YALNIZ İANƏLƏRLƏ DOLANMAQ ERMƏNİSTANA DÖVLƏT OLMAĞA İMKAN VERMİR

Nikol Paşinyanın İrəvanda keçirilən “Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumdakı çıxışında Rusiya Federal Təhlükəsizlik Xidmətinin Zəngəzur dəhlizinin təhlükəsizliyinə nəzarət etməsinin mümkünlüyü ilə bağlı bəyanatı Ermənistanın hazırkı geosiyasi vəziyyəti və Moskva ilə olan əlaqələri haqqında ciddi siqnallar verir. Nəzərə almalıyıq ki, bu bəyanat Moskvada keçirilən MDB Dövlət Başçıları Şurası çərçivəsində baş tutan Putin-Paşinyan görüşündən bir neçə gün sonra verilib. O zaman əminliklə demək olar ki, bu məsələ tərəflərin əsas müzakirə mövzularından biri olub və Vladimir Putin Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyini Nikol Paşinyanın diqqətinə çatdırıb. Nikol Paşinyanın bu bəyanatı isə hazırkı məqamda bir tərəfdən Rusiyanın regiondakı təsirini artırmaq niyyətinə işarə edir, digər tərəfdən isə Ermənistanın suverenliyi və təhlükəsizliyi mövzusunu yenidən qabardır. Lakin bütün hallarda Paşinyanın bu bəyanatından Moskvaya qarşı müəyyən yumşalma hiss olunur. Son bir neçə ildə Nikol Paşinyanın Rusiya ilə münasibətləri düşmənçilik səviyyəsinə endirən siyasəti, Zəngəzur dəhlizini Rusiyanın nəzarətinə verməməklə bağlı atdığı çoxsaylı manipulyativ addımlarla müqayisədə bu bəyanat sanki sensassiya kimi qəbul edilməlidir ki, görünür, Ermənistan hakimiyyəti Rusiya ilə münasibətləri daha pis səviyyəyə endirməmək üçün müəyyən səbəblər tapıb. Çox güman ki, bu iqtisadi səbəblərdir. Elə son görüşdə də Vladimir Putin Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin bu il 14-16 milyard olacağını bildirdi və bunu rekord göstərici adlandırdı. Görünür, bu nəticə Nikol Paşinyanın gözlərini qamaşdırıb və Moskva onu inandırmağa çalışıb ki, Rusiyanın nəzarətində olacaq Zəngəzur dəhlizi Ermənistanın da iqtisadi çiçəklənməsi üçün daha əlverişli dvidentlər vəd edir.

Zəngəzur dəhlizi Rusiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu dəhliz yalnız Azərbaycan və Türkiyənin maraqlarına deyil, həm də regionda Rusiyanın hərbi-siyasi mövqelərinin möhkəmlənməsinə şərait yaradır. Rusiya FTX-nin dəhlizə nəzarəti, Moskvanın regiondakı nəqliyyat və enerji marşrutlarına strateji təsirinin genişlənməsinə yol açacaq. Bu isə Cənubi Qafqaza can atan Qərbin, xüsusilə də ABŞ-ın maraqlarının  zəifləməsinə gətirib çıxaracaq ki, bu məsələdə Rusiya hamıdan daha çox maraqlıdır. Paşinyanın son bəyanatı isə Rusiyanın Ermənistana təzyiq göstərmək üçün müəyyən kartlara malik olduğunu ortaya qoyur. Moskvanın Ermənistanın təhlükəsizlik zəmanətlərinə dair tələblərinə cavab olaraq, Zəngəzur dəhlizi məsələsini gündəmə gətirməsi ilk növbədə Ermənistanın seçim imkanlarını məhdudlaşdırır. Yəni Zəngəzur dəhlizinin reallaşması, Ermənistanın bu dəhlizin məhz Rusiyanın nəzarəti altında işləməsinə razılıq verməsi onu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində ediləcək təzyiqlərdən uzaqda tutacaq.

Ermənistanın qərbli tərəfdaşlarının, xüsusilə də ABŞ, Avropa İttifaqı və NATO-nun Nikol Paşinyanın bu bəyanatı nə cür qarşılamasına dair hələ ki, açıq mesajlar yoxdur. Lakin aydındır ki, bu bəyanat onların heç birinin ürəyincə olmayıb və son illərdə Ermənistanın Qərbyönümlü siyasət yürütməsi, regionda Rusiyanın təsirini azaltmaq cəhdləri hansısa formada zədələnəcək. Qərb bununla bağlı Paşinyana sualları olacaq. Bu məqamda ölkənin iqtisadi inkişafına nail olunması ilə bağlı irəli sürüləcək hər bir tezis Paşinyanın lehinə işləyəcək. O, Qərbi cidd-cəhdlə inandırmağa çalışacaq ki, əgər Ermənistanın iqtisadi müstəqilliyinin əldə edilməsi ilə bağlı plan geciksə bu, Ermənistanın dövlət kimi mövcudluğunu sual altında qoyacaq. Çünki yalnız ianələrlə dolanmaq dövlət olmağa imkan vermir.

Digər tərəfdən Zəngəzur dəhlizinə Rusiya FTX-nin nəzarət etməsi Qərbin Cənubi Qafqazda həyata keçirmək istədiyi enerji və nəqliyyat layihələrinə də mənfi təsir göstərə bilər. Xüsusilə, Avropa İttifaqı Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərdə diqqətli davranacaq, çünki bu dəhliz regional enerji təhlükəsizliyinə təsir edən amil hesab edilir. Beləliklə, Nikol Paşinyanın Rusiyanın Zəngəzur dəhlizinə nəzarət edə biləcəyi ilə bağlı bəyanatı Ermənistanın mürəkkəb geosiyasi mövqeyini və Moskvanın regiondakı təsirini bir daha nümayiş etdirir. Bu bəyanat Rusiyanın Ermənistana qarşı təzyiqlərinin təsirli olduğunu göstərir və Ermənistanın Qərblə münasibətlərinə qeyri-müəyyənlik əlavə edir. Ermənistanın qərbli tərəfdaşları bu mövzuda narahatlıq keçirsələr də, Paşinyanın mövqeyi Ermənistanın hazırda seçim imkanlarının nə qədər məhdud olduğunu ortaya qoyur.

Yalnız ianələrlə dolanmaq Ermənistana dövlət olmağa imkan vermir