Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji xarakteri

Azərbaycan–Avropa İttifaqı münasibətləri müasir dövrdə Azərbaycanın balanslaşdırılmış və çoxvektorlu xarici siyasət konsepsiyasının ən mühüm istiqamətlərindən biri kimi çıxış edir. Müstəqillik dövründən etibarən rəsmi Bakı xarici siyasətini müxtəlif güc mərkəzləri arasında milli maraqlara əsaslanan çevik əməkdaşlıq modeli üzərində formalaşdırmışdır. Məhz bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın həm Qərb institutları ilə siyasi dialoqunun, həm də qlobal iqtisadi sistemə inteqrasiyasının əsas platformalarından birinə çevrilmişdir.

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bu əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanan funksional strateji tərəfdaşlıq xarakteri daşıyır. Rəsmi Bakı heç vaxt Avropa İttifaqına üzvlüyü xarici siyasətin məqsədi kimi müəyyənləşdirməmiş, münasibətləri suveren bərabərlik, qarşılıqlı fayda və milli maraqlar prinsipləri üzərində qurmağa üstünlük vermişdir. Belə bir yanaşma Azərbaycanın həm Avropa İttifaqı, həm ABŞ, həm Çin, həm də digər qlobal və regional güclərlə paralel şəkildə əməkdaşlıq etməsinə imkan yaratmışdır.

Son illərdə formalaşan yeni geosiyasi reallıqlar bu siyasətin effektivliyini daha aydın nümayiş etdirir. Bir tərəfdən Azərbaycan ABŞ ilə enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, regional sabitlik və təhlükəsizlik məsələlərində strateji tərəfdaşlığını inkişaf etdirir. Digər tərəfdən, Çin ilə 2024-cü ildə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması haqqında Birgə Bəyanat”ın, 2025-ci ildə isə bu münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində qəbul edilən sənədlərin imzalanması Bakı–Pekin əlaqələrini keyfiyyətcə yeni mərhələyə çıxarmışdır. Eyni zamanda Avropa İttifaqı Azərbaycan üçün əsas ixrac bazarlarından biri, ən böyük investisiya tərəfdaşı və enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş olaraq qalmaqdadır.

Azərbaycan–Avropa İttifaqı münasibətlərinin formalaşması tarixi, hüquqi və geosiyasi amillərin qarşılıqlı təsiri nəticəsində yaranmış mürəkkəb tərəfdaşlıq modelidir. Xəzər hövzəsinin enerji ehtiyatları, Cənubi Qafqazın Avropa ilə Asiyanı birləşdirən tranzit mövqeyi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, yaşıl enerji layihələri və regional təhlükəsizlik məsələləri Azərbaycanı Avropa İttifaqının Cənubi Qafqaz siyasətində xüsusi əhəmiyyət kəsb edən tərəfdaşa çevirmişdir.

Tarixi baxımdan Azərbaycan–Avropa İttifaqı münasibətlərinin institusional əsası müstəqilliyin ilk illərində yaradılmışdır. Azərbaycan Respublikasının Avropa İttifaqı ilə ilk rəsmi müqavilə-hüquqi sənədi olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) 22 aprel 1996-cı ildə Lüksemburqda imzalanmış, 1 iyul 1999-cu ildə qüvvəyə minmişdir. Ən mühüm məqamlardan biri ondan ibarət idi ki, TƏS Azərbaycanı Avropa İttifaqı ilə münasibətlərdə müstəqil tərəfdaş kimi tanıyır və qarşılıqlı öhdəlikləri beynəlxalq hüququn ümumi prinsipləri əsasında müəyyənləşdirirdi.

2004-cü ildə Azərbaycanın Avropa Qonşuluq Siyasətinə daxil edilməsi əməkdaşlığın siyasi gündəliyini genişləndirdi. 2006-cı ildə qəbul olunan Fəaliyyət Planı dövlət idarəçiliyi, iqtisadi islahatlar, sərhəd təhlükəsizliyi, enerji, məhkəmə sistemi və insan kapitalının inkişafı kimi istiqamətlər üzrə konkret əməkdaşlıq mexanizmlərini müəyyən etdi. Daha sonra, 2009-cu ildə təsis edilən Şərq Tərəfdaşlığı proqramı Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqu daha da intensivləşdirdi.

Bununla belə, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin digər Şərq Tərəfdaşlığı ölkələrindən prinsipial fərqi mövcuddur. Gürcüstan, Moldova və Ukrayna münasibətlərini Avropa inteqrasiyası və Assosiasiya Sazişi modeli üzərində qurduğu halda, Azərbaycan əməkdaşlığı heç vaxt üzvlük perspektivi ilə əlaqələndirməmişdir. Rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərdə milli suverenliyin qorunmasını, xarici siyasətdə qərarvermə müstəqilliyini və qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu tərəfdaşlığı prioritet hesab etmişdir. Məhz bu səbəbdən Azərbaycan Assosiasiya Sazişi əvəzinə yeni, daha çevik və tərəflərin maraqlarını əks etdirən hərtərəfli əməkdaşlıq sazişi üzrə danışıqlar aparmağa üstünlük vermişdir. Siyasi baxımdan bu yanaşma Azərbaycanın xarici siyasət fəlsəfəsinin əsas xüsusiyyətini əks etdirir.

Hüquqi baxımdan Azərbaycan–Avropa İttifaqı münasibətləri beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan müqavilə-hüquqi çərçivə üzərində qurulmuşdur. Rəsmi Bakı Avropa İttifaqı ilə əməkdaşlığın bütün mərhələlərində dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və qarşılıqlı fayda prinsiplərini dəyişməz siyasi xətt kimi müdafiə etmişdir.  Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında yeni hərtərəfli çərçivə sazişi üzrə aparılan danışıqlar da bu hüquqi bazanın XXI əsrin geosiyasi və iqtisadi reallıqlarına uyğun yenilənməsini hədəfləyir.

Azərbaycan–Avropa İttifaqı hüquqi münasibətlərində dönüş nöqtələrindən biri 18 iyul 2022-ci ildə Bakıda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Prezident İlham Əliyev tərəfindən imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” olmuşdur. Memoranduma əsasən tərəflər 2027-ci ilədək Avropaya Azərbaycan təbii qazının ixrac həcmini ildə ən azı 20 milyard kubmetrə çatdırmaq niyyətini bəyan etdilər. Xəzər dənizinin külək enerjisi potensialının istifadəsi, hidrogen texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması və yaşıl enerji keçidi istiqamətlərində də uzunmüddətli əməkdaşlıq mexanizmlərini müəyyənləşdirdi.

2022-ci ildə Avropada yaranmış enerji böhranı və Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi dəyişikliklər Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi strategiyasını sürətləndirdi. Belə şəraitdə Azərbaycan etibarlı, siyasi riskləri minimum olan və uzunmüddətli öhdəliklərə sadiq enerji tərəfdaşı kimi ön plana çıxdı. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıda Azərbaycanı “etibarlı tərəfdaş” adlandırması da məhz bu strateji yanaşmanın siyasi ifadəsi idi.

Siyasi dialoq da institusional mexanizmlər vasitəsilə davamlı xarakter almışdır. Son illərdə Prezident İlham Əliyevin Avropa İttifaqı rəhbərliyi ilə keçirdiyi müntəzəm görüşlər, Avropa Komissiyasının rəhbərliyinin Bakıya səfərləri və COP29 çərçivəsində aparılan siyasi dialoq da göstərir ki, Azərbaycan–Aİ münasibətləri artıq Avrasiyanın enerji, nəqliyyat və geosiyasi təhlükəsizlik arxitekturasının mühüm komponentlərindən birinə çevrilmişdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə Azərbaycanın öz suverenliyini bütün ərazisində tam bərpa etməsi Cənubi Qafqazın geosiyasi arxitekturasını əsaslı şəkildə dəyişdirdi. Yeni regional reallıqlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinə də fərqli siyasi məzmun qazandırdı. Məhz bu reallıqlar fonunda Brüssel platforması Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas diplomatik formatlarından birinə çevrildi. 2021–2023-cü illərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən çoxtərəfli görüşlər regionda sülh sazişi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması və humanitar məsələlərin müzakirəsi baxımından mühüm siyasi platforma rolunu oynadı. Bununla yanaşı, Azərbaycan bütün danışıqlar prosesində öz mövqeyini beynəlxalq hüququn fundamental prinsipləri – dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında formalaşdırdığını ardıcıl şəkildə bəyan etmişdir. Azərbaycanın yanaşmasına görə, regionda uzunmüddətli sülh yalnız beynəlxalq hüququn selektiv deyil, universal tətbiqi əsasında mümkün ola bilər.

Azərbaycan–Avropa İttifaqı münasibətlərinin ən mühüm strateji istiqaməti enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlığın əsasını Cənub Qaz Dəhlizi təşkil edir. Təxminən 3500 kilometr uzunluğa malik olan bu inteqrasiya olunmuş enerji sistemi “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri , Trans-Anadolu Boru Kəməri (TANAP)və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrini birləşdirir. Layihənin ümumi investisiya dəyəri təxminən 40 milyard ABŞ dolları təşkil etmişdir. 2020-ci ilin sonunda TAP-ın kommersiya istismarına verilməsi ilə Azərbaycan qazı ilk dəfə birbaşa Avropa İttifaqı bazarına çıxarıldı. Hazırda Azərbaycan qazı İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Slovakiya və digər Avropa ölkələrinə ixrac olunur.

Xəzər dənizinin böyük külək enerjisi potensialı, Azərbaycanın yaşıl enerji zonaları konsepsiyası, Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan Azərbaycan–Gürcüstan–Rumıniya–Macarıstan yaşıl enerji kabeli layihəsi, yaşıl hidrogen istehsalı perspektivləri və bərpa olunan enerji texnologiyalarının inkişafı münasibətləri enerji keçidi mərhələsinin strateji tərəfdaşlığına çevirir.

Son olaraq qeyd edək ki,  Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlıq, Çin ilə hərtərəfli strateji tərəfdaşlıq və Avropa İttifaqı ilə strateji xarakter daşıyan əməkdaşlığı paralel şəkildə inkişaf etdirməsinə imkan vermişdir. Məhz bu çexvektorlu diplomatik model Azərbaycanın qlobal güclər arasında etibarlı, müstəqil və praqmatik tərəfdaş kimi beynəlxalq mövqeyini daha da möhkəmləndirən əsas amillərdən biri kimi qiymətləndirilə bilər.

Şəbnəm Zeynalova

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Bakı Politoloqlar Klubunun eksperti