İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının “BANK VƏ MALİYYƏ EKOSİSTEMİNDƏ YENİ TRENDLƏR: İNNOVATİV HƏLLƏR, FINTEX VƏ TƏHLÜKƏSİZLİK” mövzusunda FINTEX SAMMİT BAKI 2024-dəki çıxışından əsas tezislər:
“Mckinsey”-nin proqnozuna əsasən, növbəti bir neçə il ərzində Fintexlərin inkişafını təşviq edəcək əsas texnologiyalar aşağıdakılar olacaqdır:
- Süni İntellekt (AI), blokçeyn, bulud hesablaması, əşyaların interneti (IoT), açıq mənbəli proqram təminatı, serversiz arxitektura və s.
- 2024-cü ildə qlobal fintex sahəsində olan əsas trendlər süni intellektin tətbiqinin əhəmiyyətinin artması, mobil ödənişlərə tələbin artmasının davam etməsi, korporativ həllərin fintex şirkətlərinin diqqət mərkəzində qalması, kriptovalyutalar və aktivlərin tokenləşdirilməsi əhəmiyyətini saxlaması və s. müəyyən olunub.
2032-ci ilədək dünya fintex-inin inkişafında kəskin artım gözlənilir
- Qlobal fintex bazarının həcmi 2023-cü il ilə müqayisədə 2032-ci ildə 3.9 dəfə artaraq 1152.1 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.
- Qlobal fintex sektorunun gəlirinin 2028-ci ildə 141.18 milyard ABŞ dollarını keçəcəyi proqnozlaşdırılır.
- Rəqəmsal ödənişlər üzrə qlobal bazarın dəyərinin 2024-cü ilin sonuna qədər 11.53 trilyon ABŞ dollarına çatacağı, 9.52% illik artım tempi ilə 2028-ci ildə 16.59 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır.
- Robo-məsləhətçilər bazarında idarə olunan aktivlərin həcminin 2.3 trilyon ABŞ dollarını keçəcəyi gözlənilir.
- 2022-ci il ilə müqayisədə qlobal transsərhəd ödənişlər bazarının həcminin 2032-ci ildə 2 dəfə artacağı və 356.5 trilyon ABŞ dollarına çatacağı gözlənilir.
- Asiya-Sakit Okeanı regionunun (APAC) 2030-cu ildə ABŞ-ı keçəcəyi və dünyanın aparıcı Fintex bazarına çevriləcəyi gözlənilir.
Azərbaycanda fintex sahəsinin inkişafı üzrə bir sıra mühüm tədbirlər həyata keçirilir
- Azərbaycanda fintex sahəsinin inkişafı üçün əsas olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun qəbul olunub
- Ölkədə dövlət, biznes və vətəndaşlar üçün rahat və əlçatan ödəniş xidmətlərinin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası” hazırlanmış və uğurla icra edilib
- 2024-cü ilin mayından Mərkəzi Bank real şəraitdə yeni fintex məhsul və xidmətlərini sınaqdan keçirməyə imkan verəcək xüsusi tənzimləyici sandbox təqdim edib
- müasir ödəniş həllərini ehtiva edən Ani Ödənişlər Sistemi və blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi yaradılıb
- hazırda Mərkəzi Bank Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə 2024-2028-ci illər üçün fintex strategiyası hazırlayır
- Son 5 ildə ölkə bankları maliyyə texnologiyalarının tətbiqinə 300 mln. manat vəsait xərcləyib
- Azərbaycanda fintex sahəsində fəaliyyət göstərən şirkətlərdən 5-i digər ölkələrin (Türkiyə, Qazaxıstan, Pakistan və Özbəkistan) bazarlarına daxil olub.