Rusiya Çin vətəndaşlarından Ukraynaya qarşı istifadə edir

Çin vətəndaşlarının Ukraynada müharibədə iştirak etməsi Qərb mətbuatının  diqqətini cəlb edib. Böyük Britaniyanın “The Times” dərgisində yayımlanan məqalədə Kiyevə istinadən Rusiya ordusunda 150-yə yaxın Çin vətəndaşının olduğu yazılıb. Onlar Ukraynaya qarşı savaşda iştirak edirlər. Britaniya nəşri Çinin Şimali Koreyadan sonra Rusiya tərəfindən müharibəyə daxil olan başqa bir ölkə olduğunu bildirib. Ancaq Şimali Koreya ilə Çin arasında fərq var. Şimali Koreya hərbçiləri Rusiya ərazisi olan Kurska Ukrayna ordusuna qarşı müharibədə iştirak edirlər. Çin hərbçiləri isə Ukrayna ərazisindəki müharibədə iştirak edirlər. Bu isə o deməkdir ki, Çin hərbçiləri Ukraynanın işğalında iştirak edirlər.

Ukrayna ordusu aprelin 8-də iki Çin vətəndaşını Donetsk bölgəsində əsir götürüb. Ukrayna ordusunu əsir götürdüyü çinli hərbçilərdən birinin 33 yaşı var. O, Çinin Henan əyalətindəndir. O, Rusiya ordusunda xidmət etmək üçün bir illik müqavilə imzalayıb. Digər sənəd onun fevralın 8-də Moskvaya gəldiyini göstərir. Fevralın 17-də vergi kodu və sosial sığorta nömrəsi almaq üçün qeydiyyatdan keçib. Çin vətəndaşının hərbi müqaviləni nə vaxt imzaladığı məlum deyil, amma vizası 16 günlük olub. Çinli hərbçilərə ayda təxminən 2500 dollar maaş verildiyi güman olunur. Digər çinli əsirin adı Jou Jiqiandır. O Rusiyanın bu sözlərlə tənqid edib: “Ruslar bizi insan kimi görmürlər, kamikadzelər kimi döyüşürük, ölməyimiz və ya yaralanmağımız veclərinə deyil”.

Beləliklə, Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə müharibəyə Çin vətəndaşlarını cəlb edib. Bu Ukrayna ilə Çin arasında münasibətləri gərginləşdirəcək. Ukrayna Prezidenti Volodimir Zelenski Çini Ukraynaya qarşı müharibəyə girməkdə ittiham edib. Çin Xarici İşlər Nazirliyi Zelenskinin bəyantını əsassız adlandırıb. Ancaq fakt ortadadır, Rusiya ordusu Ukraynaya qarşı müharibədə Çin vətəndaşlarından da istifadə edir. Pekin Çin vətəndaşlarını müharibəyə cəlb edən Rusiyaya xəbərdarlıq etməlidir. Ancaq Pekin Moskva ilə münasibətləri pisləşdirmək istəmir.