The Liberum nəşri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) şöbə müdiri, doktor Vasif Hüseynovun “Qara qızıldan yaşıl enerjiyə: Azərbaycan neftdən sonrakı dövrə hazırlaşır” adlı məqaləsini dərc edib.
“The Daily Baku” məqaləni təqdim edir:
240 meqavatlıq layihə yanvarın 8-də Bakıda Prezident İlham Əliyevin, Səudiyyə Ərəbistanının ACWA Power və Çinin PowerChina şirkətlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə istifadəyə verilib.
Müstəqil elektrik istehsalçısı modeli əsasında reallaşdırılan Xızı–Abşeron külək elektrik stansiyası Abşeron və Xızı rayonlarında quraşdırılmış 37 turbindən ibarətdir və təxminən 340 milyon ABŞ dolları həcmində xarici investisiyanı əhatə edir. Layihə ildə təqribən 1 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək üçün nəzərdə tutulub və 300 mindən çox təsərrüfatı elektriklə təmin edəcək. Rəsmi hesablamalara görə, bu layihə ildə təxminən 220 milyon kubmetr təbii qaza qənaət etməyə və karbon qazı emissiyalarını 400 min tondan çox azaltmağa imkan verəcək.
Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bərpa olunan enerjinin dövlət siyasətinin əsas sütunlarından birinə və Azərbaycanın enerji sisteminin modernləşdirilməsində mühüm alətə çevrildiyini vurğulayıb.
Xızı–Abşeron obyektinin istifadəyə verilməsi Azərbaycanın uzun illər neft və qaz gəlirlərinə əsaslanan iqtisadi modelinə yenidən baxıldığı bir dövrə təsadüf edir. Karbohidrogenlər hələ də fiskal sabitlik və xarici siyasət baxımından mühüm rol oynasa da, Bakı bərpa olunan enerjini neft sektorundakı struktur məhdudiyyətlərə və qlobal enerji bazarındakı dəyişikliklərə strateji cavab kimi təqdim edir. Bu keçid keçmişdən kəskin imtina deyil, uzunmüddətli perspektivdə fosil yanacaqlardan asılılığın azaldılması və eyni zamanda enerji təhlükəsizliyi ilə ixrac etibarlılığının qorunmasına yönəlmiş ölçülmüş yanaşmadır.
Bir əsrdən artıqdır ki, Azərbaycanın inkişaf trayektoriyası “qara qızıl”la formalaşıb. XIX əsrin sonundakı neft bumundan tutmuş, post-sovet dövründə Azəri–Çıraq–Günəşli yataqları və Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə möhkəmlənən bərpa mərhələsinədək karbohidrogenlər dövlət gəlirlərinin, infrastrukturun genişlənməsinin və geosiyasi mövqenin əsasını təşkil edib. Neft gəlirləri 2000-ci illərdə makroiqtisadi sabitliyin təmininə, iri dövlət investisiyalarına və 2020-ci il müharibəsindən sonrakı bərpa prosesinə maliyyə dəstəyi verib.
Eyni zamanda bu model struktur məhdudiyyətləri də özü ilə gətirib, iqtisadi artımı hasilat hədləri və bazar volatilliyi ilə əlaqələndirib. 2020-ci illərin ortalarına doğru bu məhdudiyyətlər daha aydın görünməyə başlayıb. Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan 2025-ci ildə 27,7 milyon ton neft və kondensat istehsal edib ki, bu da əvvəlki illə müqayisədə 4,8 faiz azalma deməkdir.
Təbii qaz daha böyük dayanıqlıq və strateji çeviklik təmin edib. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarının əsas təchizatçılarından biri olaraq qalır, ildə təxminən 25 milyard kubmetr qaz ixrac edir və 8,821 milyard dollar gəlir əldə edir.
2026-cı ilin yanvarında SOCAR Trans-Adriatik Boru Kəməri vasitəsilə Avstriya və Almaniyaya təbii qaz tədarükünə başlayıb. Bununla da Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 16-ya, Avropada isə Azərbaycan qazını idxal edən ölkələrin sayı 12-yə çatıb.
Bu kontekstdə bərpa olunan enerji karbohidrogenlərə alternativ deyil, onları tamamlayan strateji istiqamət kimi ön plana çıxır. Təmiz enerji istehsalının genişləndirilməsi Azərbaycana daxili elektrik təminatını sabitləşdirməyə, ixrac üçün əlavə qaz həcmləri azad etməyə və qlobal iqlim və investisiya şərtlərinin sərtləşməsinə uyğunlaşmağa imkan verir.
2025-ci ilin sonuna qədər quraşdırılmış bərpa olunan enerji gücü təxminən 1 829 meqavata çataraq ümumi elektrik gücünün beşdə birinə yaxınını təşkil edib. BƏƏ-nin Masdar şirkəti ilə birgə inşa edilən 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyası artıq bir milyard kilovat-saatdan çox enerji istehsal edərək ildə 110 milyon kubmetrdən artıq qaza qənaət edib.
Xızı–Abşeron külək layihəsi bu dinamikanı davam etdirir və Azərbaycanın sabit tənzimləyici mühit şəraitində iri həcmli xarici investisiyaları cəlb etmək qabiliyyətini nümayiş etdirir. ACWA Power rəhbərliyi dəfələrlə Azərbaycanın investorlar üçün əlverişli mühitini və uzunmüddətli strateji baxışını vurğulayıb.
2026-cı ilin yanvarında verdiyi müsahibədə ACWA Power-in icraçı direktoru Məhəmməd Əbunəyyan Azərbaycanı Xəzər regionunu Avropa bazarları ilə birləşdirən formalaşmaqda olan yaşıl enerji mərkəzi kimi xarakterizə edib. O qeyd edib ki, Bakının yanaşması siyasi motivli hədəflərdən daha çox iqtisadi səmərəliliyə və sistem balansına üstünlük verir ki, bu da külək, günəş, enerji saxlama və yaşıl hidrogenin vahid milli çərçivəyə inteqrasiyasına imkan yaradır.
Gələcəyə baxdıqda, Azərbaycanın ambisiyaları daxili istehsalla məhdudlaşmır. Hökumət 2030-cu ilə qədər bərpa olunan enerjinin quraşdırılmış gücdə payını azı 30 faizə çatdırmağı, 6 giqavat külək və günəş enerjisi layihələrini istismara verməyi və 2030-cu illərin əvvəllərində bu həcmi daha da artırmağı planlaşdırır.
Texniki potensial kifayət qədər böyükdür. Quruda bərpa olunan enerji potensialı 135 giqavat qiymətləndirilir. Xəzər dənizinin Azərbaycan sektorunda dəniz külək enerjisi potensialı isə 157 giqavat həcmində dəyərləndirilir ki, bu da Azərbaycanı iri miqyaslı külək enerjisi inkişafı üçün dünyanın ən perspektivli məkanlarından birinə çevirir.
Eyni zamanda Bakı özünü yaşıl elektrik enerjisinin regional ixracatçısı və tranzit mərkəzi kimi mövqeləndirir. Bu strategiyanın mərkəzində Qara dəniz sualtı kabel layihəsi dayanır. Gürcüstan, Rumıniya və Macarıstanla birgə həyata keçirilən 1 155 kilometrlik kabel layihəsi 1 300 meqavatadək bərpa olunan enerjinin Cənub-Şərqi Avropaya birbaşa ötürülməsini nəzərdə tutur. Layihə 2025-ci ilin dekabrında Avropa İttifaqının Qarşılıqlı Maraqlı Layihə statusunu alıb və 2032-ci ildə tamamlanması planlaşdırılır.
Paralel olaraq Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə Mərkəzi Asiya–Azərbaycan yaşıl enerji dəhlizini inkişaf etdirir. Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının dəstəklədiyi bu təşəbbüs Xəzər dənizi üzərindən artıq bərpa olunan enerjinin Avropa bazarlarına yönəldilməsini hədəfləyir.
2025-ci ilin aprelində imzalanan razılaşmalar texniki-iqtisadi əsaslandırma və şəbəkə inteqrasiyası işlərinə start verib və Azərbaycanın təkcə enerji istehsalçısı deyil, həm də enerji sistemlərini formalaşdıran tranzit ölkə olmaq ambisiyasını gücləndirib.
Bütün bu təşəbbüslər sektorlararası kəskin dönüşdən daha çox strateji yenidən tənzimləməni əks etdirir. Azərbaycan karbohidrogen irsindən, mövcud infrastrukturundan və coğrafi mövqeyindən istifadə edərək gələcəyə yönəlmiş enerji sistemlərində öz yerini möhkəmləndirir.
Prezident İlham Əliyevin Xızı–Abşeron obyektinin açılışında qeyd etdiyi kimi, son iyirmi ildə ölkənin enerji istehsalı gücü təxminən üç dəfə artaraq 10 giqavata çatıb və növbəti mərhələ şaxələndirmə və dayanıqlılıqla xarakterizə olunur.
Beləliklə, qara qızıldan yaşıl enerjiyə keçid Azərbaycanın enerji kimliyindən imtina deyil, onun təkamülüdür. Neft və qaz ölkənin suverenliyinin və regional təsirinin əsasını qoyub. Bərpa olunan enerji isə bu təsiri yeni qlobal şərtlər daxilində qoruyub saxlamaq üçün yol açır.
Uğurla həyata keçirildiyi təqdirdə, Azərbaycanın neftdən sonrakı strategiyası ölkəyə Avrasiya məkanında vacib enerji aktoru statusunu qoruyub saxlamağa imkan verəcək – təkcə karbohidrogen təchizatçısı kimi deyil, həm də təmiz enerji, bağlantılar və uzunmüddətli regional inteqrasiyanın mərkəzi kimi.
