Qərb ölkələrinin Cənubi Qafqazla bağlı siyasətləri özünün daha dinamik, eyni zamanda əvvəlkilərlə müqayisədə olduqca təhlükəli mərhələsinə qədəm qoyub. Məsələ burasındadır ki, barəsində bəhs olunan regionun Avrasiya, ümumiyyətlə isə bütün dünya miqyasında geosiyasi, geoiqtisadi əhəmiyyəti artmaqdadır.
Rusiya və Ukrayna arasında davam edən hərbi toqquşma, Qırmızı dənizdə husilərin yaratdıqları təhdid fonunda dünyanın nəqliyyat və logistika xəritəsində mühüm dəyişikliklər qeydə alınır. Bu fonda Avrasiyada Xəzər dənizi, Cənubi Qafqaz üzərindən daşınan yüklərin həcmində, dəyərində sözün əsl mənasında fantastik artımlar qeydə alınır. Qarşıdakı dövr ərzində bu artım yüksək sürətlə davam edəcək. Bütün bunlar təbii olaraq böyük güclərin, digər maraqlı tərəflərin diqqətinin getdikcə daha çox Cənubi Qafqaz üzərində fokuslanmasına səbəb olur.
Heç şübhəsiz ki, məsələnin geosiyasi tərəfi də mövcuddur. Sirr deyil ki, Rusiya və Qərb arasında yaşanan ziddiyyətlərin əsas məkanlarından biri həm də Cənubi Qafqazdır. Hətta Qərbin bu regionda Rusiyaya qarşı Ukraynadan sonra ikinci cəbhə açmaq cəhdlərinin olması da bəlli həqiqətdir. Qeyd edilən istiqamətdə kollektiv Qərbin aktiv fəaliyyəti Ermənistanda özünü qabarıq şəkildə büruzə verir. Hətta yaxın tezlikdə Ermənistanda Ukrayna hadisələrinin təkrarlana biləcəyinə dair xəbərdarlıqların sayı indi daha böyük sürətlə artır. Ermənistan bu gün faktiki olaraq, Qərb himayədarlarının diqtəsi və təlimatları əsasında fəaliyyət göstərir, potensial geosiyasi ziddiyyət məkanına çevrilir.
Cənubi Qafqazın digər ölkəsi olan Gürcüstanı da Qərb öz iradəsinə tabe etdirmək məqsədilə genişmiqyaslı fəaliyyət həyata keçirir. Hətta bunun üçün gürcü xalqının iradəsi heçə sayılır, beynəlxalq hüquq, diplomatik qaydalar kobud şəkildə pozulur. Qonşu ölkədə sonuncu parlament seçkilərinin nəticələrini Qərb ölkələri və institutları qəbul etmək istəmirlər. Halbuki, buna əsas verəcək hər hansı fakt və dəlil də ortaya qoya bilmirlər. Gürcüstanın öz milli maraqlarını əsas tutaraq siyasət yürütməsi, Qərbin istəyinə zidd olaraq anti-Rusiya cəbhəsində yer almaqdan imtinası ABŞ və bir sıra Avropa ölkələri tərəfindən mənfi reaksiya ilə qarşılanır. Ümumiyyətlə, Gürcüstan Ermənistan kimi Qərbin vassalı olmaqdan konkret şəkildə imtina edir, müstəqil bir siyasət yürütməkdə israrlı olduğunu bəyan edir. Bu da Qərbin narazılıq və narahatlığna rəvac verir.
Hazırda Gürcüstanda Qərbin bilavasitə təlimat və göstərişləri ilə vətəndaş qarşıdurması yaradılmasına, siyasi böhranın formalaşdırlmasına cəhd olunur. Müxalif qüvvələrin təşkil etdikləri etiraz aksiyalarına Qərbin Gürcüstandakı diplomatlarının nümayişkarənə şəkildə qatılması qeyd olunanların konkret təzahürlərindən biridir. Bunlara paralel olaraq, Qərb ölkələrinin Gürcüstana müxtəlif formalarda təzyiqləri artır, sanksiyalar siyasəti işə salınır. Məsələn, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını elan edib. Avropa İttifaqının Xarici İşlər Şurasının dekabrın 16-da baş tutacaq iclasında isə Gürcüstanla bağlı məsələ, o cümlədən bu ölkə ilə vizasız gediş-gəliş rejiminin ləğvinin mümkünlüyü müzakirə olunacaq. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin sözlərinə görə, gürcü diplomatlarına qarşı təzyiq kampaniyası da aparılır. Gürcüstan Xarici İşlər Nazirliyi ölkənin diplomatik xidmətinə edilən təzyiqləri və təxribat çağırışlarını pisləsə də, Qərb bunu, beynəlxalq hüququ görməzlikdən gəlir. Halbuki, beynəlxalq hüquqa əsasən, suveren dövlətin təsisatlarının fəaliyyətinə müdaxilə yolverilməzdir.
Bunlara paralel şəkildə Qərbin əsas məqsədlərindən biri də Gürcüstanda hakimiyyət böhranı yaratmaqdır. Prezident Salome Zurabişvili ilə bağlı baş verənlər bunun nümunələrindən biridir. Məsələ burasındadır ki, 6 ildir prezident postunu tutan Zurabişvili səlahiyyət müddətinin bir neçə günə başa çatacağına baxmayaraq, vəzifəsini ondan sonra da tərk etmək istəmir. O, son parlament seçkilərinin nəticələrini qeyri-legitim hesab etdiyini bildirir. Xanım Zurabişvili onu da iddia edib ki, “qeyri-legitim parlamentin yeni prezidentin inauqurasiyasını həyata keçirməsi baş verməyəcək”, çünki legitim parlament yeni prezident seçənədək onun mandatı qüvvədə qalır: “Siyasi prosesin başında duracaq, prezidentiniz kimi qalacağam. Legitim parlament yoxdur, qeyri-legitim parlament yeni prezident seçə bilməz, buna görə də andiçmə olmayacaq”. Qeyd edək ki, Salome Zurabişvili Qərb diplomatları, müxalifət təmsilçiləri ilə sıx təmasdadır. Lakin bütün bunlara baxmayaraq, parlamentdə səs çoxluğu qazanan hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası ölkədə prezident seçkisinin dekabrın 14-də, inauqurasiyanın isə dekabrın 29-da baş tutacağını bəyan edib. Bununla yanaşı, hakim partiya xanım Zurabişvilinin prezidentlik müddətinin dekabrın 16-da başa çatacağını da bildirib. “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası futbol veteranı Mixail Kavelaşvilini prezidentliyə namizədliyini irəli sürməya hazırlaşır.
Beləkilə, baş verənlər Qərbin siyasəti nəticəsində Gürcüstanda qarşıdurma və böhran yaradılmasına cəhd olunduğunu göstərir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bunu həm də onunla izah edir ki, ölkənin müəyyən Qərb qüvvələri tərəfindən ukraynalaşdırılmasına cəhdlər olunur: “Artıq üçüncü ildir ki, Gürcüstanın ukraynalaşdırılmasına nail ola bilməyən avropalı siyasətçilər və bürokratlar davamlı şəkildə ölkəni zəiflətməyə çalışırlar… Radikallar və onların xarici himayədarları hər zaman ölkəni parçalamaq və Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə tapmağa çalışırlar. Amma unudurlar ki, Gürcüstan güclü təsisatları və ən əsası, təcrübəli, müdrik insanları olan, heç kimin gücünü sarsıda bilməyəcəyi müstəqil dövlətdir”. Bütün bunlardan irəli gəlir ki, hakim partiya Gürcüstanın 2028-ci ilə qədər Avropa İttifaqına üzvlük danışıqlarından və Qərb qrantlarından imtina etdiyini açıqlayıb. Baş verən proseslər Azərbaycanda da diqqətlə izlənilir. Qeyd etmək lazımdır ki, Qərb və digər kənar qüvvələr Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin əbəs olduğunu, bunun fiaskodan başqa heç nəyə gətirib çıxarmadığını artıq qəbul ediblər. Lakin qonşu ölkələrdə, xüsusən də Gürcüstanda baş verənlər Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Gürcüstanın ən böyük investorlarından biridir, bu ölkə ixracatımızda mühüm tranzit məkandır, orada xeyli sayda soydaşımız yaşayır. Üstəlik, regionun lider ölkəsi kimi Azərbaycanın Cənubi Qafqazın taleyinə görə daşıdığı məsuliyyət daha da artıb. Bunlar fonunda Azərbaycanın yanaşması belədir ki, region ölkələri koordinasiyalı fəaliyyət göstərməli, konkret məsələlər üzrə vahid mövqe sərgiləməldirlər. Azərbaycan region ölkələri arasında ilkin mərhələdə məşvərət platformasının yaradılmasının, burada müəyyən məsələlər, o cümlədən regiona yönəlik xarici təhdidlərə qarşı vahid mövqe nümayiş etdirilməsinin vacibliyini də bəyan edir və istər Ermənistanda, istərsə də Gürcüstanda baş verənlər bunun nə qədər zəruri olduğunu ortaya qoyur.