İkili standartlar, qərəzli və ədalətsiz yanaşmalar dünya miqyasında Qərbə olan etimadın sarsılması ilə müşayiət edilməkdədir. Artıq ölkələrin mütləq əksəriyyəti, xüsusən də qlobal Cənub dövlətləri beynəlxalq düzənin necə olması ilə bağlı Qərb nöqteyi-nəzərini bölüşmürlər. Bunun ümdə səbəblərindən biri Qərbin ikili standartlar siyasəti, Qərb modelinə etibarın itməsidir. Ümumiyyətlə, digər ölkələrə münasibətdə ABŞ və Avropanın yol verdiyi çoxsaylı yanlışlıqlar Qərbin cəzbediciliyini daha sürətlə itirməsinə gətirib çıxarmaqdadır.
Əslində, Qərbin nüfuz və mövqeyinin sarsılmasını onun təmsilçiləri də etiraf edirlər. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bu ilin may ayında Oksford Universitetində çıxışı zamanı qeyd edilən xüsusda maraqlı etiraf edib: “Hara getsəm, ikili standartlar ittihamları ilə üzləşirəm”. Almaniyanın xarici işlər naziri Annalena Baerbok isə Çindəki insan haqlarının vəziyyətini tənqid etdikdən sonra o vaxtkı çinli həmkarı Qin Qanın sərt cavabını dinləmək məcburiyyətində qaldı: “Çinin ən az ehtiyacı olan şey Qərbdən gələn müəllimlərdir”. Bu qəbildən olan misalların sayı kifayət qədərdir.
Artıq dünya nizamının necə olmasına dair Qərb yanaşmasına və ideyasına konkret alternativlər mövcuddur. Məsələn, indi bir sıra ölkələr qlobal səviyyədə Qərb tərəfindən tətbiq olunan qaydalar əvəzinə mütləq suverenlik məsələsini, yəni dövlətlərin daxili işlərinə qarışmamağı və sivilizasiyaların müxtəlifliyinə hörmət olunması konsepsiyanı günədəmə gətirirlər. Bu yanaşma Azərbaycan tərəfindən də bölüşülür, onun dünyada təbliği məqsədilə ölkəmiz tərəfindən də konkret addımlar atılır.
Son illər ərzində dünyada, xüsusən də Avrasiya məkanında baş verən geosiyasi dəyişikliklər çoxqütblü dünya nizamının yaranmasına gətirib çıxarmaqda, Qərbin hökmran mövqeyinə son qoymaqdadır. Bu da səbəbsiz deyil. Çünki Qərbin yaratdığı beynəlxalq qaydalar və qurumlar ilk növbədə onların öz maraqlarına xidmət edir. Bundan əlavə yenə Qərbin elan etdiyi dəyərlərin və standartların elə onların özləri tərəfindən başqalarına münasibətdə tez-tez pozulması halları da olduqca geniş yayılıb və onlar ikili standartların ən bariz nümunələri kimi çıxış edirlər.
Qərb dövlətlərinin bəyanatları ilə hərəkətləri arasında kəskin ziddiyyətlər getdikcə daha geniş vüsət alır. Bu da öz növbəsində Qərbə etimadı alt-üst edir. Ancaq bütün bunlardan müvafiq nəticə çıxarmaq, yol verdiyi yanlışlıqları aradan qaldırmaq əvəzinə Qərbi təmsil edən bir sıra ölkələrin və təşkilatların ikili standartlara söykənən siyasətləri davam edir. Bu, müəyyən Qərb təmsilçilərinin Azərbayacana münasibətində özünü qabarıq şəkildə büruzə verir.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən sonra Qərb ölkələri və təsisatlarının Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi daha aydın müşahidə olunur. Ölkəmizin gələn ay ev sahibliyi edəcəyi COP29 ərəfəsində bu hal daha da intensivləşib. Qeyd olunmalıdır ki, 2012-ci ildə ölkəmizdə baş tutan “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən birinci Avropa Oyunları, həmçinin İslam Həmrəyliyi Oyunları zamanı da Azərbaycan eyni halla üzləşib. Ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirənlər də həmişəki kimi eyni subyektlərdir.
Azərbaycan əleyhinə müxtəlif hədyanlar səsləndirilər sırasında yenə Fransa, ABŞ, Niderland kimi ölkələr, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, eləcə də “Human Rights Watch”, “Amnesty International”, “Freedom Now” və bu qəbildən olan bir sıra təşkilatlar yer alırlar. Onlar tərəfindən Azərbaycana qarşı koordinasiyalı fəaliyyət həyata keçirildiyi müşahidə olunur və bu zaman heç bir əsası olmayan iddiaların səslənməsi adi hala çevrilir.
İş o yerə çatıb ki, Azərbaycanı ittiham etmək məqsədilə bəzi Qərb təmsilçiləri terrorçuları, separatçıları müdafiə etməkdən belə çəkinmirlər. Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatasının Azərbaycan əleyhinə qəbul etdiyi növbəti iki qətnamə bunun konkret nümunəsidir. Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi, Azərbaycan tərəfindən həbs edilmiş Qarabağdakı keçmiş separatçı rejimin nümayəndələrinin və terrorçuların “hərbi əsir” kimi qələmə verilərək azad edilməsinə dair çağırışları bəlkə də ikili standratların kuliminasiya nöqtəsidir. Eyni yanaşma ABŞ, Fransa və bəzi bir sıra Qərb ölkələri, təşkilatları tərəfindən də sərgilənir.
Qərb hələ də qəbul etmək istəmir ki, Azərbaycan kənar təzyiqlərə boyun əyməyib və bundan sonra da əyməyəcək. Əksinə, Azərbaycan müstəqil beynəlxalq hüquqi subyekt kimi dünya siyasətində, iqtisadiyyatında getdikcə daha güclü mövqe sahibinə çevrilir. Belə vəziyyətdə Azərbaycanla bərabərhüquqlu əsasda əməkdaşlıq əvəzinə ölkəmiz əleyhinə qarayaxma kampaniyası aparmaq Qərbin öz mövqeyinə, maraq və mənafelərinə xələl gətirir. Bunun hələ də nəzərə alınmaması qlobal miqyasda Qərbə inamı daha sürətlə sarsıdır.
Qərbin qərəzli anti-Azərbaycan kampaniyası onun öz mövqeyinə, maraq və mənafelərinə xələl gətirir