Gürcüstanın sabiq baş naziri, “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişviliyə qarşı ABŞ-ın tətbiq etdiyi sanksiya Gürcüstana qarşı Qərbin mənfi və haqsız yanaşmasının daha bir göstəricisi kimi qiymətləndirilməlidir. Gürcüstanın baş naziri İrakli Kobaxidze bu qərarı kəskin pisləyib və onu ölkənin milli maraqlarının qorunmasına görə verilən “mükafat” olaraq dəyərləndirib. Gürcüstan hökumətinin başçısı İvanişvili uzun müddətdir ki, sanksiyalarla şantaj edildiyini də bildirib.
Bidzina İvanişvili Gürcüstanın iqtisadiyyatını və siyasi müstəvisini formalaşdıran ən güclü şəxslərdən biridir. O, “Gürcü arzusu” partiyasının qurucusu və uzun müddət baş naziri kimi ölkənin ən təsirli siyasətçilərindən biri olub. Lakin ABŞ-ın tətbiq etdiyi sanksiyalar onun şəxsi və iş fəaliyyəti ilə bağlı narazılıqları daha da gücləndirib. Bu sanksiyalar, əslində yalnız İvanişviliyə deyil, həm də Gürcüstanın iqtisadi və siyasi müstəvisinə zərbə vurmaq məqsədi daşıyır. Ona görə də İvanişvilinin uzun müddətdir Qərbin sanksiyaları ilə şantaj edilməsi barədə Baş nazir Kobaxidzenin dediyi fikirlər Gürcüstanın müstəqil siyasət həyata keçirməsi üçün böyük çətinliklər yaradır. ABŞ və digər Qərb ölkələri Gürcüstanın daxili siyasətində öz təsirlərini artırmağa çalışaraq bu cür addımlar atırlar.
İlk növbədə onu deməliyik ki, Gürcüstan hökumətinin mövqeyi ölkənin müstəqil və milli maraqlarını qorumağa yönəlmiş siyasətə əsaslanır. Baş nazirin sanksiyaların yalnız ölkəsinin milli maraqlarına zərər vermək məqsədilə tətbiq edildiyini deməsi də bundan xəbər verir. Təbii ki, bu cür hərəkətlər Qərbin Gürcüstanın suverenliyinə və qərarlarına hörmət etməməsini və yerli siyasətçilərə təzyiq göstərmə cəhdlərini təmsil edir. Gürcüstan üçün isə milli maraqlarını qorumaqda israr etməsi onun həm regional, həm də beynəlxalq səviyyədə müstəqil dövlət imicinə möhkəmləndirməsi ilə bağlıdır. Nəzərə almalıyıq ki, ABŞ-ın sanksiya siyasəti əsasən ölkələr üzərində təsir gücünü artırmaq məqsədi daşıyır. Bu yola onlar həmin ölkələrin daxili işlərinə qarışır, özlərinə sərf edən siyasətlər formalaşdırmağa çalışır. Bu metodu Gürcüstanda da tərtbiq etmək istəyən Qərb indi ciddi müqavimətlə qarşılaşıb, Gürcüstan artıq keçilməz səddə dönüb. Ona görə də Bidzina İvanişvilini sanksiyalara məruz qoymaq təkcə onun özünə yox, Gürcüstanın suverenliyinə qarşı təxribatdır.
Nəzərə almaq lazımdır ki, Gürcüstan strateji baxımdan həm Rusiya, həm də NATO üzvü olan dövlətlərin maraqlarının toqquşduğu bölgədədir. Bu mənada həm ABŞ, həm də digər Qərb dövlətləri Gürcüstanı Rusiya təsirindən qorumaq üçün orada öz təsirlərini gücləndirmək istəyirdilər. Lakin Gürcüstan hökumətinin sayıqlığı bu təxribatın qarşısını aldı. İvanişvili və onun fəxri sədri olduğu “Gürcü arzusu” partiyasının Qərbdən gələn təzyiqlərə tab gətirməsi yalnız onun milli maraqlara söykənən siyasət yürütməsi sayəsində mümkün ola bilərdi. Gürcüstan rəhbərliyi də məhz bu yolu seçdi.
Bidzina İvanişviliyə qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalar bütün hallarda onun şəxsinə qarşı atılan addım kimi qiymətləndirilməməlidir. Bu, əslində Gürcüstanın müstəqilliyinə və daxili işlərinə müdaxilədir. Lakin uzun müddətdir xarici təzyiqlərə qarşı öz suverenliyini qorumaq üçün çətin mübarizədən keçən Gürcüstan müstəqil ölkə kimi regional və beynəlxalq siyasətdəki mövqeyini qətiyyətlə qoruyur. Çünki bu mübarizə təkcə Gürcüstanın deyil, ümumilikdə bütün Cənubi Qafqazın siyasi gələcəyini müəyyən edir.