AZƏRBAYCAN YAXIN ŞƏRQDƏ ƏSAS GEOSİYASİ OYUNÇULARDAN BİRİNƏ ÇEVRİLİR, SURİYADA SABİTLİYƏ YENİ TÖHFƏLƏR VERİR

Şimali Afrika və Qərbi Asiya ölkələrinin yer aldığı Yaxın Şərq tarixən olduğu kimi bu gün də dünyanın xüsusi diqqət mərkəzindədir. Bu, təkcə sözügedən regionun coğrafi mövqeyi ilə bağlı deyil, həm də Yaxın Şərqin geosiyasi, geoiqtisadi əhəmiyyətli mühüm proseslər yaşaması, hələ də  həllini tapmayan konfliktlərin bəzilərinin daha qanlı mərhələyə qədəm qoymasından irəli gəlir.

Aralıq dənizi sahilləri boyunca Mərakeşdən Türkiyəyə qədər uzanan və cənubda Sudan, Yəmən, İordaniya, Fars körfəzi monarxiyaları, İraq və İranı əhatə edən Yaxın Şərqin sivilizasiyamızın tarixində, müasir dünya siyasəti və iqtisadiyyatında rolu, əhəmiyyəti hamı tərəfindən qəbul edilir. Burada ən zəngin neft və qaz yataqları, Afrika və Asiyanı Avropa ilə birləşdirən strateji dəniz, quru və hava kommunikasiyaları mövcuddur. Region Avropa, ABŞ, Rusiya, Çin və digər inkişaf etmiş ölkələrdən gələn silah, müxtəlif sənaye malları və ərzaq məhsulları üçün nəhəng bazardır. Yaxın Şərqin ümumi əhalisi 500 milyon nəfəri ötür və demoqrafik artım yüksək sürətlə davam edir. Eyni zamanda, Yaxın Şərq hərbi-siyasi nöqteyi-nəzərdən qeyri-sabit, regional və dünya güclərinin maraqlarının toqquşduğu region olaraq qalır. Bir sıra ərəb ölkələrində silahlı münaqişələr, sosial-iqtisadi vəziyyət  buradan Balkanlara və digər Avropa ölkələrinə yeni miqrant və qaçqın axını yaradır. Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə dünyada pisləşən təhlükəsizlik arasında birbaşa əlaqə var. Əgər 2011-ci ilə qədər regionda əsas gərginliyin mənbəyi Fələstin problemi və bunun nəticəsi olaraq ərəb-İsrail qarşıdurması hesab olunurdusa, indi bura ərəbdaxili, ərəb dövlətləri-İran, konfessiyalararası münaqişələr problemi əlavə olunub.

Xarici qüvvələrin müəyyən ərəb dövlətlərinin daxili işlərinə genişmiqyaslı müdaxiləsi qarşıdurmanın kəskinləşməsinə gətirib çıxarır.  BMT-nin Suriya, Yəmən, Liviya və regiondakı digər “qaynar nöqtələr”dəki vəziyyətlərin nizamlanması üzrə fəaliyyəti BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında konsensusun olmaması səbəbindən hələ də səmərəsizdir. Bu və ya digər dərəcədə Ərəb ölkələrinin demək olar ki, bütün ölkələrinə təsir edən, bir sıra dövlətlərdə hərbi-siyasi vəziyyəti əhəmiyyətli dərəcədə pozan, onlarda elitanın və hakim rejimlərin dəyişməsinə səbəb olan, uzun sürən silahlı münaqişələrə səbəb olan 2011-ci il “ərəb baharı”nın faciəvi nəticələrini isə region hələ də yaşamaqda davam edir. Elə bu fonda Suriya 2011-ci ildən Bəşər Əsəd hakimiyyəti devrilənə kimi regional qeyri-sabitliyin episentri olub. Ancaq ötən ilin dekabrından burada yeni vəziyyət yaranıb. Suriyanın yenidən inkişaf və yüksəliş dövrünə qədəm qoyması üçün böyük şans yaranıb. Bu şansdan səmərəli şəkildə istifadə olunmasına isə indi əsas töhfə verən tərəflərdən biri də Azərbaycandır.

Hazırda Suriya kənar yardım olmadan yenidən inkişaf mərhələsinə daxil ola bilməz. Bu kontekstdə Azərbaycan Suriyaya müxtəlif formalarda yardımlar edir və bu proses getdikcə daha intensiv xarakter alır. Eyni zamanda Suriya geosiyasi təsirlərə hələ də həssasdır. Hazırda bu ölkədə iki əsas xarici gücün daha çox söz sahibi olması da diqqətdən yayınmır. Bunlar qardaş Türkiyə və ölkəmizin strateji tərəfdaşı olan İsraildir. Sözügedən iki ölkə arasında münasibətlərdə hökm sürən gərginlik Suryada da özünü büruzə verir. Amma bu məsələnin həllində də Azərbaycan həlledici rol oynamaqdadır. Məhz Azərbaycanın vasitəçiliyi ilə  Türkiyə və İsrail arasında Suriyada əməkdaşlıq üzrə baş tutan dialoqlar öz müsbət nəticələrini verməkdədir. Nəticədə Suriya ərazisində bu fərqli güclərin qarşıdurmasının qarşısı alınır, əvəzində dialoq və əməkdaşlıq münasibətləri qurulur. Elə bu kontekstdə təsadüfi deyil ki, İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda ölkəmizin sözügedən istiqamətdə fəaliyyətini xüsusilə alqışlayır: “Mən həmçinin Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm”.

Qeyd edilənlər kontekstində “Times of Israel” nəşri isə yazır ki,  2023-cü ildə Qarabağı erməni separatçılarından təmizlədikdən sonra artan nüfuzu ilə Azərbaycan Suriyada regional hərbi ağır çəkilər arasında gərginliyi aradan qaldırmaq üçün İsrail və Türkiyə ilə sıx əlaqələrindən istifadə edir. Nəşrin yazdığına görə,  Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev təsdiqləyib ki, Bakı təhlükəsizlik təhdidləri kimi gördüklərini azaltmaq üçün Suriyada fəaliyyət göstərən Türkiyə və İsrail arasında üç raunddan çox danışıqlara ev sahibliyi edib. O, İstanbulda yerləşən Qlobal Jurnalistika Şurasının təşkilatçılığı ilə Bakıda keçirilən türkiyəli jurnalistlərlə görüşdə deyib: “Azərbaycan razılaşma üçün diplomatik səylər göstərir. Həm Türkiyə, həm də İsrail bizə güvənir”. “Times of Israel” daha sonra qeyd edir ki, Bəşər Əsədin devrilməsi İsraildə təhlükəsizlik narahatlığına səbəb olub: “O vaxtdan bəri İsrail Suriyanın dərinliklərində yüzlərlə zərbələr endirib… Bundan başqa, İsrail ölkənin cənubunda sərhəd bölgəsinə qoşun yerləşdirib, Türkiyə ordusu isə ölkənin şimalında fəaliyyət göstərir. Məlumata görə, iki ölkə öz qüvvələrinin toqquşmasının qarşısını almaq üçün Azərbaycanın vasitəçiliyi ilə qaynar xətt yaratmağa razılaşıb… Türkiyənin yaxın müttəfiqi və strateji tərəfdaşı kimi Azərbaycanın yanaşması Suriya məsələsi də daxil olmaqla, əsas beynəlxalq məsələlərdə Ankaranın mövqeləri ilə ardıcıl şəkildə uzlaşır.

Lakin Bakı Azərbaycan neftindən çox asılı olan və əsas silah tədarükçüslərindən biri sayılan İsraillə də yaxşı münasibətlərə malikdir. İndi də Suriyanın yeni hakimiyyəti ilə təmas quran Bakı Türkiyə ilə İsrail arasında texniki danışıqlara şərait yaradaraq, sakit diplomatiyaya təkan verir… Türkiyə ilə İsrail arasında onsuz da gərgin olan əlaqələr İsrailin Qəzzada HƏMAS terror qruplaşmasına qarşı apardığı müharibə nəticəsində pozulub”. Suriyada da tərəflər arasında münasibətlərin gərgin məcraya keçməsi gözlənilirdi. Amma Azərbaycan sayəsində bunun qarşısı alınıb. Elə “Times of Israel” nəşri də yazır ki, Suriya üzrə Türkiyə-İsrail dialoqunun aparılmasında Azərbaycan strateji rol oynayır. Bu, Azərbaycanın regional aktorlar arasında vasitəçi kimi artan təsirini əks etdirir: “Türkiyəli analitik Serkan Dəmirtaş bildirib ki, Azərbaycan Əsəddən sonrakı Suriyada Türkiyə ilə İsrail arasında yarana biləcək potensial qarşıdurmanı aradan qaldırmaq üçün addım atıb: “Bölgədəki iki ən yaxşı müttəfiqi arasında qarşıdurma Azərbaycanın heç istəmədiyi bir vəziyyətdir. Daxil olan xəbərlər göstərir ki, irəliləyiş əldə olunub. Bu, Qarabağ müharibəsindən sonra karbohidrogenlə zəngin Azərbaycanın regionda təsirinin artdığını göstərir”. Bütün bunlar Azərbaycanın təkcə Suriyada yox, ümumən Yaxın Şərqdə əsas geosiyasi oyunçulardan  birinə çevrildiyini də təsdiq edir.