COP29 KİÇİK ADA ÖLKƏLƏRİNİN XİLAS YOLUNU MÜƏYYƏNLƏŞDİRƏN ƏSAS PLATFORMA OLACAQ

Aparılan tədqiqatlar göstərir ki, qabaqlayıcı tədbirlər görülməsə, yaşadığımız əsrin ortalarına qədər, milyonlarla insanın yaşadığı kiçik ada ölkələrinin böyük əksəriyyəti dəniz səviyyəsinin dəyişməsi səbəbindən daha kəskin şəkildə iqlim dəyişmələrinin nəticələrini hiss edəcəklər. Araşdırmalar  onu da üzə çıxarır ki, gələcək təbii fəlakətlər nəticəsində meydana çıxacaq itkilər kiçik ada dövlətləri üçün həyati təhlükələr yaradır. Hazırda sözügedən müstəvidə yaranan problemlərin həlli kiçik ada ölkələrinin imkanları xaricindədir.

Bir çox kiçik ada dövlətləri iqlim dəyişikliyi ilə mübarizə aparmaq və unikal mədəniyyətlərini qorumaq üçün müxtəlif tədbirlər görürlər. Bununla belə, coğrafi təcrid, məhdud resurslar və iqtisadi imkanlar əksər kiçik ada dövlətlərinin istənilən nəticəyə nail olmasını mümkünsüz edir.  Xüsusən də o kontekstdə  ki, iqlim dəyişikliyinin mənfi nəticələrini aradan qaldırmaq, preventiv tədbirlər görmək bir çox  kiçik ada ölkələrinin maliyyə imkanları xaricindədir. Halbuki, iqlim dəyişikliyində belə dövlətlərin rolu digərləri ilə müqayisədə daha azdır.

İqlim dəyişikliyi ilə mübarizə tədbirlərində kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həllinə təəssüf ki, dünya ictimaiyyəti tərəfindən lazımınca diqqət ayrılmayıb. Lakin COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşan Azərbaycan   sözügedən məsələyə yanaşmanı dəyişməyə, beynəlxalq ictimaiyyətin diqqətini həm də kiçik ada dövlətlərinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlər üzərində cəmləşdirmək məqsədilə konkret addımlar atır. Elə bu kontekstdə Azərbaycanın göstərdiyi fəaliyyət dünyada, o cümlədən kiçik ada dövlətlərində təqdir olunur, alqışlanır. Məhz Azərbaycanın təşəbbüsləri sayəsində kiçik ada dövlətlərinin  iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərin əsaslı şəkildə həlli gözlənilir. Pre-COP29 tədbirinin iştirakçılarına ünvanladığı müraciətində bununla bağlı Prezident İlham Əliyev qeyd edir: “Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstək göstərir… Bununla belə, qarşımızda duran əsas vəzifə inkişaf etməkdə olan, ən az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasından ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım tələb edir”.

Azərbaycanın kiçik ada dövlətlərinin  iqlim dəyişikliyi ilə bağlı üzləşdiyi problemlərə xüsusi diqqət yetirməsi təsadüfi deyil. Məsələ burasındadır ki, dəniz səviyyəsinin qalxması, daşqınlara və sahil eroziyasına səbəb olan fırtınaların intensivliyinin və digər kəskin hava hadisələrinin artması indi daha çox müşahidə olunur. Dünya Okeanının səviyyəsi 100 ildən artıqdır ki, durmadan yüksəlir. Təkcə ötən əsrdə bu artım 17 santimetr təşkil edib. Artımın davam etməsi ölkələrin əksəriyyətinə ciddi təsir edəcək. Məsələn,  dəniz səviyyəsi 1 metr qalxarsa, Misirin əkin sahələrinin 15 faizi, Banqladeşin əkin sahələrinin 14 faizi su altında qalacaq və milyonlarla insan öz evindən didərgin düşəcək.

Qalxma davam edərsə, duzlu dəniz suyu dünyanın bir çox bölgələrində şirin suyun əsas mənbəyi olan sahil qrunt sularına qarışacaq, onları yarasız hala salacaq. İqlim dəyişmələri nəticəsində hələ ki, dəniz səviyyəsinin qalxması davam edir. Ümumiyyətlə, dəniz səviyyəsi 19-cu əsrin ortalarından bəri əvvəlki iki minilliyin orta səviyyəsindən daha sürətlə artıb. Bütün bunlar kiçik ada dövlətlərinə digərləri ilə müqayisədə daha çox təsir edir.

Dəniz səviyyəsinin yüksəlməsi təkcə insanlara və onların iqtisadi fəaliyyətlərinə deyil, həm də quruda və dənizdə olan sahil ekosistemlərinə ciddi təsir edir. Sahil ovalıqlarında ekosistemlər xüsusilə həssasdır. Bir qayda olaraq, onlar dəniz səviyyəsindən yalnız bir neçə santimetr yüksəklikdə yerləşirlər. Bu düzənliklərdə bir çox heyvan və bitki növləri yaşayır və qida maddələrinin əldə olunmasında əsas rol oynayırlar. Kiçik ada dövlətlərinin timsalında bunları aydın görmək olar.

Araşdırmalar üzə çıxarır ki, qlobal temperatur daha 2 dərəcə artarsa, isti su mərcan riflərinin 99 faizə qədəri öləcək. Mərcan itkisi və dəniz səviyyəsinin qalxması kiçik ada dövlətlərini yox olmaq təhlükəsi ilə üz-üzə qoyur. Çünki  inkişaf etməkdə olan bu kiçik ada dövlətlərinin çoxu qida və gəlir mənbələrinin əsasını təşkil edən balıqçılıq üçün mərcan qayalarından asılıdırlar. Kiçik ada dövlətlərinin üzləşdiyi bu və digər problemlər Azərbaycanın təşəbbüsü ilə COP29-da əsas diqqət mərkəzində yer alan məsələlərdən biri olacaq.

Qeyd olunmalıdır ki, Azərbaycan COP29 üçün sülh, maliyyə, insan kapitalı, su və bir sıra digər məsələləri ehtiva edən 14 təşəbbüsdən ibarət iddialı Fəaliyyət Gündəliyi hazırlayıb. Burada iqlim dəyişikliyi kontekstində dünyanı narahat edən əsas məsələlər öz əksini tapıb. Azərbaycan artıq bu məsələlərin, o cümlədən də kiçik ada dövlətlərinin  üzləşdiyi problemlərin aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində konkret qərarların qəbul olunaraq icraya yönəldilməsini vacib hesab edir, bu səpkidə müvafiq addımlar atır.