Azərbaycan Prezidenti İlham Əliyevin yaxın günlərdə Çin Xalq Respublikasına planlaşdırılan səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qlobal düzənin yenidən formalaşdığı, regional güc mərkəzlərinin yenidən mövqe tutduğu bir dövrə təsadüf edəcək bu səfər təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də Avrasiya geosiyasətində mühüm hadisə kimi dəyərləndirilir. Hazırda dünyada müşahidə olunan siyasi qütbləşmənin fonunda Azərbaycanın həm Qərblə, həm də Şərqlə çevik və balanslı münasibətlər qurması Bakı diplomatiyasının uğur strategiyası kimi çıxış edir. Ona görə də Prezident Əliyevin Çinə planlaşdırılan bu səfəri, sözün həqiqi mənasında, qlobal güc balansında Azərbaycanın artan çəkisinin göstəricisidir.
Azərbaycan-Çin münasibətlərinin müasir təməli ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə etdiyi dövlət səfəri ilə qoyulub. Həmin dövrdə Azərbaycan hələ geosiyasi kimliyini və diplomatik prioritetlərini müəyyənləşdirməyə çalışan gənc respublika idi. Çin isə artıq Asiyanın lideri kimi formalaşmaqda olan, siyasi sabitliyi və iqtisadi dinamikası ilə seçilən dövlətə çevrilmişdi. Heydər Əliyev bu səfəri zamanı iki ölkə arasında uzunmüddətli strateji baxışın əsasını qoydu. Pekində keçirilən görüşlərdə yalnız ticarət və enerji deyil, eyni zamanda mədəniyyət, təhsil və texnoloji əməkdaşlıq sahələrində də razılaşmalar əldə olundu. Həmin səfər Çinlə münasibətlərin yalnız iqtisadi deyil, eyni zamanda siyasi və mənəvi platformada qurulmasına yol açdı. Ulu öndər Azərbaycan diplomatiyasının Şərq vektoruna dayanıqlı istiqamət verməklə ölkəmizin qlobal mövqelərini möhkəmləndirdi.
Prezident İlham Əliyev də 2005-ci ildən indiyədək Çinə bir neçə dəfə səfər edib. Bu səfərlər hər biri konkret mərhələnin çağırışlarına cavab verən diplomatik jestlər olmaqla yanaşı, iki ölkə arasında əməkdaşlıq arxitekturasının formalaşmasına ciddi töhfələr verib. 2015-ci ildə Prezidentin Pekinə səfəri “Bir kəmər, bir yol” təşəbbüsünün ilk mərhələsi ilə üst-üstə düşürdü. Azərbaycan bu layihəyə bir region ölkəsi olaraq deyil, Avrasiyanın mərkəzində yerləşən açar tranzit aktoru kimi daxil oldu. Prezident Əliyev həmin səfərdə qeyd edirdi ki, Azərbaycanın nəqliyyat infrastrukturu – limanları, dəmir yolları, avtomobil şəbəkəsi və logistika imkanları Çinlə Avropa arasında körpü rolunu oynamağa tam hazırdır. 2019-cu ildəki səfərdə isə texnologiya transferi, kənd təsərrüfatında əməkdaşlıq və nəqliyyat əlaqələrinin daha da təkmilləşdirilməsi gündəmdə idi. Bu səfər çərçivəsində Prezident Əliyev Çinin nüfuzlu şirkət rəhbərləri və dövlət rəsmiləri ilə görüşərək Azərbaycanın qeyri-neft sektoruna Çin sərmayələrinin cəlb olunmasına şərait yaratdı.
Qeyd edək ki, Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsü Avrasiya məkanında yeni nəqliyyat və iqtisadi arteriyaların formalaşmasını hədəfləyir. Bu layihə əsasında Asiya ilə Avropa arasında daha sürətli, təhlükəsiz və səmərəli ticarət marşrutlarının yaradılması nəzərdə tutulur. Azərbaycan isə bu layihədə fəal iştirak etməklə, özünün geoiqtisadi mövqeyini gücləndirməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və əlbəttə ki, Zəngəzur dəhlizi bu baxımdan strateji əhəmiyyət daşıyır. Çin tərəfi Azərbaycanın bu layihəyə olan sadiqliyini yüksək qiymətləndirir və Bakını sabit və etibarlı tərəfdaş kimi görür. Bütün bunlar da ikitərəfli münasibətlərə yalnız iqtisadi mənfəət vermir, həm də siyasi nüfuz qazandırır. Bu baxımdan 2023-cü ilin sonunda Azərbaycan və Çin arasında Strateji Tərəfdaşlıq Münasibətləri haqqında Birgə Bəyanatı xüsusi vurğulamaq lazımdır. Bu sənəd iki ölkə arasında əməkdaşlığın təkcə regional yox, eyni zamanda qlobal səviyyədə gücləndirilməsi niyyətini ifadə edir. Sənəddə ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsi, enerji təhlükəsizliyi və alternativ enerji sahəsində birgə layihələr, yüksək texnologiyalar və rəqəmsal transformasiya, insan kapitalının inkişafı və təhsil mübadiləsi, nəqliyyat-logistika layihələrinin koordinasiyası istiqamətləri üzrə əməkdaşlıq nəzərdə tutulur. Bu sənəd Bakı-Pekin münasibətlərinin hüquqi və strateji çərçivəsini müəyyənləşdirən mühüm mərhələdir. Ona görə də Prezident İlham Əliyevin Çinə gözlənilən səfəri həm ikitərəfli münasibətlərin inkişafı, həm də Azərbaycan diplomatiyasının çoxvektorlu xarakterinin nümayişi baxımından strateji əhəmiyyət daşıyır. Bu səfər zamanı tərəflərin yeni enerji layihələri, texnoloji mübadilə, investisiya təşviqi və humanitar əlaqələr sahəsində yeni razılaşmalar imzalayacağı gözlənilir. Eyni zamanda, bu səfər Azərbaycanın Çinlə münasibətlərdə yalnız iqtisadi maraqlarla deyil, həm də təhlükəsizlik və mədəni əməkdaşlıq prizmasından çıxış etdiyini göstərir. Çünki Çinin “sabitlik, əməkdaşlıq və qarşılıqlı fayda” prinsiplərinə əsaslanan xarici siyasəti ilə Azərbaycanın “müstəqillik, balans və bərabərlik” prinsipinə əsaslanan siyasəti bir-birini tamamlayır. Bu baxımdan tarixi təməl, siyasi iradə və iqtisadi əməkdaşlıq bu münasibətləri daha dayanıqlı və çoxşaxəli etmək üçün kifayət qədər zəmin yaradır.