.

Sazişin birbaşa sələfi 2025-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı ilə Pakistan arasında imzalanan “Strateji Qarşılıqlı Müdafiə Haqqında Razılaşma” oldu hansı ki, həmin sənədlə “bir ölkəyə qarşı təcavüz digərinə qarşı təcavüz sayılır” prinsipini rəsmiləşdirmişdi. Məkkə sazişi isə bu ikitərəfli razılaşmanı daha geniş regional çərçivəyə çıxararaq yeni bir güc mərkəzinin təməlini qoyur.Belə ki,  burada Səudiyyənin maliyyə imkanları, Türkiyənin inkişaf etmiş hərbi-sənaye kompleksi və Pakistanın nüvə potensialı birləşdirilir.

Məkkə sazişinin ən konkret hərbi səmərələrindən biri müştərək silah platformasının qurulmasıdır. Sənədin icra istiqamətlərindən biri kimi Səudiyyə Ərəbistanı və Pakistanın Türkiyənin beşinci nəsil qırıcı təyyarəsi Kaan proqramına qoşulması nəzərdə tutulur. Kaanın ilk uçuşu 2024-cü il fevralın 21-də baş tutub, onun uzunluğu 21 metr, qanadları isə 14 metrdir və Türkiyə bu proqramla dünyada beşinci nəsil qırıcı istehsal edən sayılı ölkələr sırasına daxil olub.

Kaan proqramı ilə yanaşı, Məkkə sazişi Türkiyənin pilotsuz uçuş aparatları ixracatının daha da genişlənməsi üçün institusional çərçivə yaradır. Xatırladaq ki, Türkiyə son illərdə silah ixracatında kəskin artım nümayiş etdirib: 2014-2018 dövründə ixracat 170 faiz artıb və ölkə ən böyük 25 silah ixracatçısı sırasına daxil olub. 2023-cü ildə Türkiyənin müdafiə ixracatı 5,5 milyard ABŞ dolları səviyyəsinə çatıb ki, bu da əvvəlki illə müqayisədə 27 faiz artımdır.

Ər-Riyad üçün Məkkə sazişi daha geniş bir strateji kontekstin tərkib hissəsidir. Səudiyyə Ərəbistanı son onillikdə ABŞ-dan asılılığını azaltmaq və silah tədarükçülərini diversifikasiya etmək istiqamətində fəal siyasət yürüdür. Bu meylin başlıca səbəblərindən biri 2025-ci il sentyabrın 9-da İsrail tərəfindən Qətər ərazisinə edilmiş hava zərbəsidir ki, bu hadisə Səudiyyə təhlükəsizlik mühəndislərində “ABŞ-ın vasitəçiliyi çərçivəsində belə bir müttəfiqin zərbəyə məruz qala biləcəyi”nə dair ciddi narahatlıq yaradıb .Qətər mediativ rolunu oynayan, ABŞ-ın ən böyük hərbi bazasının yerləşdiyi və qlobal mayeləşdirilmiş təbii qaz ixracatçısı kimi fəaliyyət göstərən ölkə idi — İsrailin ona zərbə endirməsi Səudiyyə üçün ABŞ-ın regional zəmanətinin məhdudluğunu aydın göstərdi.

Bu kontekst ikinci vacib amillə — İranın nüvə irəliləyişi — ilə bağlıdır. Ər-Riyadın 2018-ci ildə verdiyi bəyanatda “əgər Tehran nüvə silahı əldə etsə, biz də alacağıq” mövqeyi ilə Səudiyyə Ərəbistanının İrana qarşı tarazlıq yaratmaq üçün nüvə çəkindiriciliyi variantını açıq saxladığı bilinir. Pakistan artıq faktiki nüvə dövlətidir və Strateji Qarşılıqlı Müdafiə Sazişinin “nüvə əməkdaşlığı” komponentini ehtiva etdiyi iddia olunur. Bunlar Səudiyyə Ərəbistanı üçün əsaslı bir strateji dividenddir — İranın nüvə silahına malik olduğu və ya malik ola biləcəyi bir şəraitdə, Pakistanın nüvə çəkindiriciliyinin dolayı təminatı Səudiyyə təhlükəsliyinə əsaslı töhfə verir

İslamabad üçün Məkkə sazişinin iqtisadi tərəfi xüsusilə aktuallıq kəsb edir. Pakistan struktural iqtisadi problemlərlə üzləşib: 2018-2024 dövründə ölkə 6 dəfə Beynəlxalq Valyuta Fondunun proqramlarına müraciət etməli olub. İnflyasiya dinamikası göstərir ki, inflyasiya yüksək səviyyədən aşağı düşsə də, maliyyə disbalansları və xarici kövrəklik davam edir. Son BVF proqramı çərçivəsində alınan vəsaitlərin ümumi həcmi 6,5 milyard ABŞ dolları və 3 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir. Belə bir şəraitdə Səudiyyə Ərəbistanından potensial maliyyə dəstəyi Pakistan üçün həyati əhəmiyyətə malikdir. Bununla yanaşı, Pakistan üçün geosiyasi risklər də var: təhlükəsizlik öhdəlikləri İslamabadı Yaxın Şərq böhranlarına cəlb edə bilər ki, burada əsas çağırışlar hələ də Hindistan və Əfqanıstan istiqamətində qalır.

Ankara üçün Məkkə sazişi, 2020-ci illərin əvvəllərində başlayan Türkiyə-Səudiyyə yaxınlaşmasının təbii davamıdır. İki ölkə arasında 2023-cü ilin iyulunda ardıcıl çoxmilyardlıq dollarlıq müqavilələr imzalanıb ki, bu da onilliklər ərzində davam edən gərginliyin “qəfil əriməsi” hesab olunur.

Türkiyə üçün bu saziş bir neçə funksiyanı yerinə yetirir. Birincisi, İslam dünyasında lider mövqeyinin daha da güclənməsi — bu, Ərdoğanın “neo-osmanlı” xarici siyasət konsepsiyasının tərkib hissəsidir. İkincisi, ikitərəfli müdafiə əməkdaşlığından daha geniş regional təhlükəsizlik arxitekturasına keçid imkanı. Üçüncüsü, ABŞ və digər NATO üzvləri ilə münasibətlərdə alternativ tərəfdaşlıq platformasının qurulması. Təbii ki, burada risk də var: Aİ və ABŞ bu cür sazişi “qərb institutlarından kənar alternativ təhlükəsizlik mexanizmlərinin yaradılması cəhdi” kimi qiymətləndirə bilər, xüsusilə Türkiyə ilə ABŞ arasındakı F-35 proqramı və S-400 məsələsi fonunda.

Türkiyənin eyni anda Suriya, Şərqi Aralıq dənizi, Cənubi Qafqaz və Qara dəniz regionunda aktivliyi nəzərə alındıqda, Məkkə sazişi Ankaranın “çoxbölgəli regional güc” mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda Ankara Pakistanla hərbi-texniki əməkdaşlığı 2021-ci ildə Bakıda keçirilmiş üçtərəfli təlimlər formatında rəsmiləşdirib ki, bu da Məkkə sazişinin hərbi səmərəliliyinin test edilməsinin əlaməti sayıla bilər.

Vaşinqton üçün Məkkə sazişinin qiymətləndirilməsi iki paralel müstəvidə aparılmalıdır. Bir tərəfdən, üç ölkənin potensialının güclənməsi regional sabitliyə müsbət töhfə verə və ABŞ-ın regionda strateji çəkisini qoruyarkən yerli aktorların öz təhlükəsizliklərini daha çox qəbul etməsinə şərait yarada bilər.Digər tərəfdən isə, müstəqil hərbi-siyasi birləşmənin yaranması Vaşinqtonun Səudiyyənin “əsas xarici təhlükəsizlik təminatçısı” rolunu avtomatik zəiflədir.

Məkkə sazişinin geosiyasi təhlili göstərir ki, üç iştirakçının bir-birini istisna etməyən, lakin konkret hərbi-texniki və iqtisadi əməkdaşlıq formatında birləşməsi “Müsəlman dünyasının hərbi-siyasi koalisiyası” anlayışından daha realist bir formuldur. Hər bir iştirakçının fərqli strateji prioritetləri var: Türkiyə Suriya, Şərqi Aralıq dənizi, Cənubi Qafqaz və Qara dəniz regionuna fokuslanıb; Pakistan Hindistan və Əfqanıstan istiqamətinə diqqət yetirir; Səudiyyə Ərəbistanı isə Fars körfəzi təhlükəsizliyinə konsentrasiya edir.

Məkkə sazişinin üç imzaçısı arasında Türkiyə və Pakistan Azərbaycanın ən yaxın strateji tərəfdaşlarıdır. Məkkə sazişi Azərbaycana birbaşa qoşulmasa da, onun əsas iştirakçıları ilə Bakının qurduğu çoxillik strateji tərəfdaşlıq sistemi sayəsində Azərbaycan bu yeni regional güc mərkəzinin mənfəət zonasına daxil edilmişdir. Azərbaycanın çoxvektorlu xarici siyasətinin təməl prinsipləri — heç bir blokun forpostu olmamaq, eyni platformada müxtəlif gücləri birləşdirmək və iqtisadi əməkdaşlıqla regional sabitliyi gücləndirmək — Məkkə sazişinin Bakıya verdiyi əsas dividenddir. Orta Dəhliz layihəsi üzərindən Azərbaycanın artan tranzit rolu, Cənub Qaz Dəhlizi ilə Avropaya etibarlı enerji tədarükü və Zəngəzur dəhlizinin açılması perspektivləri Məkkə sazişinin regional arxitekturası çərçivəsində daha sabit təməl tapmış olur. Bakının bu mərhələdə strateji vəzifəsi sadədir: Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı oxunun Yaxın Şərq və Cənubi Asiyada güclənməsini öz çoxvektorlu siyasətinin təbii genişlənməsi kimi qəbul edərək, bu üçbucağın Cənubi Qafqazdakı əsas strateji qovşağı olmaq mövqeyini qorumaqdır.

Son olaraq qeyd edək ki, Məkkə sazişinin davamlılığı bir neçə amildən asılı olacaq: Pakistanın iqtisadi sabitliyini nə dərəcədə təmin edə biləcəyindən, Türkiyənin hərbi-sənaye istehsalının Kaan və digər platformalarla vaxtında reallaşmasından, və Səudiyyə Ərəbistanının İran və İsrail istiqamətində eyni anda balanslaşdırma qabiliyyətindən. Əgər bu üç şərt reallaşsa, Məkkə sazişi XXI əsrin ikinci onilliyinin ən mühüm regional geosiyasi hadisələrindən birinə çevriləcək. Əks halda bu, daha bir regional koalisiya cəhdi olaraq tarixdə qalacaq. Lakin hər iki halda, Məkkə sazişi artıq Qərbi Asiya və Cənubi Asiya arasındakı geosiyasi sərhəddin köklü şəkildə yenidən çəkilməsinin simvolu olub.

 

Şəbnəm Zeynalova

Bakı Politoloqlar Klubunun siyasi eksperti

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent