Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunda olublar.
Tələbələr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşüblər. Ramin Məmmədov bildirib ki, son dövlərdə dünyada diskriminasiyanın, milli-dini ədavətin artan xətlə inkişaf etməsi müşahidə olunmaqdadır. Belə bir hal insanlar arasında uçurum yaradır. Bunların əksinə, multikultural həyatı özünün yaşam tərzinə çevirmiş Azərbaycanda tolerant dəyərlər yaşamaqda və inkişaf etməkdədir. Ölkəmizdə milli-dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, birləşdirici funksiya daşıyır. Bu gün Azərbaycanda bütün dinlərə məxsus tarixi-dini, eləcə də, mədəni abidələrə qayğı və diqqətlə yanaşılır. O diqqətə çatdırıb ki, əhalisinin böyük bir qisminin müsəlmanların təşkil etdiyi Azərbaycanda İslam mədəniyyətinə məxsus olan abidər, eləcə də maddi-mədəniyyət nümunələri ilə yanaşı, digər dinlərə məxsus abidələr də dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə bütün dinlərə məxsus insanlara bayramlarını, dini rituallarını keçirilməsi üçün şərait yaradılır, bu istiqamətdə görülən tədbirlər ardıcıl xarakter daşıyır.
Sonra XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, XV Beynəlxalq Multikulturalizm Məktəbində Azərbaycan, Rusiya, Türkiyə, Çin, Serbiya, Yaponiya, Mərakeş, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Bolqarıstan, Gürcüstan, Pakistan, Amerika Birləşmiş Ştatları, Mozambik və Konqodan olan 30-a yaxın tələbə iştirak edir.
Xatırladaq ki, Mərkəz yarandığı gündən etibarən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı bir sıra layihələr həyata keçirir. BBMM-in mühüm əhəmiyyət kəsb edən layihələrindən biri də artıq ənənə şəklini alan və mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Məktəblərinin təşkil olunmasıdır. Layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün ildə iki dəfə Beynəlxalq Multikulturalizm Məktəbi təşkil olunur. Burada məqsəd tələbə gənclərin nəzəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə şahid olmalarına şərait yaratmaqdır. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.