Azərbaycan və ATƏT arasında münasibətlər postmüharibə dövründə

İsveçrənin Federal Şurasının üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri və eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassisin Azərbaycana ilk rəsmi səfəri Cənubi Qafqazda dəyişən təhlükəsizlik arxitekturası fonunda xüsusi siyasi əhəmiyyət daşıyır. İqnazio Kassisin səfər zamanı verdiyi mesajlar göstərir ki, ATƏT regiona əvvəlki yanaşmasını yenidən nəzərdən keçirməyə başlayır və təşkilatın fəaliyyəti münaqişələrin idarə edilməsindən daha çox əməkdaşlıq platformalarının formalaşdırılmasına doğru transformasiya olunur.

Son illərdə Cənubi Qafqazın geosiyasi reallığı köklü şəkildə dəyişib. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində yaranan yeni hərbi-siyasi balans, 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində konstitusiya quruluşunu tam bərpa etməsi – regionun təhlükəsizlik arxitekturasını əsaslı şəkildə yenidən formalaşdırdı. Əgər əvvəlki üç onillik ərzində Cənubi Qafqaz “dondurulmuş münaqişə” modeli ilə xarakterizə olunurdusa, hazırda region postmünaqişə mərhələsinə keçərək yeni geosiyasi məntiq əsasında inkişaf etməyə başlayıb.

Uzun müddət region beynəlxalq təşkilatlar, böyük güclər və təhlükəsizlik institutları tərəfindən daha çox münaqişə və böhran coğrafiyası kimi qəbul olunurdu. ATƏT, Avropa İttifaqı, BMT və digər beynəlxalq aktorların siyasəti də əsasən münaqişənin idarə olunması, eskalasiyanın qarşısının alınması və vasitəçilik mexanizmlərinin saxlanılması üzərində qurulmuşdu. Yəni beynəlxalq institutların regiona baxışı inkişaf, inteqrasiya və iqtisadi əməkdaşlıqdan daha çox təhlükəsizlik risklərinin idarə edilməsinə fokuslanmışdı.

Xüsusilə ATƏT üçün Qarabağ münaqişəsi təşkilatın Cənubi Qafqazdakı fəaliyyətinin əsas legitimlik mənbəyi idi. 1992-ci ildə yaradılmış Minsk prosesi və daha sonra formalaşan Minsk qrupu təşkilatın region siyasətinin institusional əsasını təşkil edirdi. Uzun illər ərzində ATƏT-in Cənubi Qafqazdakı siyasi çəkisi, diplomatik fəallığı və beynəlxalq nüfuzu məhz bu vasitəçilik mandatı ilə ölçülürdü. Başqa sözlə, təşkilatın regiondakı institusional mövcudluğu demək olar ki, tamamilə münaqişənin mövcudluğu ilə şərtlənirdi.

Lakin 2020–2023-cü illərdə baş verən hadisələr bu institusional modeli kökündən dəyişdirdi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam bərpa etməsi və regionda yeni status-kvonun formalaşması nəticəsində ATƏT-in əvvəlki fəaliyyət konsepsiyası öz funksional əsasını itirdi.  Bunun ən mühüm siyasi göstəricilərindən biri 2025-ci il 1 dekabr tarixində ATƏT-in Minsk qrupunun fəaliyyətinin rəsmi şəkildə dayandırılması oldu. Təxminən otuz ilə yaxın müddətdə Qarabağ münaqişəsinin həlli üçün yaradılmış bu mexanizmin fəaliyyətinin başa çatdırılması əslində, postsoyuq müharibə dövründə formalaşmış regional təhlükəsizlik modelinin də sona çatmasının hüquqi və siyasi təsdiqi kimi qiymətləndirilə bilər.
Həmin mərhələdən sonra ATƏT qarşısında tamamilə yeni strateji sual meydana çıxdı: artıq mövcud olmayan bir münaqişə üzərində legitimlik qazanan təşkilat öz regional rolunu hansı əsaslar üzərində yenidən qura bilər?

Məhz bu kontekstdə İsveçrənin ATƏT-ə sədrliyi dövründə müşahidə olunan yeni yanaşma diqqəti cəlb edir. İqnazio Kassisin Bakıdan verdiyi mesajlarda “dialoq”, “sabitlik”, “rifah”, “innovasiya”, “ticarət” və “iqtisadi əməkdaşlıq” anlayışlarının ön plana çıxarılması göstərir ki, təşkilat regiona artıq təhlükəsizlik böhranı prizmasından deyil, əməkdaşlıq imkanları prizmasından yanaşmağa başlayır.
Əslində, formalaşmaqda olan bu yeni yanaşma ATƏT-in institusional fəlsəfəsi üçün tamamilə yeni hesab edilə bilməz. Təşkilatın ideoloji və normativ əsaslarını təşkil edən 1975-ci il Helsinki Yekun Aktı təhlükəsizlik anlayışını heç vaxt yalnız hərbi-siyasi müstəvi ilə məhdudlaşdırmayıb. Helsinki prosesi Avropada təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək onu üç qarşılıqlı əlaqəli ölçü üzərində qurmuşdu: hərbi-siyasi təhlükəsizlik, iqtisadi və ekoloji əməkdaşlıq, insan hüquqları və humanitar əlaqələr. Sonradan ATƏT-in fəaliyyətində “üç səbət” kimi tanınan bu konsepsiya təşkilatın digər beynəlxalq təhlükəsizlik institutlarından fərqlənən əsas xüsusiyyətinə çevrildi.  Həmin modelin mahiyyəti ondan ibarət idi ki, davamlı sülh yalnız silahlı qarşıdurmaların qarşısının alınması ilə deyil, dövlətlər arasında iqtisadi qarşılıqlı asılılığın artırılması, siyasi dialoqun davamlılığı və cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsi ilə mümkündür.
Lakin Cənubi Qafqazda Qarabağ münaqişəsinin təxminən otuz il ərzində regional gündəliyə dominantlıq etməsi ATƏT-in bu çoxölçülü təhlükəsizlik konsepsiyasının tam reallaşmasına imkan vermədi. Məhz buna görə postmünaqişə mərhələsi ATƏT üçün yeni imkanlar dövrüdür. Qarabağ müharibəsinin başa çatması təşkilata öz fəaliyyətini ilkin Helsinki fəlsəfəsinə uyğun şəkildə yenidən balanslaşdırmaq imkanı yaradır. Başqa sözlə, ATƏT regiona artıq təhlükəsizlik, iqtisadi inteqrasiya, enerji əməkdaşlığı, nəqliyyat bağlantıları, rəqəmsal transformasiya, iqlim dayanıqlılığı və insan təhlükəsizliyi kimi bir-birini tamamlayan komponentlər əsasında yanaşa bilər. İsveçrənin bu prosesdə oynadığı rol da ayrıca diqqətə layiqdir. Neytrallıq siyasəti, vasitəçilik ənənəsi və çoxtərəfli diplomatiyadakı nüfuzu Bernə ATƏT daxilində xüsusi etimad qazandırır.
Diqqət çəkən məqamlardan biri İqnazio Kassisin Azərbaycanın “Şərqlə Qərb arasında körpü” rolunu xüsusi vurğulamasıdır. Belə bir  yanaşma Avrasiyada dəyişən geoiqtisadi reallıqların və beynəlxalq ticarət marşrutlarının yenidən formalaşmasının İsveçrə və ATƏT səviyyəsində qəbul edilməsinin göstəricisidir. Əgər əvvəlki onilliklərdə Azərbaycan daha çox enerji ixracatçısı kimi qiymətləndirilirdisə, hazırda ölkə Avrasiyanın əsas tranzit, logistika və strateji bağlantı mərkəzlərindən biri kimi qəbul olunur.
Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Avropa ilə Asiya arasında ənənəvi nəqliyyat marşrutlarının geosiyasi risklərinin artması Orta Dəhlizin strateji əhəmiyyətini nəzərəçarpacaq dərəcədə yüksəldib. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq Avropa İttifaqının iqtisadi təhlükəsizliyi, təchizat zəncirlərinin şaxələndirilməsi və Avrasiyada alternativ bağlantı siyasətinin əsas elementlərindən birinə çevrilməkdədir. Azərbaycan isə bu marşrutun coğrafi iştirakçısı olmaqdan daha çox onun siyasi sabitliyini, institusional koordinasiyasını və infrastruktur dayanıqlığını təmin edən aparıcı aktora çevrilib. Bakı artıq Avrasiya iqtisadi inteqrasiyasının əsas geosiyasi qovşaqlarından biri kimi qəbul edilir.
Eyni zamanda Avropanın enerji təhlükəsizliyinin yeni arxitekturasında Cənub Qaz Dəhlizi, yaşıl enerji ixracı layihələri, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın enerji resurslarının Qərb bazarlarına çıxarılması perspektivləri və rəqəmsal bağlantı layihələri ölkənin geoiqtisadi çəkisini daha da artırır.
İqnazio Kassisin çıxışında təhlükəsizlik məsələləri ilə yanaşı ticarət, innovasiya və iqtisadi əməkdaşlığın xüsusi yer tutması ATƏT-in Cənubi Qafqaza münasibətdə konseptual transformasiyasının ilk açıq siyasi siqnallarından biri kimi qiymətləndirilə bilər. Yeni geosiyasi reallıqlar göstərir ki, davamlı sabitliyin təmin olunması dövlətlər arasında qarşılıqlı iqtisadi asılılığın, nəqliyyat bağlantılarının, investisiya axınlarının və texnoloji əməkdaşlığın genişləndirilməsi ilə mümkün hesab edilir.
İqnazio Kassisin Bakını regional diplomatik turunun ilk dayanacağı seçməsi və buradan Türkmənistana yollanacağını açıqlaması Xəzər hövzəsini vahid geosiyasi və geoiqtisadi məkan kimi qəbul edən yeni strateji baxışın ifadəsidir. Avropa İttifaqının Qlobal qapı  təşəbbüsü, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsi, Mərkəzi Asiya üzrə yenilənmiş Avropa strategiyası, eləcə də Çinlə Avropa arasında alternativ yük dəhlizlərinin inkişafı eyni strateji məntiqə əsaslanır. Son illərdə Transxəzər yükdaşımalarının artması, yaşıl enerji layihələrinin gündəmə gəlməsi, rəqəmsal kabel infrastrukturu, limanların modernləşdirilməsi və Orta Dəhlizin institusional inkişafı Xəzər regionunu vahid iqtisadi platformaya çevirməkdədir. Kassisin səfər ardıcıllığı məhz bu inteqrasiya prosesinin siyasi və diplomatik səviyyədə də dəstəkləndiyini göstərir.
Son olaraq qeyd edək ki , əgər son otuz il ərzində təşkilatın regional identikliyi Minsk qrupu və vasitəçilik missiyası ilə müəyyənləşirdisə, postmünaqişə dövründə bu identiklik iqtisadi bağlantılar, regional inteqrasiya və funksional əməkdaşlıq üzərində yenidən qurulur. Təşkilatın gələcək uğuru isə keçmiş münaqişə mərkəzli gündəmdən nə dərəcədə uzaqlaşaraq Avrasiyanın dəyişən geoiqtisadi reallıqlarına uyğun çevik və funksional əməkdaşlıq platforması formalaşdıra bilməsindən asılı olacaq.

Şəbnəm Zeynalova

Bakı Politoloqlar Klubunun (Mərkəzinin) siyasi eksperti
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent