Azərbaycan və Almaniya arasında daha dərin əməkdaşlığın zamanıdır

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Azərbaycan və Almaniya arasında daha dərin əməkdaşlığın zamanıdır” başlıqlı məqaləsi news.az saytında dərc edilib.

Prezident İlham Əliyevin “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentindəki iştirakının təfərrüatları barədə məlumat verən müəllif qeyd edir ki,  bu səfər ikitərəfli gündəmin müzakirəsi və yeni əməkdaşlıq sahələrinin müəyyən edilməsi baxımından vacib imkan oldu.

“Almaniyanın Ermənistan-Azərbaycan sülh prosesinin timsalında Cənubi Qafqazdakı proseslərdə artan iştirakı Bakı və Berlin arasında daha güclü əlaqələr üçün baza rolunu oynamış olacaq”.

Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə ardıcıl dəstəyinə diqqət çəkən V. Hüseynov qeyd edir ki, müxtəlif əməkdaşlıq sahələri üzrə təxminən 80 ikitərəli sazişin imzalanması ilə münasibətlərimiz daha da güclənib.

“Azərbaycan Almaniyaya əsasən neft və kənd təsərrüfatı məhsulları ixrac edir. Almaniyadan isə maşınqayırma, nəqliyyat vasitələri və onun komponentləri, dəmir və polad məhsulları, sənaye avadanlıqları idxal edir. İnvestisiya əməkdaşlığı ikitərəfli münasibətlərin əsas aspektini təşkil edir. 1995-ci ildən 2019-cu ilədək  Almaniya Azərbaycana 626.6 milyon dollar investisiya yatırıb. Bunun 96%-i qeyri-neft sektoruna yönəldilib. Eyni zamanda, Azərbaycan Almaniyaya 3.1 milyard dollar investisiya yatırıb. Əlavə olaraq, Almaniya fəal şəkildə Azərbaycanın qeyri-neft sektorunun gücləndirilməsini dəstəkləyir”.

Müəllif bildirir ki, neft-qaz ehtiyatlarına, eləcə də Şərq və Qərb arasındakı strateji coğrafi mövqeyinə görə, Azərbaycan Almaniyanın Qafqaz siyasətində vacib yer tutur. Bu mənada, Azərbaycan Almaniya daxil olmaqla, Aİ-nin enerji təhlükəsizliyinin təmini üçün alternativ mənbə qismində çıxış edir.

“Prezident İlham Əliyevin son səfəri və iki dövlət arasında inkişaf edən əlaqələr fonunda deyə bilərik ki, Azərbaycan-Almaniya əməkdaşlığının dərinləşdirilməsi arzuolunan olmaqla yanaşı, reallaşdırılması da mümkündür. Almaniyanın Ermənistan-Azərbaycan sülh prosesində fəal iştirakı onun regional stabillik və dialoqa sadiqliyini göstərir. İqtisadi əlaqələr, mədəni sahədə mübadilələr, strateji təşəbbüslərlə bağlı əməkdaşlıq artdıqca, qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulmuş münasibətlər daha da güclənir”.

https://news.az/news/its-high-time-for-deeper-relationships-between-azerbaijan-and-germany