İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr ayı üçün ilkin rəqəmlərini təqdim edib. İcmala əsasən, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində yeyinti məhsullarının ixracı 13,3% artaraq 698,3 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin ilk 9 ayı ərzində ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 83,3%, pambıq lifi 70,9%, bitki mənşəli yağlar və piylər 31,7%, kimya sənayesi məhsulları 20,9%, spirtli və spirtsiz içkilər 11,6%, emal edilən meyvə-tərəvəz məhsulları 14,6% artıb.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində aqrar-sənaye məhsullarının ixracı 60% artaraq 233,4 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 755,4 milyon ABŞ dolları təşkil edib.
Daha ətraflı: https://ereforms.gov.az/az/media/xeberler/ixrac-icmalinin-oktyabr-ayi-ucun-ilkin-reqemleri-aciqlanib-1178