İsraildəki son hadisələrin Gürcüstana təsiri

İsraildə baş verən son hadisələrlə əlaqədar Gürcüstan hakimiyyətinin rəsmiləri tərəfindən müvafiq reaksiyalar verilib. Gürcüstan Prezidenti Salome Zurabişvili: “İsraildəki vəziyyətdən və eskalasiyadan dolayı dərin narahatlıq hiss edirəm. Gürcüstan bu çətin vəziyyətdə İsrail dövləti ilə tam həmrəy olduğunu bildirir. Müasir dünyada terrora və qeyri-insaniliyə yer yoxdur”-deyə sosial şəbəkədə fikirlərini bölüşüb.[1]

“İsrail dövlətinə və İsrail vətəndaşlarına qarşı törədilən terror aktını, çoxlu sayda insanın həyatına  hücumu pisləyirəm. Mən İsrail dövlətinin hökumətinə və xalqına səmimi qəlbdən başsağlığı diləyir və bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayıram”[2], – Gürcüstanın baş naziri İrakli Qaribaşvili qeyd edib.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, İsrailə qarşı əsassız, qəddar və qeyri-insani təcavüz edilib: “Gürcü xalqı öz qardaşı İsraili dəstəkləyir. Dünyada belə zorakılığa yer olmamalıdır”.[3]

Gürcüstan Xarici İşlər Nazirliyi İsrailə hücumu pisləyib, İsrail hökuməti və xalqı ilə həmrəy olduğunu bildirib: “İsrail dövlətinə qarşı insan ölümünə səbəb olan iyrənc terror hücumunu qətiyyətlə pisləyir, İsrail hökuməti və xalqı ilə həmrəy olduğumuzu bəyan edirik. Düşüncələrimiz bu dəhşətli hücumun qurbanlarının ailələri və yaxınları ilədir. Bütün xəsarət alanların tezliklə sağalmasını diləyirik”[4].

Oktyabrın 12-də Gürcüstan parlamentinin beynəlxalq əlaqələr komitəsinin iclasında İsrailin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hadas Meitzadın məruzəsi dinlənilib. İclasın açılışında İsraildə baş verən son hadisələr nəticəsində həlak olan mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hadas Meitzad HƏMAS-ın törətdiyi terror aktı nəticəsində 1300-dən çox insanın faciəvi şəkildə həlak olmasından danışıb və qeyd edib ki, HƏMAS-ın bu hücumu İsrailin, Gürcüstanın, Amerikanın və sivil dünyanın qalan hissəsinin inandığı hər şeyə qarşıdır: “Biz Gürcüstanın ölkəmizlə həmrəyliyini yüksək qiymətləndiririk. Biz sizin icra hakimiyyətinizin bəyanatını və xalqımızın dəstəyini, eləcə də sadə vətəndaşlardan dəstək bəyanatlarını eşitmişik. Vətəndaşlarımızı qorumaq üçün əlimizdən gələni edəcəyik. Biz ölənlərə yas tutur və vətəndaşlarımızın, qadınların və uşaqlarımızın təhlükəsizliyi üçün dua edirik”, – deyə İsrailin Gürcüstandakı səfiri bildirib.[5] Hesabat dinlənildikdən sonra Xarici Əlaqələr Komitəsinin iclası bağlı qapılar arxasında davam edib.[6] Görüşdən sonra H.Meitzad parlamentdə Givi Mikanadzenin rəhbərlik etdiyi İsrail-Gürcüstan dostluq qrupunun üzvləri ilə görüşdüyünü və Gürcüstanın həm siyasi, həm rəsmi, həm də dostluq müstəvisində İsraili dəstəklədiyi üçün minnətdarlığını bildirib.[7]

Qəzzadakı hadisələrin Gürcüstan vətəndaşlarına təsiri və ümumi vəziyyət.

Gürcüstan Xarici İşlər Nazirliyi oktyabrın 8-də HƏMAS-ın İsrailə silahlı hücumu zamanı dörd Gürcüstan vətəndaşı döyüş bölgəsində olduğunu bildirib. Vətəndaşların təhlükəsizliyi barədə İsrail dövləti tərəfindən məlumat alınıb. Həmçinin Gürcüstan vətəndaşının HƏMAS silahlıları tərəfindən girov götürülməsi ilə bağlı məlumatları yoxlanılıb, lakin sübut əldə olunmayıb. Söhbət sosial şəbəkələrdə müzakirə olunan fotoşəkildən gedir. Qəzza yaxınlığında Nepaldan olan işçilərin girov götürüldüyünün əksi olan fotoşəkildə sosial şəbəkə istifadəçilərindən birinin guya uşaqlıq dostunu tanıması ilə girov götürülənlər arasında gürcülərin olub-olmaması yoxlanılıb.[8]

Gürcüstan vətəndaşının xəsarət alması, itkisi və ya ölümü ilə bağlı hər hansı məlumat daxil olmasa da, HƏMAS-ın İsrailə hücumunun ilk saatlarında iki gürcü yəhudisinin öldürüldüyü barədə mətbuata məlumat verilib, onlar: Avi Abraham Kubelaşvili və polis zabiti İsaak Buzudaşvili olub. Hadisə ilə bağlı Gürcüstanın İsraildəki səfiri Laşa Jvaniya: “İndiyədək iki gürcü yəhudi öldürülüb. Onlar da bizim bir parçamızdır. Öz vəzifə borcunu qəhrəmancasına yerinə yetirmiş polis zabiti Buzudaşvili və toqquşmalar zamanı burada həlak olan başqa bir gənc də olub. Bacı və qardaşlarımızın dəhşətli faciəsini və ağrısını bölüşür, bu çətin dövründə onların yanındayıq”, – deyə səfir şərh verib.[9]

Tbilisidə İsrailə dəstək aksiyası keçirilib. Aksiyaya 200-ə yaxın həm Gürcüstan, həm də İsrail vətəndaşları qoşulub. Rustaveli metrostansiyasından Parlamentə doğru təşkil olunan yürüşdə aksiyaçılar İsrailə qarşı təşkil edilən terroru, uşaq ölümlərini, soyqırımı və Holokostu pisləyib, İsrailə sülh arzulayıblar.[10]

Tibb Universitetinin girişində baş verən insident də narazılığa gətirib çıxarıb. Bir qrup şəxsin İsrail bayrağını universitetin girişindən söküb tapdalaması və təhqir edilməsi Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən araşdırılıb. Həmin şəxslərin kimliyi müəyyənləşib. Qeyd edək ki, Gürcüstanın diplomatik əlaqələr qurduğu beynəlxalq təşkilatların və ölkələrin bayraqlarına qarşı hörmətsizlik İnzibati Xətalar Məcəlləsinin 174-18-ci maddəsi ilə tənzimlənir və onların təhqir edilməsi 1000 lari cərimə ilə cəzalandırılır.[11]

Gürcüstanın İsraildəki səfiri Laşa Jvaniya oktyabrın 7-də HƏMAS hücumundan sonrakı iki həftə ərzində İsraildən Gürcüstana 15 mindən çox insan gəldiyini açıqlayıb. Onların arasında ikili vətəndaşlığı olan şəxslər və müvəqqəti səfərdə olan Gürcüstan vətəndaşları olub. Səfirin qeyd etdiyinə görə, Aşkelonda 112 Gürcüstan vətəndaşının, o cümlədən Qəzza zolağı yaxınlığında qaynar nöqtələrdə yerləşən xəstəxanalarda fəaliyyətini davam etdirmək məqsədilə geri qayıtmaqdan imtina edən 13 həkimin qalıb.[12]

İqtisadi sahəyə təsirlər barədə.

Gürcüstanın “Georgian Airways” aviaşirkəti oktyabrın 22-dən Təl-Əvivə uçuşları dayandırıb.[13] Georgian Airways-in Təl-Əvivə uçuşlarının dayandırılması beynəlxalq sığorta şirkətlərinin tələbləri ilə bağlı olub. Bunun əvəzinə aviaşirkət İsraildən gələn tranzit sərnişinlər üçün əlavə Larnaka-Tbilisi reysi açıb. İsrailin “İsrair Airlines”, “Arkia Airlines” və “El Al Israel Airlines” aviaşirkətləri Gürcüstana uçuşlarını davam etdirəcəyini qeyd edib.

Daşınmaz Əmlak Assosiasiyasının rəhbəri Vaja Mebaqişvilinin sözlərinə görə, Gürcüstanda mənzil bazarı İsraildə vəziyyətin kəskinləşməsindən sonra ziddiyyətli tendensiyalar yaşanır. İsrail vətəndaşları Gürcüstandakı daşınmaz əmlaklarını aktiv şəkildə satışa çıxarmağa başlayıblar. Eyni zamanda bu tendensiyanın əks dalğası da müşahidə edilib, belə ki, israillilər arasında uyğun alış variantları axtaranların sayı da az deyil. Statistikaya görə, 2022-ci ildə Gürcüstanda satılan daşınmaz əmlakın beşdə birini yəni, 15 min mənzili əcnəbilər alıb. İsrail vətəndaşları 6062 məzil alan ruslardan sonra 1892 mənzillə ikinci yerdə qərar tutub. Bu ilin birinci rübündə İsrail vətəndaşları Gürcüstanda 671 mənzil alıblar. Həmin məzil sahibləri əvvəllər İsrailə köçmüş və Gürcüstana müntəzən gediş-gəliş edən gürcü yəhudiləridir.[14]

Belə bir şəraitdə İsraillə yaxın münasibətdə olan Gürcüstanın sonrakı iqtisadi əlaqələri necə inkişaf edəcək sualı ağıla gəlir. “İsrail Evi”nin[15] təsisçisi İtsik Moşe hesab edir ki: “İsrail-Gürcüstan əlaqələrinin birinci istiqaməti turizm və turizm sənayesi, ikincisi daşınmaz əmlak, üçüncüsü pul köçürmələridir. İnanıram ki, pul köçürmələri əvvəlki səviyyəyə qalxacaq. Üstəlik, Gürcüstan və İsrailin rəsmi nümayəndələrinin dedikləri kimi, iş vizası məsələsinin də həll olunacağına inanıram. Gürcüstana İsraildən turist axını dünya üzrə orta illik artımdan demək olar ki, 7 dəfə yüksəkdir və hər il 30%-ə çatır. İnanıram ki, vəziyyət tezliklə müsbətə doğru dəyişəcək və mövcud gərginlik Gürcüstanla İsrail arasında iqtisadi münasibətlərə təsir etməyəcək”. Bununla belə investisiya cəlbinin müxtəlif parametrlərdən asılılığını ifadə edən İ.Moşe vəziyyətin tərəfləri bir-birini tanımasından, mövcud biznesi qorumasından və hansı tədbirləri görməsindən asılı olduğunu vurğulayıb.[16] O həmçinin əlavə edib ki, Gürcüstan üçün İsrail böyük sərmayə potensialına malik ölkədir.

2023-cü ilin iki rübünün məlumatına görə, İsraildən Gürcüstana 106 min 530, 2022-ci ilin eyni dövründə isə 84 577 turist gəlib, beləliklə, artım 26% səviyyəsində olub. İsraildən Gürcüstana yatırılan investisiyaların həcmi də artmaqdadır.[17] 2022-ci ildə İsraildən Gürcüstana 35,1 milyon dollar sərmayə qoyulub[18] ki, bu da 2021-ci ilin göstəriciləri ilə müqayisədə 31,5% çoxdur. 2023-cü ilin yanvar-avqust aylarında Gürcüstandan İsrailə 13 530,50 min dollar dəyərində məhsul göndərilib ki, bu da 2022-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 4% çoxdur.[19]

İdxala gəlincə, 2023-cü ilin yanvar-avqust aylarında İsraildən Gürcüstana 10 412,42 min dollar dəyərində məhsul idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artım deməkdir.

Mənbələr:

[5] საგარეო ურთიერთობათა კომიტეტის სხდომაზე საქართველოში ისრაელის ელჩს მოუსმინეს https://parliament.ge/media/news/sagareo-urtiertobata-komitetis-skhdomaze-sakartveloshi-israelis-elchs-mousmines

[6] საგარეო ურთიერთობათა კომიტეტში ისრაელის ელჩს მოუსმინეს https://civil.ge/ka/archives/563145

[7] საქართველოში ისრაელის ელჩი – მადლობელი ვართ, რომ საქართველო ჩვენ გვერდით დგას როგორც პოლიტიკურ, ოფიციალურ, ისე ადამიანურ და მეგობრულ დონეზე https://1tv.ge/news/saqartveloshi-israelis-elchi-madlobeli-vart-rom-saqartvelo-chven-gverdit-dgas-rogorc-politikur-oficialur-ise-adamianur-da-megobrul-doneze/

[8] რა განცხადებას ავრცელებს საქართველოს საგარეო უწყება “ჰამასის” მიერ საქართველოს მოქალაქის შესაძლო დატყვევების შესახებ https://www.ambebi.ge/article/300202-ra-gancxadebas-avrcelebs-sakartvelos-sagareo-ucqeb/

[9] ელჩის ინფორმაციით, ისრაელში საქართველოს მოქალაქის დაშავების, დაკარგვის ან გარდაცვალების შესახებ ინფორმაცია საელჩოში არ შესულა https://1tv.ge/news/elchis-informaciit-israelshi-saqartvelos-moqalaqis-dashavebis-dakargvis-an-gardacvalebis-shesakheb-informacia-saelchoshi-ar-shesula/

[10] თბილისში ისრაელის მხარდამჭერი აქცია მიმდინარეობს https://formulanews.ge/News/99442

[11] შსს-მ ისრაელის დროშის შელახვის ფაქტზე ადმინისტრაციული სამართალწარმოება დაიწყო https://tabula.ge/ge/news/708958-shss-m-israelis-droshis-shelakhvis-paktze

[12] “ბოლო 15 დღეში, ისრაელიდან საქართველოში 15 000-ზე მეტი მოქალაქე ჩამოვიდა” | ლაშა ჟვანია https://mtavari.tv/news/138357-bolo-15-dgheshi-israelidan-sakartveloshi-15-000

[13] Georgian Airways-მა თელ-ავივის მიმართულებით ფრენები შეაჩერა https://bm.ge/news/aviatsiissiakhleebi-georgian-airways-ma-tel-avivis-mimartulebit-frenebi-sheachera

[14] “ისრაელის მოქალაქეების ნაწილს საქართველოში ბინების გაყიდვა სურს, ნაწილს – ყიდვა” – ასოციაცია https://bm.ge/news/israelis-moqalaqeebis-natsils-saqartveloshi-binebis-gayidva-surs-natsils-yidva-asotsiatsia

[15] “İsrail Evi”– İmmiqrasiya və Absorbsiya Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə layihəsidir. Onun məqsədi İsrail dövləti ilə xaricdə yaşayan israillilər arasında əlaqəni saxlamaq və gücləndirməkdir. İsrail Evi xaricdəki səfirliklərdə və konsulluqlarda yerləşən virtual bir evdir. Bu layihə əsasında İsrail icmasını üçün mədəni tədbirlər, uşaq fəaliyyətləri keçirilir.

[16] ისრაელის ეკონომიკა შესაძლოა, დროებით შემცირდეს, მაგრამ საქართველოსთან ურთიერთობებზე ამას გავლენა არ ექნება – იციკ მოშე https://www.businessinsider.ge/ka/israelis-ekonomika-shesadzloa-droebit-shemtsirdes-magram-sakartvelostan-urtiertobebze-amas-gavlena-ar-ekneba-itsik-moshe

[17] უცხოელ ვიზიტორთა სტატისტიკა https://www.geostat.ge/ka/modules/categories/102/utskhoel-vizitorta-statistika

[18] პირდაპირი უცხოური ინვესტიციები https://www.geostat.ge/ka/modules/categories/191/pirdapiri-utskhouri-investitsiebi

[19] 2023 წელს ისრაელიდან საქართველოში 26%-ით მეტი ტურისტი შემოვიდა, გაიზარდა სავაჭრო ბრუნვა და ინვესტიციები https://www.businessinsider.ge/ka/2023-tsels-israelidan-sakartveloshi-26-it-meti-turisti-shemovida-gaizarda-savachro-brunva-da-investitsiebi

Daha ətraflı: https://stem-lab.az/az/article/israildeki-son-hadiselerin-gurcustana-tesiri-568