Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var – Neft Araşdırmaları Mərkəzi

Bizim energetika sahəsində çox böyük planlarımız var. Artıq qeyd olunduğu kimi, burada 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur.

Bu barədə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı mayın 19-da Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə (Azərbaycana və İrana) əlavə fayda verəcək.

Bildirməliyəm ki, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr bizim ərazimizin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq.

Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq, deyə Azərbaycanın dövlət başçısı bildirib.

Daha ətraflı: https://caspianbarrel.org/2024/05/az-rbaycan-prezidenti-bizim-energetika-sah-sind-cox-boyuk-planlarimiz-var/