İİTKM-in şöbə müdiri Lətif Zeynallının məqaləsi “SCOPUS” və “Web of Science” bazalarında indeksləşən jurnalda nəşr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dövlət Proqramları şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallının həmmüəlliflərlə birgə yazdığı “The Impact of Climate Factors on Agricultural Development: ARDL Bounds Test Approach” (“İqlim amillərinin kənd təsərrüfatının inkişafına təsiri: ARDL sərhəd testi yanaşması”) adlı məqaləsi Ukraynanın nüfuzlu “Agricultural and Resource Economics” jurnalında nəşr olunub. Sözügedən jurnal “SCOPUS” və “Web of Science” (WoS) bazalarında indeksləşir (Q2) və il ərzində dünya ölkələri üzrə daxil olan məqalələrdən yalnız 48 ən yüksək keyfiyyətli məqaləni dərc edir.

Məqalədə Naxçıvan Muxtar Respublikasında iqlim amillərinin kənd təsərrüfatının inkişafına təsiri araşdırılıb. Aparılmış tədqiqatın nəticələri göstərir ki, adaptiv iqlim siyasətlərinin tətbiqi, səmərəli su idarəetmə strategiyalarının formalaşdırılması və sərhədlərarası əməkdaşlığın gücləndirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli töhfə verə bilər. Əldə olunan nəticələr arid bölgələrdə dayanıqlığın artırılması və davamlı kənd təsərrüfatı təcrübələrinin təşviqi məqsədilə hədəf yönümlü və praktik tədbirlərin hazırlanmasında elmi əsaslandırılmış informasiya mənbəyi kimi istifadə oluna bilər.

Məqalə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://are-journal.com/are/article/view/1013