ABŞ prezidenti Donald Trampın Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubunu təkcə bayram təbriki kimi xarakterizə etmək olmaz. Məktubun mətninə və məqamlarına diqqətlə baxdıqda, onun arxasında duran geosiyasi niyyətlərin, diplomatik mesajların olduğu aydın görünür. Tramp məktubunda bildirir ki, “Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm”. Bu cümlə Donald Trampın Azərbaycana münasibətini gələcəyə yönəldilmiş əməkdaşlıq kontekstində təqdim edir. “Möhtəşəm məqamlar” ifadəsi isə birbaşa iqtisadi və təhlükəsizlik sahələrində strateji planların olduğunu ehtimal edir. Çünki ABŞ Azərbaycanla münasibətlərdə enerji təhlükəsizliyi və regional sabitliyi daim diqqət mərkəzində saxlayıb. Trampın prezidentliyi dövründə isə bu münasibətin daha praqmatik və konkret maraqlar üzərində qurulacağını zənn etmək olar.
Məktubda diqqətçəkən məqamlardan biri də İsrail faktorudur. Donald Tramp vurğulayır ki, “Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirirəm”. Bu isə ondan xəbər verir ki, Bakı-Təl-Əviv-ABŞ üçbucağında balanslı əməkdaşlıq həyata keçirir. Bu günlərdə Türkiyə və İsrail nümayəndələrinin Bakıda keçirilən görüşü də məhz bundan qaynaqlanırdı. Bu, Azərbaycanın tərəflərlə etibarlı əməkdaşlıq həyata keçirdiyini, Yaxın Şərqdə sülh quruculuğu prosesinə dəstək vermək niyyətində olduğunu nümayiş etdirirdi. Digər tərəfdən bu cümlə, ABŞ-ın Yaxın Şərq siyasətində mühüm rol oynayan İsrail amilini ön plana çəkir, Azərbaycan-İsrail əməkdaşlığının ABŞ-ın xarici siyasətində yüksək qiymətləndirildiyini göstərir. Trampın bu münasibətləri açıq şəkildə alqışlaması Bakının regionda ABŞ üçün etibarlı bir tərəfdaş olduğunu vurğulamaq məqsədi daşıyır. Digər tərəfdən, bu cümlə vasitəsilə Tramp eyni zamanda Yaxın Şərqdəki güc balansını qorumaq niyyətində olduğunu da nümayiş etdirir. Müsəlman ölkəsi olan Azərbaycanın İsraillə yaxın əməkdaşlığı Qərbdə böyük rəğbətlə qarşılanır.
Amerika Prezidenti Azərbaycan və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışladığını da bildirib. Bu, ABŞ-ın Cənubi Qafqazdakı proseslərə münasibətini aydın şəkildə ortaya qoyur. Trampın ifadəsində “Azərbaycan və Ermənistan” eyni cümlədə, “sülh” anlayışı fonunda təqdim edilməsi ABŞ-ın post-münaqişə dövründə tərəfləri müharibə səhifəsini bağlamağa təşviq etmək istədiyini göstərir. Bu cümlə eyni zamanda ABŞ-ın Ermənistanı Rusiyanın orbitindən çıxarmaq və Azərbaycanla normallaşma prosesinə sövq etmək niyyətindən xəbər verir.
Məktubun ən strateji ifadəsi şübhəsiz ki, onun son cümləsidir. Tram vurğulayır ki, “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”. Bu ifadə rəsmi Vaşinqtonun Azərbaycanın Qarabağ üzərində tam suverenliyini tanıdığını və bu mövqedə davamlı olduğunu göstərir. Bu cür birmənalı dəstək, xüsusilə 2020-ci il Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqların ABŞ tərəfindən qəbul edildiyini təsdiqləyir. Eyni zamanda bu bənd Rusiyanın Cənubi Qafqazdakı nüfuzuna balans yaratmaq üçün Qərbin Azərbaycanın yanında yer almağa hazır olduğunun da göstəricisidir. Beləliklə, Donald Trampın məktubunda ABŞ-Azərbaycan münasibətləri gələcəyə yönəlik əməkdaşlıq çərçivəsində təqdim edilir,
İsraillə münasibətlərə verilən önəm bir diplomatik təşəkkür kimi təqdim olunur,
regionda sülh təşəbbüsləri alqışlanaraq tərəflərə mesaj verilir və Azərbaycanın ərazi bütövlüyü isə qırmızı xətt kimi təkrar vurğulanır. Bütün bunlar göstərir ki, Donald Tramp dönəmində ABŞ-ın Azərbaycana baxışı strateji maraqlar üzərində qurulub. Bu məktub isə həmin baxışın yazılı izahı, regiona ünvanlanan mesajlar toplusudur.