Vüsal Qasımlı AİB İnstitutunun baş icraçı direktorunu qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankı İnstitutunun (AİBİ) baş icraçı direktoru Tetsuşi Sonobenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, eləcə də mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. O, İİTKM-in yerli və nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığından və bu əməkdaşlığın ölkənin iqtisadi islahatlarına təsirindən söz açıb. Bildirib ki, mərkəz rəqəmsal iqtisadiyyata keçid, innovasiya və texnologiyaya inteqrasiya kimi məsələlərdə fəal iştirak edir.

Tetsuşi Sonobe isə qarşılıqlı əməkdaşlıq və yeni təşəbbüslərin işlənib hazırlanmasında İİTKM-lə əməkdaşlıq etmək niyyətini ifadə edib. Görüşdə iki qurum arasında ortaq layihələrin və tədqiqatların həyata keçirilməsi imkanları müzakirə olunub.

Sonda qonaqlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində də olub. İİTKM-in şöbə müdiri Nicat Hacızadə Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.

https://ereforms.gov.az/az/media/xeberler/vusal-qasimli-aib-institutunun-bas-icraci-direktorunu-qebul-edib-1058