COP29 İQLİM DİALOQU İLƏ YANAŞI, HƏM DƏ BEYNƏLXALQ SÜLH TƏDBİRİ OLACAQ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransı (COP)

qlobal miqyasda iqlim dəyişikliyi probleminin həlli üçün ən mühüm forumdur. COP ilk növbədə iqlim dialoqu və bu müstəvidə yaranan problemlərin həll yollarını qarşıya məqsəd qoysa da, Azərbaycan sözügedən platformada qlobal sülh faktorunun geniş yer almasına çalışır. Bu da səbəbsiz deyil. İlk növbədə o baxımdan ki, iqlim fəaliyyəti ilə qlobal sülh arasında bağlılıq getdikcə daha aydın görünür. İqlim dəyişikliyi təkcə ekoloji təhdidlər deyil, həm də beynəlxalq sabitlik, insan təhlükəsizliyi və sülh üçün əhəmiyyətli risklər yaradır. Nəticədə, COP prosesinin iqlim fəaliyyəti ilə qlobal sülhün kəsişməsinə diqqət yetirməsinin labüdlüyü getdikcə ön plana çıxır. COP29-da Azərbaycan bu məsələyə xüsusi diqqət olunmasına çalışır və artıq sözügedən  kontekstdə çoxsaylı dəstək də qazanmaqda davam edir.

Qlobal miqyasda proseslərin inkişaf axarı göstərir ki, dünyanın həssas bölgələrinə, o yerlərdə yaşayan əhaliyə indi daha çox diqqət yönəltmək lazımdır. Məhz bu halda beynəlxalq səviyyədə sabitliyi gücləndirməyə, resurs çatışmazlığı və ya iqlimlə bağlı insanların yerdəyişməsi nəticəsində yaranan ziddiyyətlərin, münaqişələrin qarşısını almaq mümkündür. Məsələn, münaqişələrə meylli regionlarda davamlı kənd təsərrüfatı təcrübələrinə, su idarəetmə sistemlərinə və bərpa olunan enerji layihələrinə sərmayə qoymaq iqtisadi imkanlar yaratmağa və məhdud resurslar üzərində rəqabəti azaltmağa kömək edə bilər. Bu, öz növbəsində, sosial birliyi təşviq edir və münaqişə ehtimalını azaldır.  İqlim adaptasiyasını sülhyaratma strategiyaları ilə birləşdirən strategiyalar, layihələr və proqramlar iqlim dəyişikliyi və təhlükəsizliyin ikili problemlərinin həllinə vahid yanaşma təklif edir.

Bundan əlavə, COP29 ilk dəfə olaraq hərbi əməliyyatların iqlimə zərər verən, atmosferdə zərərli tullantıların artmasına səbəb olan fəaliyyət növü kimi təsnif olunmasını qarşıya məqsəd qoyub. Bu kontekstdə iqlim dəyişikliklərinin mənfi fəsadlarına qarşı mübarizədə müharibə və münaqişələrin, digər silahlı qarşıdurmaların  miqyas və coğrafiyasından asılı olmayaraq dayandırılması Azərbaycanın iqlim strategiyasının, xarici siyasətinin prioritetləri sırasında yer alır. O da xüsusi qeyd olunmalıdır ki, ölkəmiz iqlim böhranının həlli üçün aparılan danışıqlar zamanı silahlı münaqişələrin dayandırılması məqsədilə Qlobal Atəşkəs çağırışı təşəbbüsü ilə də çıxış edib. Bu xüsusda təşəbbüsdə ona diqqət çəkilir ki, Olimpiya Atəşkəs çağırışından nümunə götürülmüş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyasında COP Atəşkəs çağırışı sülh və iqlim fəaliyyətinin vacibliyini vurğulayacaq. Bu təşəbbüs bütün xalqlara münaqişə və iqlim dəyişməsi arasındakı qarşılıqlı əlaqəni xatırlatmaq və ən həssas təbəqələri qorumaq üçün kollektiv həll variantlarının tapılmasının vacibliyini önə çəkmək məqsədi daşıyacaq. Bəşəri sülh və rifaha xidmət edən Azərbaycanın bu təşəbbüsünə yenə beynəlxalq miqyasda böyük dəstək ifadə olunur.

Ölkəmizin qlobal sülh təşəbbüsləri fonunda son aylarda gündəmə gətirilən  məsələlərdən biri də COP29 çərçivəsində və ya ondan əvvəl Azərbaycan-Ermənistan barış müqaviləsinin imzalanmasının mümkünlüyüdür. Əslində, Azərbaycan Ermənistanla sülh məsələsini heç vaxt COP29-la əlaqələndirməyib. Ölkəmiz İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistanla sülh imzalanması və əməkdaşlıq münasibətlərinin qurulması təşəbbüslərinin müəllifi olub. Sadəcə, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etməməsi, ən əsası isə Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi, bunu Konstitusiyasında, bir sıra digər qanunvericilik aktlarında təsbit etməsi  sülhü əngəlləyir. Azərbaycan bu gün də Ermənistanla sülh müqaviləsini imzalamağa hazırdır. Lakin bunun üçün qarşı tərəf ölkəmizə qarşı ərazi iddialarından vaz keçməlidir. Bu olan vaxt sülh müqaviləsinin imzalanmasında da heç bir problem qalmayacaq. İstənilən halda isə COP29 həm də beynəlxalq sülh tədbir olacaq. Bu xüsusda Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Financial Times”qəzetinə ünvanladığı məktubunda yazır ki, Ermənistanla sülh danışıqları  davam edir və mühüm irəliləyiş əldə olunub. Ölkələr arasında sərhədin delimitasiyası üzrə komissiyalar fəal şəkildə işləyir: “Bir çoxları COP29-dan əvvəl rəsmi sülh sazişinin imzalanmasını istəyir. Lakin Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiaları yer alır. Sülh sazişini hansı sürətlə tamamlaya biləcəyimiz, əsasən Ermənistanın bu məsələdə nə qədər sürətlə irəliləyəcəyindən asılıdır. Bunu ləngimə adlandıran tənqidçilər sual verməlidirlər ki, əgər keçmiş düşmən hələ də onların ərazisinə iddia edirsə, onlar sülh müqaviləsi imzalayarlarmı?”.  Prezidentin köməkçisi onu da bir daha diqqətə çatdırıb ki, COP29-dan əvvəl sülh sazişinin imzalanıb-izmzalanmayacağından asılı olmayaraq, bu, sülh COP-u olacaq. Bunu şərtləndirən səbəblərdən biri də odur ki, Azərbaycan sülh və təhlükəsizlik mülahizələrini artıq beynəlxalq səviyyədə iqlim siyasətlərinə inteqrasiya etməyə çalışır. Səbəb də odur ki, qlobal sülh və iqlim sabitliyi mahiyyətcə bir-biri ilə bağlıdır və təcrid olunmuş şəkildə əldə edilə bilməz. Bundan irəli gələrək, Azərbaycan həm iqlim dəyişikliyinin mənfi fəsadlarının aradan qaldırılmasında,  həm də sülhün təşviqində beynəlxalq əməkdaşlığın vacibliyini ön plana çəkir. COP29 həm də belə bir əməkdaşlığı təşviq edir və qlobal sülhlə bağlı məqsədinə çatmaq üçün Azərbaycan sözügedən platformanın yaratdığı imkanlardan maksimal şəkildə faydalanmağa çalışır.