İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova İstanbul Yeditepe Universitetinin Türk Mədəniyyəti Araşdırma Mərkəzinin rəhbəri Ecem Elif Ünal ilə görüşüb.
Görüş zamanı V.Cəfərova Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrində dayanıqlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə aparılan araşdırmalar, iqtisadi tədqiqat mərkəzləri və akademik dairələr arasında əməkdaşlığın artırılması istiqamətində görülən işlər barədə məlumat verib. TDAM rəhbəri qeyd edib ki, İİTKM-in Türk Dövlətləri Təşkilatı Katibliyi ilə birlikdə hazırladığı “Türk iqtisadi icmalı” ildə dörd dəfə səkkiz dildə nəşr edilir. Türk dünyasında iqtisadi inteqrasiyanın sürətləndirilməsi, TDT-yə üzv və müşahidəçi dövlətlərin Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında investisiya imkanları haqqında məlumatlılığının artırılması və Azərbaycanın işğaldan azad olunan ərazilərində yenidənqurma və reinteqrasiya layihələrində iştirakının təşviq edilməsi üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
İstanbul Yeditepe Universitetinin Türk Mədəniyyəti Araşdırma və Tətbiq Mərkəzinin rəhbəri Ecem Elif Ünal təmsil etdiyi qurumun Türk dünyasında fəaliyyət göstərən elmi və mədəni təşkilatlarla əməkdaşlıq etmək, ortaq layihələr həyata keçirmək və təcrübə mübadiləsi aparmaqda maraqlı olduğunu bildirib. Görüşdə Azərbaycan və Türkiyə arasında elmi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsi sahəsində hər iki qurumun həyata keçirəcəyi birgə fəaliyyətlər barədə müzakirələr aparılıb.
Görüşün sonunda TDAM-ın rəhbəri Vüsalə Cəfərova qonağa Mərkəzin Türk Dövlətləri Təşkilatını təmsil edən ölkələrin beyin mərkəzləri ilə birlikdə hazırladığı “Türk Dövlətləri İqtisadiyyatı” kitabını təqdim edib.