ADA Universiteti Azərbaycan Respublikasının Mərkəzi Bankının (Mərkəzi Bank) əməkdaşları üçün səriştələrin artırılmasına istiqamətlənmiş təlim proqramına başlayıb.
Bu münasibətlə sentyabrın 20-si ADA Universitetində açılış mərasimi baş tutub.
Mərasimdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, sözügedən təlim proqramı interaktivliyi və tədris metodikası baxımından fərqlənir. Təlimlərin məqsədi bilik və təcrübə mübadiləsini həyata keçirmək, peşəkar səriştələri müasir dövrlə uzlaşdırmaqdır.
Tədbirdə Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədovun virtual müraciəti səsləndirilib. Baş direktor ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasında görülən işlərin fəal iştirakçısı olan həmkarları ilə uğurlu liderlik bacarıqlarına dair tövsiyələrini paylaşıb.
Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev qeyd edib ki, 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyasından irəli gələn layihələrin uğurla icrasında rəhbər şəxslərin korporativ idarəetmə standartlarını öz fəaliyyətlərinin əsası kimi qəbul etməsi həlledici rol oynayır. Bu səbəbdən də ADA Universitetində keçiriləcək təlim proqramı Milli Bank əməkdaşları üçün olduqca əhəmiyyətlidir.
Milli Bankın baş direktoru Gülər Paşayeva çıxışı zamanı bildirib ki, baş verən müasir proseslərin sürəti idarəetmədəki peşəkarlardan daim öz potensiallarını artırmağı, bacarıqlarını yeniləməyi tələb edir. Bu baxımdan, şöbə və bölmə rəhbərlərinin burada bilik və bacarıq qazanmaları və onları öz komandaları ilə də bölüşmələri ümumilikdə bütün heyətin inkişafına təsir edəcək.
İxtisasartırma Proqramının rəhbəri Nərgiz İsmayılova ADA Universitetinin və İxtisasartırma Proqramının tarixçəsindən, eləcə də bu gün başlayan təlim proqramının məzmunundan bəhs edib.
Nərgiz İsmayılova bildirib ki, bu proqram yalnız öyrənmə, inkişaf etmə platforması deyil, eyni zamanda, Mərkəzi Bankın lider komandasını bir araya gətirən, onlar arasındakı peşəkar ünsiyyəti daha da intensivləşdirən akademik vasitədir.
Qeyd edək ki, ictimai, akademik və biznes sektorunu təmsil edən peşəkar təlimçilər proqramda iştirak edən 130 Mərkəzi Bank əməkdaşına iki ay ərzində doqquz fərqli mövzu üzrə təlimlər keçəcəklər.
Bu ilin sonunadək davam edəcək proqramın məzmunu liderlik bacarıqlarının inkişafı, biznes etikası, emosional zəka, qərar qəbulu və strateji idarəetmə kimi mövzuları əhatə edəcək.
Bununla yanaşı, Mərkəzi Bank əməkdaşları 5 qrupa ayrılaraq böhran vəziyyətinin idarə edilməsi, effektiv liderlik kommunikasiyasi və ictimai natiqlik kimi mövzuları ehtiva edən təlimlərdə də iştirak edəcəklər.