Azərbaycan iqlim fəaliyyətləri sahəsində regional liderə çevrilir

İqlim dəyişiklikləri ilə mübarizə artıq ekoloji fəaliyyətlərlə yanaşı, iqtisadi və sosial inkişafın ayrılmaz tərkib hissəsinə çevrilərək konseptual və kompleks həlli – yaşıl transformasiyanı tələb edir. Azərbaycan bu transformasiyaya ən böyük töhfə verən ölkələrdən biridir. Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov bildirib ki, ikinci Bakı İqlim Fəaliyyəti Həftəsi “yaşıl keçid”in sürətlənməsini və iqlim idarəçiliyinin güclənməsini təmin etmək üçün bir körpü rolunu oynayacaq.

Azərbaycanın bu yolda göstərdiyi irəliləyişlər yalnız daxili yox, beynəlxalq səviyyədə də böyük maraq doğurur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə davamlı tədbirlərin keçirilməsinin təməli qoyuldu. Azərbaycanın bu istiqamətdə yüksələn qlobal mövqeyini təsdiqləyən ən mühüm fakt isə COP29-un 2024-cü ildə Bakıda keçirilməsi idi. Ölkə başçısı Bakıda keçirilən COP29 öncəsi tədbirinin iştirakçılarına müraciətində iqlim dəyişmələri ilə bağlı xüsusi qeyd etmişdi ki, “Azərbaycan bu təhdidlərin öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır. Biz milli səviyyədə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi prioritetimizi uğurla icra edirik”. Bu istiqamətdə keçirilmiş təqdirəlayiq tədbirlərdən bir digəri də ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, yəni COP29 çərçivəsində “yaşıl keçid”in təmin olunması ilə bağlı fundamental məsələlərə dair müzakirələrin aparılması və qərarların qəbul edilməsi idi. Bakı COP29-un ev sahibi kimi dünya iqlim hərəkatının əsas mərkəzinə çevrilərək qlobal gündəmin formalaşmasına birbaşa təsir göstərdi. Məhz bu tarixi hadisə Bakı İqlim Fəaliyyəti Həftələrinin də gələcək uğurlarının və dayanıqlı platforma kimi möhkəmlənməsinin təməlini qoydu. Bu istiqamətdə 2024-cü ildə Bakıda keçirilmiş ilk Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) artıq ölkəmizin iqlim diplomatiyasındakı mövqeyini möhkəmləndirib. Bu tədbir Azərbaycanın qlobal iqlim siyasətindəki rolunu daha da genişləndirərək həm ölkəmizə, həm də regionumuza yeni perspektivlər təqdim etdi. Bu il üçün gündəmdə olan BCAW2025 proqramı isə daha geniş spektrli mövzuları əhatə edir. Yüksək səviyyəli siyasi dialoqlar, sektoral müzakirələr və gənclərin rəhbərliyindəki forumlar iqlim dəyişiklikləri ilə mübarizənin həm iqtisadi, həm də sosial aspektlərini diqqət mərkəzində saxlayır.

Bakıda keçirilmiş BCAW2024 beynəlxalq əməkdaşlıq və innovasiya sahəsində mühüm bir addım oldu. Bu, yalnız bir şəhər və ya ölkə səviyyəsində deyil, qlobal miqyasda iqlim problemlərinin həllinə yönələn konkret addımların atıldığı bir platformaya çevrildi. Bu tədbirə ev sahibliyi edən Bakı şəhəri artıq dünyada iqlim diplomatiyasının önəmli mərkəzlərindən biri kimi tanınır. Ötən müddət keçirilmiş BCAW tədbirinin nəticələri də buna deməyə əsas verir ki, dövlətin, özəl sektorun və beynəlxalq təşkilatların güclü əməkdaşlığı sayəsində artıq KOB-ların yaşıl iqtisadiyyata keçidində real nəticələr əldə olunub. Alternativ enerji sahəsində böyük layihələr – külək və günəş stansiyalarının yaradılması, “yaşıl enerji zonaları”nın tətbiqi, kənd təsərrüfatında damcı suvarma texnologiyalarının genişləndirilməsi, habelə şəhərsalmada ağıllı həllərin tətbiqi, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması ilə bağlı aparılmış sistematik islahatlar  Azərbaycanın iqlim hərəkatındakı nümunəvi rolunu bir daha göstərir.

Ölkəmizin, xüsusilə dövlət və özəl sektorun fəal iştirakı ilə hazırlanan bu tədbir iqlim məsələlərinin yalnız hökumət səviyyəsində deyil, həm də biznes, akademiya və vətəndaş cəmiyyəti arasında geniş tərəfdaşlıqların qurulmasında da mühüm rol oynayır. Bu, bir tərəfdən Azərbaycanın iqlim məsələlərinə verdiyi diqqətin təzahürü, digər tərəfdən isə ölkəmizin qlobal iqlim siyasətindəki liderlik iddiasının göstəricisidir. Azərbaycan Respublikası yaxın perspektivdə “yaşıl artım” ölkəsinə və yaşıl enerji ixracatçısına çevrilməsi ilə bağlı qarşıya qoyduğu hədəf yönündə artıq xeyli yol qət edib.

Əbdülrəhim Dadaşov vurğulayıb ki, BCAW2025 həm də yeni texnologiyaların, yaşıl texnologiyalar və infrastruktur sahəsindəki irəliləyişlərin müzakirəsi üçün mühüm bir platformadır. Məsələn, iqlimə davamlı kənd təsərrüfatı modelləri, su resurslarının qorunması və ağıllı şəhərlər üzrə müzakirələr, həm ölkəmiz, həm də region üçün strateji əhəmiyyət daşıyan məsələlər kimi daim müzakirə mövzularındandır. Eyni zamanda, bu platformada ağıllı kənd təsərrüfatı və suvarma texnologiyaları, metan emissiyalarının peyk texnologiyaları ilə idarə olunması, şəhərsalma və urbanizasiya prosesləri, ekoloji baxımdan davamlı həyat tərzini təmin edən mühüm həll yolları olaraq gündəmə çıxarılır. Bu kimi mütərəqqi təşəbbüslər beynəlxalq təcrübədə olduğu kimi, Azərbaycanın iqlim problemləri ilə mübarizədə də dayanıqlılığını təmin etmək üçün faydalı hesab olunur. Xüsusilə, yaşıl maliyyə, investisiyalar və texnologiyaların inkişafı ilə bağlı müzakirələr Azərbaycanda yeni iş yerlərinin yaradılmasına, yeni iqtisadi sahələrin formalaşmasına və dünya iqtisadiyyatı ilə daha sıx inteqrasiyaya təkan verəcək.

Digər tərəfdən BCAW2025 həm də innovasiya və texnologiyaların iqlim siyasətinə inteqrasiyasının əsas mərkəzinə çevrilib. Burada təqdim edilən ideyalar və layihələr, Azərbaycanın yalnız regional yox, həm də qlobal miqyasda iqlim həllərinin təcrübəsini bölüşdüyü bir nümunə halına gəlib. Buradakı təşəbbüslər gələcək onilliklərdə Azərbaycana həm ətraf mühiti qorumağa, həm də iqtisadiyyatı yaşıl infrastrukturla təmin etməyə imkan verəcək.

Əbdülrəhim Dadaşov əlavə edib ki, İqlim Fəaliyyəti Həftələri (Climate Action Weeks) 2019-cu ildə Londonda keçirilən ilk tədbirdən sonra beynəlxalq miqyasda əhəmiyyətli bir hərəkat halına gəldi. Bakının bu hərəkatın mühüm bir hissəsinə çevrilməsi, ölkəmizin iqlim məsələlərinə nə qədər böyük bir əhəmiyyət verdiyini və bu sahədə liderlik iddiası ilə irəlilədiyini bir daha göstərdi. Bakı artıq yalnız iqlim məsələlərinin müzakirə edildiyi bir şəhər deyil, həm də bu problemlərin həlli üçün innovativ layihələrin və ideyaların təcrübəyə tətbiq edildiyi “laboratoriya”ya çevrilir.