Ermənistanın geosiyasi çəkişmənin açıq mərhələsinin yeni məkanına çevriləcəyi barədə verilən proqnozlar özünü doğruldur. Proseslərin gedişi göstərir ki, bu ölkə əvvəlki kimi müstəqil siyasət yürütmək iqtidarında deyil və özünə hami axtarır. Lakin elə bu məsələnin özündə erməni cəmiyyətində, siyasi qüvvələri arasında ciddi parçalanma hökm sürməkdədir. 2018-ci ilə qədər cəmiyyətdə mütləq əksəriyyət Ermənistanın Rusiyanın orbitində qalmasının tərəfdarı olduğu halda, sonrakı dövrdə bu vəziyyət dəyişdi. Təbii ki, bu prosesdə Qərbin müəyyən qüvvələri, eləcə də Nikol Paşinyan hakimiyyətinin təbliğatı mühüm rol oynadı. Elə indi də Paşinyan iqtidarı siyasi-diplomatik sferada Rusiaya qarşı təbliğatını davam etdirir.
Bütün bunlar təbii ki, Rusiyada müəyyən narahatlıq yaradır. Eyni zamanda Ermənistanda ölkənin gələcəyini Rusiya ilə görənlər də Paşinyan hakimiyyətinin məqsədlərinə çatması qarşısında daha böyük sədd çəkməyə çalışırlar. Nəticədə erməni cəmiyyətində parçalanmadaha da dərinləşir, siyasi qüvvələr arasında ziddiyyətlərin miqyası genişlənir. Yaranmış durumdan istifadə etməyə çalışan kənar qüvvələr Ermənistan daxilində proseslərə daha çox müdaxilə edirlər, özlərinə yaxın siyasi qüvvələrlə işbirliyi qururlar. Təbii ki, hadisələrin bu səpkidə inkişafı həm də Ermənistanın geosiyasi çəkişmə meydanına çevrilməsini sürətləndirir. Bunun isə sonda hansı fəsadlara gətirib çıxardığının ən son əyani nümunələrindən biri Ukraynada baş verən müharibədir.
Beləliklə, Ermənistanın Qərbin, yoxsa Rusiyanın orbitində yer alması məsələsi hələ dəqiq həllini tapmayıb. Bu güc qütbləri ilə bərabərhüquqlu əsasda Ermənistanın əməkdaşlıq etmək şansı isə çoxdan İrəvanın əlindən çıxıb. Belə vəziyyətdə kənar qüvvələr Ermənistanı öz nəzarətində saxlamaq üçün indi daha aktiv fəaliyyət göstərirlər. Mövcud şəraitdə Ermənistanda müəyyən qüvvələr ölkənin Rusiya və Belarus tərəfindən yaradılan İttifaq dövlətinə inteqrasiyası məsələsin yenidən qabartmağa başlayıblar. Son dövrlərdə bu məsələdə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın və digər radikal müxalifət təmsilçilərinin xüsusi can-fəşanlıq etməsi də diqqətdən yayınmır. Köçəryan iddia edir ki, Rusiya və Belarus rəhbərləri ona heç vaxt Ermənistanın İttifaq dövlətinə qoşulmasını bilavasitə təklif etməyiblər: “Heç vaxt Yeltsinlə, nə Putinlə, nə də Lukaşenko ilə belə söhbətlər olmayıb. Daha bir böyük sual odur: biz bu məsələni yenidən qaldırsaydıq, bizə ilkin şərt qoyardılar, ya yox? Amma indi yenidən Ermənistanın bu cür söhbətə daxil edilməsini gözləyirəm… Ermənistan hakimiyyəti son iki ayda davamlı olaraq bu tezisdən danışır”. Eyni zamanda, Köçəryan vurğulayıb ki, hakimiyyət İttifaq dövləti mövzusundan öz məqsədləri, o cümlədən Rusiya ilə tərəfdaşlığın cəlbediciliyini azaltmaq üçün istifadə edir. Onun nöqteyi-nəzərindən bu, yanlış yoldur: “Bunun əksinə, Moskva ilə münasibətləri gücləndirmək lazımdır. Avropanın Ermənistanda hər hansı təhlükəsizlik məsələsini həll edə biləcəyini düşünmək sadəlövhlükdür… Hazırda bu regionda üç kənar dövlət əsas aktor ola bilər: Rusiya, Türkiyə və İran. Bu ölkələrdən hansı bizə daha yaxındır, hansı ölkə ilə iqtisadi əlaqələrimiz daha güclüdür, hansı ölkə ilə tarixən bağlıyıq, hansı ölkə daha güclüdür, hansının iqtisadi və hərbi potensialı daha yüksəkdir? Mədəni kod baxımından kimlər bizə yaxındır? Cavab bəllidir: Rusiya”.
Xatırlatmaq lazım gəlir ki, hələ 2022-ci ilin fevralında Belarus rəhbəri Aleksandr Lukaşenko İttifaq dövlətinin genişlənməsindən danışarkən bildirmişdi ki, digər keçmiş sovet respublikaları, o cümlədən harasa gedəcək yeri olmayan Ermənistan da Rusiya və Belarusa qoşula bilər. Elə o dövrdə Ermənistanın “Haykakan Jamanak” qəzeti yazırdı ki, Moskva İrəvandan Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmasını istəyir. Bu qəzetin baş nazir Nikol Paşinyanın ailəsinə məxsusluğu isə heç kimə sirr deyil. Daha sonra Nikol Paşinyan İrəvanın İttifaq dövlətinə qoşulmaq üçün rəsmi təklif almadığını bəyan edib, lakin vəziyyətin göründüyündən də mürəkkəb olduğunu qeyd edib. Onun sözlərinə görə, bəzən sualların mətninə deyil, sətiraltı mətninə dərindən baxmaq lazımdır. Eyni zamanda, Paşinyan həmin vaxt İrəvanı İttifaq dövlətinə inteqrasiya etmək məqsədi ilə ona təzyiqlərin edilə biləcəyi versiyasını da təkzib etməyib. Bunun ardınca Paşinyan Qərbə inteqrasiya istiqamətində daha aktiv siyasətə başladı. Hətta cari ilin martında Ermənistan parlamenti “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib. Bundan əvvəl isə Ermənistan hökuməti ölkənin Avropa İttifaqına daxil olması haqqında qanun layihəsini təsdiqləyib.
Eyni zamanda Ermənistan Qərb ölkələri ilə siyasi, diplomatik, iqtisadi, hərbi müstəvidə əməkdaşlıq miqyasını sürətlə genişləndirir, Rusiya daha çox arxa plana atılır. Təbii ki, hadisələrin bu məcrada inkişafı Rusiyanı, Ermənistanda bu ölkəyə bağlı qüvvələri qane etmir. Bu şəraitdə Robert Köçəryan etiraf edib ki, onun məqsədi təkcə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq deyil, həm də növbəti ümumi seçkilər nəticəsində yenidən hakimiyyətə gəlməkdir. Söhbət 2026-cı ilin iyununda planlaşdırılan parlament seçkilərindən gedir. Sabiq prezident iddia edib ki, keçmiş təcrübəsi və siyasi fəaliyyəti Ermənistanın üzləşdiyi təhlükəsizlik problemləri fonunda onu ölkəni idarə etmək üçün ən uyğun namizədə çevirir. Amma Köçəryanın lideri olduğu “Hayastan” bloku sonuncu, 2021-ci ildə keçirilmiş parlament seçkilərində cəmi 21 faiz səs toplayaraq ikinci yerə çıxıb. O vaxtda bəri Köçəryanın və ona bağlı qüvvələrin erməni cəmiyyətində dəstəyi daha da azalıb. Bununla belə kənardan yardım hesabına Köçəryan yenidən hakimiyyətə qayıtmaq niyyətini həyata keçirə biləcəyinə ümid edir. O və tərəfdarları elə bu kontekstdə Ermənistanın Rusiya və Belarusun İttifaq dövlətinə qoşulması məsələsini də gündəmə gətirirlər. Apreldə Gümrü meri seçilən və Köçəryana bağlı olan Vardan Qukasyan da bildirib ki, İttifaq dövlətinə qoşulmaq respublikanın təhlükəsizliyini möhkəmləndirmək və onun çiçəklənməsini təmin etmək üçün əla fürsətdir: “Bu, maraqlı bir vəziyyət yaradır: kimsə Rusiya ilə İttifaq dövlətindən danışanda, onları respublikanın suverenliyinə qəsd etməkdə ittiham edirlər. Amma Avropa İttifaqına daxil olmaqdan söhbət gedirsə, belə ittihamlar yaranmır… Erməni xalqı həmişə Rusiya ilə sıx qardaşlıq əlaqələrində çiçəklənib, Sovet Ermənistanının qızıl dövrü buna ən parlaq sübutdur”. Erməni politoloq Tiqran Köçəryan isə bildirir ki, Ermənistan cəmiyyətində İttifaq dövlətinə inteqrasiyaya müxtəlif yanaşma mövcuddur: “Hakimiyyət bu prosesi Sovet İttifaqına qayıdış kimi təqdim edir. Bu baxımdan Ermənistanın müstəqilliyini itirəcəyini, erməni əsgərlərinin Donbasa gedəcəyini deyirlər. Eyni zamanda, bir çoxları İttifaq dövlətinə inteqrasiyanı Rusiya və Belarus tandeminə qoşulmaq kimi təsəvvür edirlər ki, bu da İrəvanın Avropa İttifaqı daxilində olduğundan daha çox suverenliyini qoruyub saxlayacaq”.
Bütün bunlar erməni cəmiyyətində, siyasi sferasında parçalanmanın dərinləşdiyini göstərməklə yanaşı, Ermənistanı kənar müdaxiələlərə qarşı daha həssas hala gətirir. Elə bu müstəvidə də ölkə geosiyasi maraqlar toqquşmasının daha təhlükəli olan açıq qarşıdurma mərhələsinə yuvarlanır.