Yeni geosiyasi reallıqlarda ABŞ-Azərbaycan münasibətləri

Son illərdə dünya siyasətində və regionlarda baş verən dəyişikliklər ABŞ-Azərbaycan münasibətlərini yeni müstəviyə çıxarmışdır. Xüsusilə 2020-ci ildə Ermənistan – Azərbaycan münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması və ardınca qlobal güclər arasında artan rəqabət Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırdı. Bu mürəkkəb qlobal və regional geosiyasi kontekst fonunda Azərbaycan, enerji təhlükəsizliyi, nəqliyyat-tranzit marşrutları və terrorizmə qarşı mübarizə kimi strateji sahələrdə ABŞ üçün əhəmiyyətli tərəfdaşa çevrilmişdir. İkitərəfli əlaqələrin inkişaf dinamikası göstərir ki, ABŞ-Azərbaycan münasibətləri artıq keçmişin məhdudiyyətlərini geridə qoyaraq qarşılıqlı maraqlara, praqmatizmə və konkret əməkdaşlıq imkanlarına əsaslanan strateji tərəfdaşlıq müstəvisinə yüksəlmişdir.

İki ölkə arasında münasibətlərin tarixinə nəzər saldıqda əminliklə demək olar ki, Prezident Donald Trampın administrasiyası dövründə ABŞ – Azərbaycan münasibətləri yeni mərhələyə daxil olub. Bunun da əsas səbəblərindən biri odur ki, Tramp administrasiyası ənənəvi ideoloji yanaşmalardan fərqli olaraq milli maraqlara əsaslanan, praqmatik və nəticəyönümlü xarici siyasət kursu götürdü. Tramp administrasiyasının dövründə Vaşinqton ideoloji məsələlərlə bağlı tənqidlərini arxa plana keçirərək, Azərbaycanla praqmatik əməkdaşlığı ön plana çıxardı. Nəticədə həm 2017-2020-ci illərdə, həm də ötən ilin yanvarından başlayaraq ikitərəfli münasibətlərdə qarşılıqlı etimad artdı, enerji, təhlükəsizlik və digər sahələrdə dialoq intensivləşdi. Bunun əksinə, 2021-2024-cü illərdə mövcud olmuş ABŞ rəhbərliyi zamanı bəzi dairələrin təsiri ilə Azərbaycana münasibətdə soyuqluq müşahidə olunurdu. Lakin 2024-cü ildə Donald Trampın yenidən prezident seçilməsi ilə əlaqələrə yeni bir impuls verildi. Liderlər arasında telefon danışıqları və məktub mübadilələri həyata keçirildi, Prezident İlham Əliyev Trampın xarici siyasətini bir sıra çıxışlarında müsbət qiymətləndirdi. Beləliklə, Trampın yenidən hakimiyyətə gəlişi ABŞ-Azərbaycan münasibətlərini qeyd etdiyimiz kimi yeni mərhələyə daxil etdi.

Bu yeni mərhələnin mühüm göstəricilərindən biri ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi məhdudlaşdırıcı qanun – Azadlığa Dəstək Aktının 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması barədə Preident Trampın qərarı oldu. Vaxtilə Ermənistanın uydurma blokadası iddiaları ilə Azərbaycana birbaşa yardımı qadağan edən bu ədalətsiz düzəliş uzun illər ikitərəfli münasibətlərdə maneə sayılırdı. Tramp administrasiyası dövründə həmin 907-ci düzəlişin icrası faktiki dayandırıldı və onun praktik təsiri de-fakto zərərsizləşdirildi. 2025-ci ildə Vaşinqtonda bu barədə rəsmi sənəd elan olundu və Prezident İlham Əliyev bunu “33 il sonra ədalətin bərpası” adlandırdı. Bu addım Amerikanın Azərbaycana təhlükəsizlik və müdafiə sahəsində yardım və satışlarını asanlaşdırmaqla yanaşı, iki ölkə arasında iqtisadi-maliyyə əməkdaşlığının genişlənməsinə təkan verəcək mühüm qərar kimi qiymətləndirildi.

ABŞ–Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiq edən ən mühüm hadisələrdən biri 2025-ci il avqustun 8-də Vaşinqtonda baş tutmuş yüksək səviyyəli görüş oldu. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda keçirilən bu üçtərəfli sammitdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edirdi. Görüş Cənubi Qafqazda uzunmüddətli münaqişənin həllinə doğru atılan ən əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü və regionda “yeni dünya düzəninin” formalaşması yolunda rəmzi bir dönüş nöqtəsi hesab olundu. Məhz Vaşinqton görüşü çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri sülh sazişinin ilkin mətni üzərində razılığa gələrək onu parafladılar, habelə 30 il ərzində səmərəsiz qalmış ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə təşəbbüs göstərdilər. Bununla regionda münaqişə sonrası dövrdə yeni əməkdaşlıq perspektivlərinin əsasları qoyuldu.

Vaşinqton görüşünün digər mühüm nəticəsi ABŞ-Azərbaycan əlaqələrinin strateji səviyyəyə yüksəlməsinin rəsmən təsdiqlənməsi oldu. Belə ki, avqustun 8-də Ağ Evdə Prezident İlham Əliyevin işgüzar səfəri zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. Bu tarixi sənəd Azərbaycan ilə ABŞ arasındakı münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi və onları institusional çərçivəyə saldı. Digər tərəfdən, həmin gün ABŞ Ermənistanla da ayrı-ayrılıqda bir neçə sahədə əməkdaşlığa dair memorandumlar imzalayaraq regionda hər iki ölkə ilə paralel işləmək niyyətini göstərdi. Lakin məhz Azərbaycan-ABŞ Anlaşma Memorandumu iki ölkə arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini sübut edən əsas sənəd kimi çıxış edir. Prezident İlham Əliyevin həmin Vaşinqton səfəri Azərbaycan diplomatiyasının növbəti zəfəri adlandırıldı və onun nəticəsində iki ölkə arasında münasibətlər ilk dəfə institusionallaşmış strateji tərəfdaşlıq mərhələsinə qədəm qoydu.

Vaşinqton sammitinin gedişində əldə olunmuş razılaşmalar çərçivəsində regional kommunikasiyaların bərpası məsələsinə də tarixi ad verilmişdir. ABŞ tərəfinin təşəbbüsü ilə Zəngəzur dəhlizinin yeni açılacaq yolunun “Trump Route for International Peace and Prosperity (TRIPP)” adlandırılması barədə anlaşma əldə olundu. Bu yanaşma, sözsüz ki, Azərbaycanın regionda tranzit imkanlarının beynəlxalq müstəvidə tanınması baxımından əhəmiyyətli idi. TRIPP adlandırılan dəhliz təkcə Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında əlaqəni birləşdirmək deyil, eyni zamanda Mərkəzi Asiya-Cənubi Qafqaz–Avropa marşrutu boyunca alternativ və təhlükəsiz nəqliyyat xətti yaratmaq deməkdir. ABŞ üçün bu dəhliz geosiyasi yanaşmadan çox, qlobal ticarət axınlarının şaxələndirilməsi baxımından cazibədardır və Vaşinqton son illərdə beynəlxalq ticarət marşrutlarında yaranan riskləri nəzərə alaraq etibarlı tranzit yollarında maraqlıdır. Bu konteksdə Azerbaycan sabit, proqnozlaşdırıla bilən və qaydalara əsaslanan tərəfdaş olaraq ön plana çıxır. TRIPP dəhlizinin reallaşması Azərbaycana regional təşəbbüslərini qlobal lojistik zəncirlərə bağlamaq imkanı verir, beləliklə Azərbaycanın tranzit və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirir.

Vaşinqtonda imzalanmış Anlaşma Memorandumu ikitərəfli münasibətlərin əsas inkişaf istiqamətlərini üç başlıq altında müəyyən etmişdir. Bu istiqamətlər, eyni zamanda hazırlanacaq Strateji Tərəfdaşlıq Xartiyasının da əsas məzmununu təşkil edəcək:

  • Regional bağlantılar: enerji, ticarət və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi. Bu konteksdə xüsusilə Cənub Qaz Dəhlizi layihəsi və onun Avropanın enerji təhlükəsizliyinə töhfəsi, habelə Orta Dəhliz adlanan trans-xəzər nəqliyyat marşrutu ön plana çıxır. ABŞ tərəfi uzun illərdir Xəzər regionundan enerji nəqlinin təşviqində önəmli rol oynayıb. Yeni mərhələdə Azərbaycanın enerji ehtiyatlarının və tranzit potensialının Avrasiya məkanında inteqrasiyası daha da artacaq. Regional bağlantılar üzrə əməkdaşlıq həm də yeni nəqliyyat-logistika infrastrukturunun qurulmasını və ticarət əlaqələrinin intensivləşdirilməsini nəzərdə tutur.
  • İqtisadi sərmayələr: süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi və texnoloji investisiyaların təşviqi. Bu istiqamət ABŞ-ın yüksək texnologiyalar və rəqəmsal transformasiya sahəsində təcrübəsinin Azərbaycana transferini asanlaşdıra bilər. Həmçinin, Amerika şirkətlərinin Azərbaycanda yeni sərmayə imkanları araşdırması və ikitərəfli ticarət dövriyyəsinin artırılması planlaşdırılır. Xüsusilə süni intellekt, kibertəhlükəsizlik, telekommunikasiya və startap ekosistemi sahələrində strateji tərəfdaşlıq üçün geniş potensial mövcuddur. Bu cür iqtisadi-texnoloji əməkdaşlıq Azərbaycanın post-münaqişə dövründə dayanıqlı inkişafına və regionda innovasiya mərkəzinə çevrilməsinə xidmət edəcək.
  • Təhlükəsizlik əməkdaşlığı: müdafiə sənayesi məhsullarının satışı və terrorizmə qarşı mübarizəni əhatə edən təhlükəsizlik sahəsində əməkdaşlıq. Bu sahə, ilk növbədə, hərbi və müdafiə sahəsində dialoqun və birgə fəaliyyətin dərinləşməsini ehtiva edir. ABŞ və Azərbaycan əvvəllər sülhməramlı missiyalar (məsələn, Əfqanıstanda) çərçivəsində əməkdaşlıq təcrübəsinə malikdir. Yeni mərhələdə isə birgə hərbi təlimlər, kiber təhlükəsizlik üzrə məlumat mübadiləsi, sərhəd təhlükəsizliyi və terror şəbəkələrinə qarşı kəşfiyyat əməkdaşlığı kimi konkret addımlar mümkün olacaq. Müdafiə sahəsində Amerika istehsalı olan müasir hərbi texnologiyaların Azərbaycana satışının qarşısındakı maneələrin qalxması iki ölkə arasında hərbi sahədə etimadın daha da gücləndiyini göstərir. Bu, Azərbaycanın müdafiə qabiliyyətini artırmaqla yanaşı, regionda terrorizm və qeyri-legitim silahlı qruplarla birgə mübarizə aparmaq üçün ABŞ-la koordinasiyalı səyləri asanlaşdıracaq.

Qeyd olunan üç istiqamət üzrə Strateji İşçi Qrupunun formalaşdırılması, əslində, iki ölkə arasındakı dialoqu episodik təmaslar çərçivəsindən çıxarıb sistemli və davamlı əməkdaşlıq mexanizminə keçirmək məqsədi daşıyır. Bu mexanizm müntəzəm görüşlər vasitəsilə prioritet sahələr üzrə yol xəritələrinin hazırlanmasına, konkret layihələrin reallaşdırılmasına və qarşılıqlı fəaliyyətin institutlaşdırılmasına şərait yaradacaq. Beləliklə, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması yalnız siyasi niyyət bəyanatı olmayıb, əlaqələrin real məzmunla zənginləşdirilməsi və uzunmüddətli perspektivdə dayanıqlı tərəfdaşlıq modelinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.

ABŞ-ın regional geostrategiyasında Azərbaycanın artan rolu

Dünya miqyasında güc mərkəzlərinin rəqabəti kəskinləşdikcə və regionlarda yeni təhlükəsizlik çağırışları meydana çıxdıqca, Azərbaycan ABŞ-ın geostrateji planlarında daha önəmli yer tutmağa başlamışdır. Bir neçə əsas faktor bu önəmi şərtləndirir:

  • Enerji təhlükəsizliyi və Avropa bazarı: Rusiya-Ukrayna münaqişəsi nəticəsində Avropada enerji təchizatı məsələsi prioritetə çevrilib. ABŞ, Avropa müttəfiqlərinin Rusiya enerjisindən asılılığını azaltmaq istəyindədir və bu kontekstdə Azərbaycanın etibarlı qaz təchizatçısı kimi rolu daha da ön plana çıxmışdır. Cənub Qaz Dəhlizi layihəsinin tam şəkildə işə düşməsi və 2027-ci ilədək Azərbaycan qazının Avropaya ixracının iki dəfə artırılması planları Vaşinqtonun da dəstəyini qazanmışdır. Belə ki, ABŞ tərəfi Azərbaycanın enerji layihələrini regionda sabitliyin və Qərbə inteqrasiyanın tərkib hissəsi kimi dəyərləndirir. Enerji sahəsində əməkdaşlıq eyni zamanda ABŞ şirkətlərinin Azərbaycanda neft-qaz sektorunda uzunmüddətli iştirakını təmin edir.
  • Nəqliyyat və tranzit marşrutları: Qlobal ticarət axınlarında yaranan risklər (pandemiyalar, münaqişələr, sanksiyalar) alternativ daşınma marşrutlarına tələbatı artırıb. Azərbaycanın coğrafi mövqeyi onu həm Şərq-Qərb (Orta Dəhliz), həm də Şimal-Cənub ticarət yollarının kəsişməsində əvəzedilməz hala gətirir. Xüsusilə, Orta Asiya ilə Avropa arasında yüklərin daşınmasında Azərbaycan müstəsna rol oynayır. Vaşinqton üçün Cənubi Qafqazda tranzit marşrutlarının şaxələndirilməsi strateji prioritetə çevrilib və bu baxımdan Bakı ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. ABŞ-ın Zəngəzur dəhlizinin açılmasına verdiyi açıq dəstək də məhz regionda alternativ və təhlükəsiz logistika infrastrukturunun qurulmasına marağından irəli gəlir. Bu dəhlizin gerçəkləşməsi ilə Azərbaycan yalnız regional yox, qlobal ticarət zəncirlərinin əhəmiyyətli halqasına çevriləcək ki, bu da ABŞ-Azərbaycan əməkdaşlığını qlobal müstəvidə daha da dərinləşdirəcəkdir.
  • Regional təhlükəsizlik və İran amili: Cənubi Qafqazın mürəkkəb təhlükəsizlik mühiti fonunda Azərbaycan ABŞ-ın regiondakı maraqları üçün sabitləşdirici tərəfdaş rolundadır. Azərbaycan Qərblə açıq dialoqda olan, müstəqil siyasət yürüdən və radikal təsirlərə qarşı dayanıqlı ölkə kimi seçilir. Eyni zamanda Azərbaycanın müstəqil siyasəti İrandakı bəzi dairələr tərəfindən birmənalı qarşılanmasa da, Vaşinqton üçün İranın bölgədəki təsirini balanslaşdırmaq baxımından Bakı ilə yaxın münasibətlər önəmlidir. Azərbaycan-İsrail strateji tərəfdaşlığı və Azərbaycanın dünyəvi müsəlman ölkəsi olaraq tolerant mövqeyi də ABŞ-ın regiondakı maraqları ilə uzlaşır. Nəticə etibarilə, ABŞ Azərbaycanın iştirakını regionda sabitliyin, dini və etnik zəmində dözümlülüyün təminatçısı kimi görür, bu da ikitərəfli əməkdaşlığa geostrateji dəyər qatır.
  • Qlobal rəqabətdə mövqe: Hazırkı beynəlxalq şəraitdə ABŞ-ın rəqibləri (Rusiya, Çin) müxtəlif regionlarda nüfuz uğrunda mübarizə aparır. Xüsusilə Çin Xalq Respublikası genişmiqyaslı “Bir kəmər, bir yol” təşəbbüsü ilə Avrasiya məkanında iqtisadi nüfuzunu gücləndirir. Bu rəqabət şəraitində Azərbaycan ABŞ üçün etibarlı iqtisadi – siyasi tərəfdaş kimi dəyərləndirilir. Bakı həm Çinin, həm də Rusiyanın təşəbbüslərində balansı qoruyaraq, müstəqil mövqeyi ilə seçilir. Azərbaycanın suveren xarici siyasət kursu ABŞ-ın Cənubi Qafqazda maraqlarını təşviq etməsi üçün əlverişli mühit yaradır. Beləliklə, Vaşinqton post-münaqişə dövründə Azərbaycanı regionda güc boşluğunun Rusiya və ya İran tərəfindən doldurulmaması üçün açar ölkə hesab edir və onu qlobal strateji planlarına inteqrasiya etməyə çalışır.

Beləliklə, yeni geosiyasi reallıqlar müstəvisində ABŞ–Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. 2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilən anlaşmalar və imzalanan sənədlər bunu açıq şəkildə təsdiqləyir. 907-ci düzəlişin faktiki ləğvi, Strateji İşçi Qrupunun yaradılması, Zəngəzur dəhlizinə beynəlxalq dəstək və ABŞ administrasiyasının balanslı mövqeyi Azərbaycanın xarici siyasət kursunun effektivliyini göstərməklə yanaşı, ikitərəfli əlaqələrin dayanıqlı əsaslar üzərində qurulduğunu nümayiş etdirdi. Bu nöqtədən sonra əlaqələrin dərinləşməsi və Strateji Tərəfdaşlıq Xartiyasının təsdiqi sayəsində 2026-cı ildə və ondan sonrakı dövrdə qarşılıqlı faydalı siyasi və iqtisadi imkanların daha da genişlənəcəyi gözlənilir.

Artıq ABŞ-Azərbaycan tərəfdaşlığı əvvəlki illərin birtərəfli və şərtli yanaşmalarından uzaq, bərabər suverenlik prinsiplərinə əsaslanan və hər iki tərəfin maraqlarına xidmət edən institusional strateji əməkdaşlıq formatına keçid edir. Bu əməkdaşlıq regional sülhün möhkəmləndirilməsinə, Azərbaycan Respublikasının suverenliyinin və inkişafının təmin olunmasına, həmçinin ABŞ-ın Cənubi Qafqazda strateji mövqelərinin güclənməsinə xidmət edir. Yeni mərhələdə əldə olunmuş razılaşmaların icrası, qarşılıqlı etimadın daha da artırılması və konkret layihələrin həyata keçirilməsi iki ölkənin də maraqlarına cavab verir. Nəticə etibarilə, mürəkkəb qlobal və regional geosiyasi şəraitdə formalaşan bu ABŞ-Azərbaycan strateji tərəfdaşlığı həm ikitərəfli, həm də beynəlxalq səviyyədə sülhə, təhlükəsizliyə və inkişafa töhfə verəcəkdir.